Məhkəmə qərarları › İş №e-2-2(113)-181/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-181/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-181/2022 07.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “İddiaçı” MMC Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 3000 ABŞ dolları əsas, 300 ABŞ dolları cərimə və 150 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3450 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Yük daşıma xidmətləri müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin xərcləri hesabına onun karqo xidmətlərini yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və ya digər istənilən növ nəqliyyat vasitəsi ilə həyata keçirir, cavabdeh isə bu xidmətlərin haqqını həmin müqavilənin 3-cü maddəsinin şərtlərinə uyğun ödənişləri həyata keçirməlidir. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq iddiaçının daşıma xidmətləri üçün vaxtında ödəniş etməlidir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndinə əsasən daşıma xidmələrinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq Əlavələr ilə müəyyənləşdirilr. Xidmət sifarişi və əlavələr bu müqavilənin tərkib hissəsidir. İddiaçı cavabdehə 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsinə əsasən göstərdiyi xidmətlərin müqabili 26.03.2021-ci il tarixli TBL4659 saylı qəbul aktına əsasən 150 ABŞ Dolları, 09.04.2021-ci il tarixli TBL4703 saylı qəbul aktına əsasən 350 ABŞ Dolları, 09.04.2021-ci il tarixli TBL4704 saylı qəbul aktına əsasən 500 ABŞ Dolları, 12.04.2021-ci il tarixli TBL4715 saylı qəbul aktına əsasən 1000 ABŞ Dolları, 03.05.2021-ci il tarixli TBL4778 saylı qəbul aktına əsasən 4000 ABŞ dolları, 04.05.2021-ci il tarixli TBL4787 saylı qəbul aktına əsasən 550 ABŞ Dolları, ümumilikdə 6550 ABŞ Dolları təşkiletmişdir. Cavabdeh 26.03.2021-ci il tarixli TBL4659 saylı qəbul aktına əsasən 150 ABŞ Dolları, 09.04.2021-ci il tarixli TBL4703 saylı qəbul aktına əsasən 350 ABŞ Dolları, 09.04.2021-ci il tarixli TBL4704 saylı qəbul aktına əsasən 500 ABŞ Dolları, 12.04.2021-ci il tarixli TBL4715 saylı qəbul aktına əsasən 1000 ABŞ Dolları, ümumilikdə 2000 ABŞ dolları, 03.05.2021-ci il tarixli TBL4778 saylı qəbul aktına əsasən 4000 ABŞ dolları vəsaitdən isə qismən, yəni 1000 ABŞ dolları ödəmişdir. 04.05.2021-ci il tarixli TBL4787 saylı qəbul aktına əsasən 550 ABŞ Dolları vəsaitdən isə heç bir ödəniş etməmişdir. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən ümumilikdə 3550 ABŞ Dolları vəsaiti iddiaçıya ödəməmişdir. Yük daşıma xidmətləri müqaviləsinin 4.1-ci bəndinə uyğun оlaraq gecikmiş ödəniş olan halda, iddiaçının müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində cavabdehdən cəza ödənişi tələb etmək hüququ vardır, lakin bu ödəniş müvafiq əlavəyə əsasən Xidmətlərin ümumi qiymətinin 10 %-ni keçməməlidir. Yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış cərimə 355 ABŞ Dolları təşkil edir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə iddiaçıya zərər vurmuşdur Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış əldən çıxmış fayda 177 ABŞ Dolları təşkil edir. İddiaçı Cavabdeh MMC cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 6995 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilmişdir). Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında olan razılaşmaya əsasən sifarişçinin Türkiyə Respublikasından aldığı malın hava nəqliyyatı vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan danışıqlara əsasən malın 28.04.2021-ci il tarixdə təhvil verilməsi razılaşdırılmışdır. Cavabdehin səlahiyyətli şəxsi tərəfindən göndərilmiş izləmə cədvəli üzrə malın 28.04.2021-ci il tarixdə çatdığı ifadə olunur. Həmçinin C.Əzimov tərəfindən avia-qaimə göndərilmişdir ki, bunun əsasında iddiaçı həmin sənədləri əldə edərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olur. Cavabdeh danışıqlara əsasən 29.04.2021-ci il tarixdə malın götürülməsi üçün müraciəti zamanı heç bir malın göndərilmədiyi məlum olur, bununla əlaqədar yenidən cavabdehə müraciət edildikdə, malın çatdırıldığı bildirilmiş, daha sonra tərəflərindən malın hələ ölkəyə gətirilmədiyi, yalnız 02.05.2021-ci il tarixdə çatacağı bildirilmişdir. Halbuki, əvvəlcədən onlara malın 28.04.2021-ci il tarixdə hava nəqliyyatı vasitəsilə gətirilə biləcəyi bildirilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əməl etməyərək, onlara malın vaxtında çatdırıla bilməməsi barədə məlumat verməli olduğu halda, onlara bu barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən iddiaçı 6995 manat ziyan çəkmişdir. Belə ki, qarşılıqlı iddiaçı ilə “Prokon” LLC arasında xidmət müqaviləsi mövcuddur. Həmin müqavilə üzrə qarşılıqlı iddiaçının cavabdeh tərəfindən çatdırılmalı olan yükün (qapının) 02.05.2021-ci il tarixədək quraşdırmaq vəzifəsi olmuşdur. Lakin yük çatdırılmadığından iddiaçı fərdi sahibkar X2 ilə 30.04.2021-ci il tarixli müqavilə bağlayaraq ona binanın giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinin görülməsini tapşırmışdır. 02.05.2021-ci il tarixdə M.Əhmədov bütün işləri görüb təhvil vermişdir. Bununla da, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya 6995 manat ziyan dəymişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən sifarişçinin gətirilməsini onlara sifariş verdiyi qapının Türkiyə Respublikasından hava nəqliyyatı vasitəsilə 28.04.2021-ci il tarixədək çatdırılması razılaşdırılmışdır. Həmin öhdəliyin vaxtında icra edilməsi ilə bağlı iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etmişdir. Belə ki, pandemiya şəraitində yüklərin ölkəyə çatdırılması yalnız Silkway vasitəsilə mümkün olmuş, daşımanı da məhz həmin şirkət icra etmişdir. Belə ki, onlara Silkway tərəfindən 28.04.2021-ci il tarixdə cavabdehin malının Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat verilmişdir. Pandemiya şəraitində internet üzərindən malın olduğu yerin izlənilməsi mümkün olmadığından malın hava nəqliyyatı vasitəsilə yüklənib yüklənməməsi barədə məlumatları izləyə bilməmişlər. Çatdırılma cədvəlində yükün 28.04.2021-ci il tarixdə saat 17:52-də Bakıya çatdırıldığı əks olunmuşdur. Malın 28.04.2021-ci il tarixdə çatdırılmasını cavabdehə bildirmiş, cavabdeh daha sonra yükün rəsmiləşdirilməsi üçün müraciət etdikdə malın çatdırılmadığı məlum olmuşdur. Onlara malın çatdırılmaması barədə Silkway tərəfindən hər hansı məlumat verilmədiyi üçün onlar da malın çatdırılmamasından məlumatsız olmuşlar. Tərəflərindən bu hal aydınlaşdırıldıqda, 28.04.2021-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına iki yük təyyarəsinin uçmalı olduğu, hər iki təyyarənin yükləndiyi, lakin onlardan yalnız birinin həmin tarixdə uçuş etdiyi məlum olmuş, onların çatdırmalı olduğu mal həmin tarixdə uçuş etməyən təyyarədə qalması səbəbindən mal (qapı) bir neçə gün gecikmə ilə çatdırılmışdır. Silkway tərəfindən daha sonra onlara gecikmə ilə bağlı üzrxahlıq edilərək, daşıma ilə bağlı cüzi endirim edilmiş, onlar da cavabdehin daşımaya görə ödəməli olduğu 4300 ABŞ dollarından 300 ABŞ dollarını cavabdehə güzəşt etmişlər. Lakin həmin 4000 ABŞ dollarından yalnız 1000 ABŞ dolları ödənilmişdir. Onlar arasında artıq işgüzar münasibətlər pozulduğundan, cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədiyindən, gələcəkdə də belə problemlərlə qarşılaşmamaları üçün müqavilənin ləğv edilməsini xahiş edirlər. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk iddia ərizəsi əsassızdır, belə ki, yük 28.04.2021-ci il tarixdə çatdırılmalı olduğu halda, bir neçə gün gecikmə ilə çatdırılmış, bu səbəbdən daşımaya görə tərəflərindən 4000 ABŞ dolları daşıma xərcindən yalnız 1000 ABŞ dolları ödənilmiş, qalan 3000 ABŞ dolları vəsaitin ödənilməsindən gecikmə səsəbi ilə imtina edilmişdir. Belə ki, onlar yükün çatdırılması təcili olduğu üçün çatdırılmanın quru nəqliyyatı ilə deyil, hava nəqliyyatı ilə olmasını razılaşmışlar, əgər quru nəqliyyatı ilə həmin yük gətirilsəydi, onlar 700 ABŞ dolları vəsait ödəməli idilər, belə ki, əvvəlki daşımalar məhz quru nəqliyyatı ilə edilmişdir, lakin hazırda cavabdehin çəkdiyi xərclərə görə yalnız 1000 ABŞ dolları ödəmişlər. Bundan əlavə, onlar “Prokon” LLC qarşısında üzərilərinə düşən öhdəlikləri icra etmək üçün fərdi sahibkar M.Əhmədovla müqavilə bağlamış, binanın girişində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması üçün ona 6995 manat vəsait ödənilmişdir. Belə ki, işlər təcili görülməli olduğu üçün onlar həmin vəsaiti ödəyəmə razılaşmışlar. Həmin vəsait nağd qaydada ödənilmiş, işlər təcili həyata keçirildiyi üçün onlara elektron qaimə göndərilməmişdir. Bundan əlavə, qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinə lazım olan bütün material (şüşələr, fırlanan qapı, profillər) sökülərək atılmış, metalloma verilmişdir, belə ki, həmin materialların təkrar istifadəsi mümkünsüzdür. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi T.Ağakişiyev nümayəndə və vəkilin dedikləri ilə razılaşdığını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara çatdırılmanın 28.04.2021-ci il tarixdə mümkün olmaması barədə məlumat verilməmişdir, belə ki, həmin yükün rəsmiləşdirilməsi üçün 28.04.2021-ci il tarixdə müraciət etdikdə, ona məlum olmuşdur ki, yük çatdırılmamışdır, iddiaçıya təkrar bu barədə bildirdikdə, malın çatdırıldığı bildirilmişdir. Daha sonra ona məlum olmuşdur ki, yük çatdırılmamışdır. Belə ki, mal artıq təyyarə yükləndiyi üçün daşımadan imtina etməmiş, bir neçə gün ilə gecikmə ilə gəlmiş malı qəbul etmişdir. Mal gecikmə ilə çatdırıldığı üçün ödəməli olduğu 4000 ABŞ dolları puldan yalnız 1000 ABŞ dolları ödəmiş, qalan vəsaiti ödəməkdən gecikmə səbəbi ilə imtina etmişdir. Malın 28.04.2021-ci il tarixdə çatdırılmasının onlar üçün vacib olmasını bildiyi halda iddiaçı, bu öhdəliyi üzərinə götürmüş, əvvəlki daşımalardan fərqli olaraq bu dəfə hava nəqliyyatı ilə daşıma həyata keçirilmişdir. Əgər gecikmələrin olmasını bilsəydi, bu qədər xərc çəkməz, 700 ABŞ dolları vəsaitlə digər nəqliyyatla gətirilməsini sifariş verərdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və sifarişçi hazırkı müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınma şərtləri, marşrut, yük nomenklaturası, həcmi, dərəcələri, Xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflər arasında razılaşdırılır və hazırkı müqavilənin əlavəsi kimi rəsmiləşdirilən Xidmət Sifarişində göstərilir. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi yükünün daşınmasını Xidmət Sifarişinə və müvafiq Əlavəyə uyğun olaraq təşkil etmək, icra olunan işlər üzrə hesab-fakturanın əslini və aktı (“Göstərilmiş Xidmətlər haqqında Akt”) təqdim etmək, yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməməsinə təsir edə biləcək bütün hallar barədə sifarişçiyə dərhal yazılı məlumat vermək vəzifələrini daşıyır. Müqavilənin 2.3.6-cı bəndinə əsasən hazırkı Müqavilənin 3-cü maddəsinə və müvafiq Əlavəyə əsasən ekspeditora xidmət haqqını vaxtında ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş şərtləri: Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki tərəfin imzaladığı və ödəniş üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 təqvim günü ərzində. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, ekspeditor müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0,1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq Əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %dən çox olmayaraq sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir. 03.05.2021-ci il tarixli 4778 saylı qəbul aktına əsasən 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqaviləyə əsasən Türkiyə Respoublikasından (İstanbul) Azərbaycan Respublikasına (Bakı) müvafiq daşıma həyata keçirilmiş, cəmi ödənilməli olan daşıma haqqı 4000 ABŞ dolları təşkil edir. Materiallarda olan Silkway Airlines tərəfindən verilmiş sənədə əsasən, “Monador Otomatik kapı sistemləri San ve Tic. A.S” tərəfindən göndərilən Cavabdeh MMC-yə çatdırılmalı olan yükün çatdırılma tarixi və yeri kimi 28.04.2021-ci il, Heydər Əliyev adına X4 göstərilmişdir. İlk iddiaçı tərəfindən cavabdehə göndərilmiş 19.05.2021-ci il tarixli xəbərdarlıqda daşıma haqlarının ödənilməsi, əks təqdirdə müqaviləyə xitam verilməsi və həmin məbləğlərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Materiallarda olan “Bank of Georgia” tərəfindən verilmiş hesabdan çıxarışa əsasən 1000 ABŞ dolları məbləğində vəsait cavabdeh tərəfindən 22.06.2021-ci il tarixdə ilk iddiaçının bank hesabına köçürülmüşdür. Qarşılıqlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş 25.08.2021-ci il tarixli xəbərdarlıqda daşımanın vaxtında həyata keçirilməməsi nəticəsində iddiaçıya dəymiş 7000 manat pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Materiallarda olan 17/2021 saylı, 30.04.2021-ci il tarixli müqaviləyə əsasən, sifarişçi (qarşılıqlı iddiaçı) tapşırır, icraçı (X2) isə Ravy Tover layihəsi üzrə Ravy Tover binasının giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərini yerinə yetirir. İşlər qiymət razılaşma protokolunda qeyd edilmişdir. Müqaviləyə 30.04.2021-ci il tarixli X1 əsasən, görüləcək işlərin dəyəri ümumi olaraq 6995 manat müəyyən edilmişdir. 02.05.2021-ci il tarixə yerinə yetirilən işlər haqqında Forma 2-yə əsasən 17/2021 saylı, 30.04.2021-ci il tarixli müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ödənilməli olan vəsait ümumilikdə 6995 manat təşkil edir. 03.05.2021-ci il tarixli kassa məxaric orderi qəbzinə əsasən 6995 manat pul qarşılıqlı iddiaçı tərəfindən M.Əhmədova ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, logistika üzrə menecer vəzifəsində çalışır. Sifarişləri whatsapp sosial şəbəkəsi və ya e-mail vasitəsi ilə qəbul edirlər. Cavabdeh ilə aralarında müqavilə bağlanılıb və sifariş olunan malların daşınmasını öz öhdələrinə götürmüşlər. Sifarişi onlar 28.04.2021-ci il tarixində Bakıya çatdırmalı idilər, lakin onlardan asılı olmayan səbəblərdən həmin gün mal Bakıya çatdırılmamışdır. Səbəbini aydınlaşdırmaq üçün “Silk Way” avia şirkətinin əməkdaşları ilə əlaqə saxlamış, onlar həmin gün uçuşu nəzərdə tutulan iki yük hava gəmisinin reyslərindən birinin texniki səbəblərdən təxirə salındığını və bu səbəbdən daşınma haqqına görə müəyyən endirim edə biləcəklərini ona bildirmişlər. Hava nəqliyyatı ilə yüklərin daşınmasının qiyməti 4300 ABŞ dolları təşkil etmiş və onlar cavabdehə 300 ABŞ dolları endirim edərək ondan 4000 ABŞ dollarının ödəməsini tələb etmişlər. Lakin dəfələrlə müraciət etmələrinə baxmayaraq qarşı tərəf həmin pulu ödəməkdən boyun qaçırtmış və cəmi 1000 ABŞ dolları məbləğində pulu ödəmişdir. Daşımanın 28.04.2021-ci il tarixdə həyata keçirilməyəcəyi barədə cavabdehə vaxtında xəbər verməmələrinin səbəbi odur ki, “SilkWay” avia şirkəti də onlara malın çatdırılmadığını vaxtında xəbər verməmişdir. Həmin mal gəlməli olduğu gün müvafiq sənədləri cavabdehin nümayəndəsinə vermiş, o da “SilkWay” avia şirkətinə getmiş, orada məlum olmuşdur ki, mal çatdırılmayıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, cavabdehin nümayəndəsi Telman bəy ona müraciət edərək qapı düzəltməyini xahiş etmiş və o, həmin obyektə gedərək ölçüləri götürmüşdür. Ona həmin qapının quraşdırılmasının təcili olduğu bildirilmişdir. O, Telman bəyə qapını bir günə quraşdıra biləcəyini və işin təcili görülməsini nəzərə alaraq ödəniləcək məbləği ona bildirmişdir. 30.04.2021-ci il tarixində Cavabdeh MMC ilə müqavilə bağlamış, daha sonra o, zəruri materialları sifariş etmiş, 01.05.2021-ci il tarixdə həmin qapını cavabdeh müəssisəyə quraşdırmışdır. O, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qarşı tərəfdən ödənişi nağd şəkildə almışdır. Elektron qaimə göndərməməyinin səbəbi isə ödənişin gecikdirilməsinin qarşısını almaq olmuşdur. Daha sonra qapı tərəfindən sökülmüş, köhnə materialları isə metalloma vermişdir. Buna səbəb isə həmin materialların təkrar istifadəsinin mümkünsüzlüyü idi. Sifariş verdiyi və aldığı mallara dair hər hansı qəbz yoxdur. Aldığı malların işçilik daxil qiyməti həmin malların xalis qiyməti və həmin malların daşınmasına, quraşdırılmasına sərf olunan xərclərdən ibarətdir. Əvvəlcə tərəfindən qapı qoyulacaq yerə baxış keçirilmiş, növbəti gün isə bir sutkaya işlər görülmüşdür. Bütün ləvazimat tərəfindən Dərnəgül yolunda olan mağazalardan şəxsən alınmış, amma bu barədə qəbzlər onda yoxdur, həmin qəbzləri cavabdehə də təqdim etməmişdir. Usta və fəhlələr orada bütün gecəni işləmişlər. İş təcili olduğu üçün qarşı tərəfdən 7000 manat pul almışdır. Təcili olmasaydı, həmin işlər 3000-3500 manata başa gələrdi. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Göründüyü kimi, tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə müxtəlif vaxtlarda sifarişçinin sifarişi ilə müxtəlif məbləğlərdə daşımalar həyata keçirilmişdir. Həmin daşımaların qiyməti tərəflər arasında razılaşdırılmış, daha sonra daşımalar həyata keçirildikdən sonra ilk iddiaçının təqdim etdiyi qəbul aktları əsasında sifarişçi (qarşılıqlı iddiaçı) tərəfindən ödənilmişdir. Sifarişçinin verdiyi sifariş əsasında malın (qapının) 28.04.2021-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına hava nəqliyyatı vasitəsilə 4000 ABŞ dollarına gətirilməsi razılaşdırılmışdır. Həmin daşıma 02.05.2021-ci il tarixdə həyata keçirilmiş, daşıma haqqından 1000 ABŞ dolları ödənilmiş, cavabdeh tərəfindən qalan pulun malın gecikmə ilə çatdırılması əsası ilə ödənilməsindən imtina edilmişdir. İşin hallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən daşıma ilə çatdırılmış malı təhvil almış və həmin malın çatdırılması ilə bağlı iddiaçıya hər hansı irad bildirməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən ekspeditordan göstərilmiş xidmətlər haqqında akt alındıqdan sonra 1 iş günü ərzində sifarişçi imzalanmış aktın imzalanmış nüsxəsini və ya xidmətləri qəbul etməkdən əsaslandırılmış imtinanı geri qaytarmalıdır. Cavabdeh ilk iddiaya etiraz edərək, iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əməl etməyərək, onlara malın vaxtında çatdırıla bilməməsi barədə məlumat verməli olduğu halda, onlara bu barədə hər hansı məlumat verilmədiyini bildirmiş, iddiaçı həmin məlumatın onda olmaması səbəbindən müqavilə üzrə bu hissədə öhdəliyinin icra edilmədiyini göstərmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, malın çatdırılmasının 28.04.2021-ci il tarixdə mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, iddiaçı öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3000 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 3000 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən ilk iddia ərizəsində tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin ləğv edilməsi tələbi də irəli sürülmüşdür. Belə ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, ilk iddiaçı iddia ərizəsində 300 ABŞ dolları cərimə və 150 ABŞ dolları məbləğində əldən çıxmış faydanın da ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, ilk iddiaçı məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 150 ABŞ dolları pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda da qeyd olunduğu kimi, ilk iddianın əsaslı olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır. Belə ki, qarşılıqlı iddiaçı daşımanın vaxtında həyata keçirilməməsi nəticəsində ona 6995 manat məbləğində zərər dəydiyini iddia edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi müəyyən edir. Həmin Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün:

1. zərərin özünün mövcudluğu;

2. zərər vuranın təqsirli və hüquqa zidd əməli;

3. əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı “Ekspeditor xidmətlərinə dair” Müqaviləyə xitam verilməli, Cavabdeh MMC-dən 3000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı “İddiaçı” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı “Ekspeditor xidmətlərinə dair” Müqaviləyə xitam verilsin. Cavabdeh MMC-dən 3000 (üç min) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar