Məhkəmə qərarları › İş №e-2-2(113)-1811/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1811/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1811/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC və İddiaçı MMC-nin X5 və Emalı Fabriki ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 197 nömrəli xam-pambığın alqı-satqısına dair üçtərəfli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, “Fermer” mülkiyyətində, istifadəsində və icarəsində olan 80.0 ha torpaq sahəsində pambıq əkib “Alıcıya” satmağı, “Alıcı” isə “Fermerin” istehsal etdiyi xam pambığı qəbul etməyi və müqavilə ilə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, “Fermer” mülkiyyətində olan və ya icarə müqaviləsi əsasında istifadə etdiyi 30.0 ha torpaq sahəsində öz qüvvəsi ilə pambıq əkir və hər hektarda 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib alıcının mülkiyyətinə verir. 3.1-ci bəndinə əsasən, “Fermer” Müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlükə 01 noyabr 2023-cü il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində qatqılar olmadan standarta uyğun şəkildə “Tədarükçüyə” təhvil verir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. 24 dekabr 2024-cü il tarixli, 13 nömrəli maliyyə arayışına əsasən, 43925,73 manat məbləğində pul vəsaiti X4 avans olaraq verilmiş, X7 tərəfindən 23454,91 kq, 18763,92 manat İ-ci növ, 10848,47 kq, 8461,80 manat İİ-ci növ, cəmi olaraq 27225,72 manat dəyərində xam-pambıq təhvil verilmişdir. Həmçinin maliyyə arayışına əsasən borclu X3 müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 16700 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır.

3. İddiaçı MMC tərəfindən X4 borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 16699,97 manat məbləğində borcun 5 gün ərzində xam-pambıq şəklində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. İddiaçı MMC ilə X8 arasında imzalanmış xx.xx.2025-cü il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə olan borcu 13900 manat təşkil edir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

5. 30.01.2025-tarixli hesaba mədaxil qəbzindən görünür ki, X7 tərəfindən İddiaçı MMC-nin hesabına 2800 manat məbləğində ödəniş həyata keçirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC cavabdeh X4 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16700 manat məbləğində borc və 140,10 manat məbləğində dövlət rüsumunun cavabdeh Tağıyev Cəlal oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin X5 və Emalı Fabriki ilə Cavabdeh2 arasında bağlanmış 3 tərəfli xx.xx.2023-cü il tarixli, 197 nömrəli xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 30 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu Cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh Cəmiyyətdən 43925,73 manat məbləğində vəsaiti (avans, iş və xidmət) olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (avans, iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq pambıq mövsümü başa çatsa da, 23454,91 kq, 18763,92 manat İ-ci növ, 10848,47 kq, 8461,80 manat İİ-ci növ, cəmi olaraq 27225,72 manat dəyərində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırki dövrə kimi 16700 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh Cəmiyyətə olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Bu kateqoriya işlər üçün pretenziya qaydası nəzərdə tutulduğu üçün, mübahisəni məhkəməyə qədər həll edilməsi və yaranmış borcun ödənilməsi məqsədilə cavabehin ünvanına rəsmi qaydada məktub ünvanlanmış, lakin buna baxmayaraq halhazıradək həmin məbləğ cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 443.1-ci maddələrinə istinad etmişdir.

9. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Tağıyev Cəlal oğlundan 13900 manat məbləğində borc və 140,10 manat məbləğində dövlət rüsumunun alınaraq Apeks-Agro” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək, izahatında bildirmişdir ki, iddia tələbi üzrə borc məbləğinin mövcudluğunu qəbul edir. Həmçinin məhkəmə icraatının gedişində cavabdeh məhkəməyə borcun etirafı barədə yazılı ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, İddiaçı MMC-yə 13900 manat məbləğində borcu qalmış və iddia tələbinin 13900 manat hissəsində təmin edilməsini xahiş edir.

II. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: -567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və İddiaçı MMC-nin X5 və Emalı Fabriki ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 197 nömrəli xam-pambığın alqı-satqısına dair üçtərəfli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Apeks-Agro” MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, hesablaşma hesabına köçürülmüş avans məbləği - 21500 manat, aqrotexniki xidmətlərin, kimyəvi preparatların dəyəri - 22425,73 manat olmaqla, ümumillikdə 43925,73 manat məbləğində pul vəsaiti X4 avans olaraq ödənilmiş, lakin cavabdeh tərəfindən cəmi 27225,72 manat dəyərində xam-pambıq təhvil verilmiş və cavabdehin 16700 manat məbləğində borcu qalmışdır.

21. İşə məhkəmədə baxılarkən cavabdeh tərəfindən 2800 manat məbləğində borc ödənilmiş, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Tağıyev Cəlal oğlundan 13900 manat məbləğində borc və 140,10 manat məbləğində dövlət rüsumunun alınaraq Apeks-Agro” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə yazılı ərizə təqdim etmiş və ərizəsində İddiaçı MMC-yə 13900 manat məbləğində borcunun olmasını faktını etiraf etmişdir.

23. Belə olan halda məhkəmə cavabdehin iddia tələbi üzrə borcunu etiraf etməsini və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməməsini, belə olan halda iddiaçının borcun ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 13900 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.

24. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140,10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 13900 manat məbləğində əsas borc və 140,10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar