Məhkəmə qərarları › İş №e-2-2(113)-1823/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1823/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1823/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və cavabdeh “X5” MMC-nin nümayəndələri (vəkil) Vəkil Sücayət oğlu və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X5” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5” MMC-dən ödənilməmiş 48592,50 manat əsas borcu, 2575 manat cərimə olmaqla cəmi 51167,50 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X5” MMC arasında 19 fevral 2018-ci il tarixində beton alğı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə “X5” MMC, Satıcı İddiaçı MMC-dən X1 müəyyən olunan qiymətlərə uyğun olaraq sifarişlər əsasında aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qaiməfaktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində, lakin malın təhvil aldığı tarixdən 30 (otuz) təqvim günündən gec olmayaraq, satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilə imzalandığı tarixdən bu günədək cəmi 818592,50 manat dəyərində mal sifarişi verilmiş, həmin sifarişlər qaimələrlə təsdiqlənmiş və satıcıya 770000 manat məbləğ ödənilmişdir və əsas borc olan 48592,50 manat məbləğ cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ödənilməmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı satış qiymətinin ödənilməsini otuz gündən artıq gecikdirdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,01% faizi miqdarında cərimə ödəməlidir. Malların sonuncu təhvil tarixi 21.08.2019-ci ildən 2021-ci il fevral ayının 1-i tarixinədək cərimə 2575 manat təşkil edir. 02 fevral 2021-ci il tarixində cavabdehə borcun ödənilməsi tələbilə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən məktub qəbul edilməmişdir. 03.02.2021-ci il tarixinə cavabdehin iddiaçı qarşısında ümumi borcu 51167,50 manat təşkil edir. Cavabdeh “X5” MMC-nin nümayəndəsi (vəkil) Vəkil Sücayət oğlu iddiaya etiraz verərək, bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19.02.2018-ci il tarixdə beton alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən satılan malın adı və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura ilə müəyyən edilir. Hesab-faktura bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilədən göründüyü kimi İddiaçı MMC tərəfindən X6” MMCyə beton məhsulu satılmış, alıcı tərəfindən isə müqavilənin 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə həmin beton məhsulunun dəyəri satıcıya ödənilmişdir. Belə ki, tərəflərin arasında bağlanmış müqavilənin 6.1-ci maddəsinə əsasən satılan malın ƏDV-si nəzərə alınmaqla malın satış qiyməti hesab-faktura ilə müəyyən edilir. Müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qayimə-faktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırıldığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində, lakin malı təhvil aldığı tarixdən 30 təqvim günü gec olmayaraq, satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Bundan başqa müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, satıcı müvafiq hesabfakturanı imzalandığı tarixdən 3(üç) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli Malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. Bundan başqa müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, alıcı malın satış qiymətini bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. Bundan başqa müqavilənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qayimə-faktura əsasında alcıya təhvil verir. Belə ki, iddiaçı tərəf Cavabdeh MMC-yə mal verərkən mütləq elektom qaydada malın dəyəri və miqdarı yazılmış qayimə-faktura təqdim etməli, həmin qayimə-faktura Cavabdeh MMC tərəfindən təsdiq edildikdən sonra mal qəbul edilməli, bundan sonra iddiaçı şirkət ödəniş edilməsi üçün cavabdeh şirkətə vergi hesab fakturası təqdim etməli və faktura əsasında iddiaçıya ödəniş edilməlidir. İddiaçı MMC-nin iddia etdiyi Cavabdeh MMC-nin iddiaçıya 48592,50 manat əsas borcun, 2575 manat cərimə olmaqla, toplam 51167,50 manat borcun olması həqiqətə uyğun deyil. Belə ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, alıcı tərəfindən edilmiş mal sifarişləri qayimələrə təsdiq edilmiş, alcı tərəfindən 818592,50 manat dəyərində mal sifariş edilmiş, satıcıya 770000 manat pul ödənilmiş, 48592,50 manat cavabdehin iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Belə ki, iddiaçı şirkət cavabdeh tərəfindən onlara borcu olması hər hansı bir rəsmi sənədi, cavabdeh tərəfindən təsdiq edilmiş qayimə-fakturanı məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, əgər iddiaçı şirkət tərəfindən cavabdehə mal təhvil verilibsə müqaviləyə əsasən bu özünü qayimə-fakturada əksini tapmalıdır. Əgər iddiaçı tərəfindən qayimə-faktura təqdim edilməmişdirsə cavabdehin ona məxsus hər hansı borcundan söhbət gedə bilməz. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış malın dəyəri iddiaçıya tam ödənilmişdir və cavabdeh şirkətin iddiaçıya heç bir məbləğdə borcu yoxdur. İddia ərizəsində qeyd edilmiş iddiaçı şirkət tərəfindən cavabdeh şirkətə borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsi və məktub göndərməsi həqiqətə uyğun deyil. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tələb olunan vəsaitlə bağlı elektron qaimələr olmasa da, 2019-cu ilin iyul-avqust aylarında betonun təhvil-təslim aktları mövcud olduğuna görə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X5” MMC-nin nümayəndələri (vəkil) Vəkil Sücayət oğlu və X4 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişlər ki, cavabdeh iddiaçıdan 48592,50 manat məbləğində əlavə beton almamış məhkəməyə təqdim edilən betonun təhvil-təslim aktları isə mötəbər sübutlar kimi qəbul edilə bilməz, belə ki, şəxsiyyəti məlum olmayan beton təhvil alana şirkət tərəfindən etibarnamə verilməmiş və təhvil alma cəmiyyətin möhürü ilə təsdiq edilməmişdir. Odur məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 19.02.2018-ci il tarixli beton alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı - İddiaçı MMC malı alıcı - “X5” MMC-nin mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.2-ci maddəsinə görə bu müqaviləyə əsasən satılan malın adı və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura ilə müəyyən edilir. Hesab-faktura bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.1-ci maddəsinə əsasən satıcı müvafiq hesab-fakturanı imzalandığı tarixdən 3(üç) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli Malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. 4.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini bu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir. 5.1-ci maddəsinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qayimə-faktura əsasında alcıya təhvil verir 6.2-ci maddəsinə əsasən alıcı qayimə-faktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırıldığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vədə tarixində, lakin malı təhvil aldığı tarixdən 30(otuz) təqvim günü gec olmayaraq, satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini 30 (otuz) gündən artıq gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir. X1n görünür ki, B-25/M-350 markalı mala (beton) görə 1 m3 üçün 85 manat və B- 30/M-400 markalı mala (beton) görə 1 m3 üçün 90 manat müəyyən edilmişdir. Təhvil-təslim sənədlərinin surətlərindən görünür ki, 26.07.2019-cu il, 21.08.2019-cu il və 22.08.2019-cu il tarixlərdə ümumi miqdarı təqribən 570 m3 olan B-25/M-350 markalı beton məhsulları (malları) imzalayan şəxslərin adı, soyadı və vəzifəsi qeyd edilmədən, həmçinin möhür vurulmadan təhvil-təslim edilmişdir. İddiaçı MMC tərəfindən verilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 757225,76 manat məbləğində malı alıcı “X5” MMC-yə satmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 22.06.2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, bağlanmış müqaviləyə əsasən (19.02.2018-ci il tarixli beton alqı-satqısı haqqında müqavilə) “X5” MMC-nin İddiaçınə 48585,50 manat ödənilməmiş borcu qalmışdır. Aktın doğruluğunu sərbəst auditor (Ş.M.Bəşirov) və İddiaçı hüquqşünası (E.V.Musayev) öz imzaları ilə təsdiq etmişlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC və cavabdeh “X5” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - İddiaçı MMC müqaviləyə əsasən B-25/M-350 və B-30/M-400 markalı malları (beton) “X5” MMC-yə satmış, cavabdeh “X5” MMC isə öz növbəsində müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, aldığı malların ödənişlərini yerinə yetirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 818592,50 manat dəyərində malın sifarişi verildiyini, həmin sifarişlərin qaimələrlə təsdiqləndiyini qeyd etsə də, məhkəməyə təqdim edilən elektron qaimələrə əsasən İddiaçı MMC ümumilikdə ƏDV daxil 757225,76 manat məbləğində malın “X5” MMC-yə satıldığı müəyyən edilmiş, cavabdeh tərəfindən satılan mallara görə 770000 manat (iddiaçı iddia ərizəsində qeyd etmişdir) məbləğində pul vəsaiti ödənilmiş, bu isə onu göstərir ki, cavabdeh elektron qaimələrdə göstərilən məbləğdən artıq vəsait ödəməklə 19.02.2018-ci il tarixli beton alqı-satqısı haqqında müqaviləyə görə borcu yoxdur. İddiaçı 26.07.2019-cu il, 21.08.2019-cu il və 22.08.2019-cu il tarixlərdə ümumi miqdarı təqribən 570 m3 olan B-25/M-350 markalı beton məhsulların (malları) təhvil-təslim etməsi barədə sənədlər məhkəməyə təqdim etsə də, həmin sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə şirkət tərəfindən etibarnamə verilməmiş və imzaların üzərinə “X5” MMC-nin möhürü vurulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən təhvil-təslim sənədlərini mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı “X5” MMC-nin onlara 48585,50 manat borcun qaldığını təsdiq edən 22.06.2021-ci il tarixli audit prosedurlarının aparılmasına dair akt təqdim etsə də, məhkəmə həmin sübutu da mötəbər hesab etmir. Belə ki, sözügedən auditin aparılması yalnız maraqlı tərəf olan iddiaçının təqdim etdiyi sənədlər və nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “X5” MMC-yə qarşı ödənilməmiş 48592,50 manat əsas borcu, 2575 manat cərimə olmaqla cəmi 51167,50 manat borc öhdəliyinin və 30 manat dövlət rüsumu tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh “X5” MMC-yə qarşı ödənilməmiş 48592,50 manat əsas borcu, 2575 manat cərimə olmaqla cəmi 51167,50 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin tutulması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar