Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1823/2022 08.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “X1” Anonim Şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh “X1” Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” Anonim Şirketindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 20000 ABŞ dolları olmaqla, ümumilikdə 420000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumu olaraq 1004 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” Anonim Şirketi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020 tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilə üzrə tərtib olunmuş 043 saylı, xx.xx.2020-ci il tarixli invoys əsasında iddiaçı tərəfindən 400000 (dörd yüz min) ABŞ dolları müvafiq malların alışı üçün ödənilsə də, bu günə qədər cavabdeh tərəfindən mallar təqdim edilməmiş, ödənilən vəsait geri qaytarılmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı 089486 saylı tikinti lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxs qismində müxtəlif hüquqi və fiziki şəxslər üçün xidmət göstərməkdədir. Bununla əlaqədar olaraq iddiaçının üçüncü şəxslə bağladığı müqavilənin təmin olunması üçün cavabdehdən metal konstruksiya malları sifariş vermiş, tərəflər arasındakı razılaşmaya əsasən ödəniş tam həcmdə əvvəlcədən həyala keçirilmiş, lakin sonradan cavabdeh bu malları təqdim etməkdən və ödənilmiş vəsaitin geri qaytarılmasından imtina etmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunmuş, pretenziya məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı “X1” Anonim Şirketinin və “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ayrıca iş vardır. Qeyd edilən kommersiya işində birinci instansiya məhkəməsində iddia rədd edilmişdir. İddiaçılar qətnamədən şikayət vermişlər. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və iş üzrə ekspertiza təyin edilmişdir. Hazırkı mübahisədə və apellyasiya instansiyasında olan mülki işdə İddiaçı MMC və "xxxx" MMC-ni eyni şəxs təmsil edir. İşin mübahisələndirilməyən halına görə “X1” Anonim Şirketi, “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-saqtı müqaviləsi imzalanmışdır. Müqavilənin pretmetindən göründüyü kimi “X1” Anonim Şirketi istixana üzrə mühəndislik, satınalma və tikinti işlərini həyata keçirməli, habelə istixana üçün avadanlıqların gətirilməsi üçün "xxxx" MMC ilə alqısatqı münasibətlərində olacaqlarını bəyan etmişlər. “X1” Anonim Şirketi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020 tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilə üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 043 saylı invoys əsasında iddiaçı tərəfindən 400000 (dörd yüz min) ABŞ dolları müvafiq malların alışı üçün ödənilsə də, bu günə qədər cavabdeh tərəfindən mallar təqdim edilməmiş, ödənilən vəsait geri qaytarılmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı 089486 saylı tikinti lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxs qismində müxtəlif hüquqi və fiziki şəxslər üçün xidmət göstərməkdədir. Bununla əlaqədar olaraq iddiaçının üçüncü şəxslə bağladığı müqavilənin təmin olunması üçün cavabdehdən metal konstruksiya malları sifariş vermiş, tərəflər arasındakı razılaşmaya əsasən ödəniş tam həcmdə əvvəlcədən həyata keçirilmiş, lakin sonradan cavabdeh bu malları təqdim etməkdən və ödənilmiş vəsaitin geri qaytarılmasından imtina etmişdir. “X1” Anonim Şirketi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020 tarixli, 20/025 nömrəli alqısatqı müqaviləsi digər əqdi pərdələmək üçün bağlanmış müqavilədir. İşin mübahisə edilməyən halından görsənir ki, “X1” Anonim Şirketinin, “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-saqtı müqaviləsi imzalanmışdır və həmin müqavilə üzrə tərəflər arasında mübahisə var. Hazırkı işdə tərəflər arasında bağlanmış müqavilə əslində “X1” Anonim Şirketinin, “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-saqtı müqaviləsinin qarantı kimi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçılar “X1” Anonim Şirketinin və “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı işində iddiaçı iddia edir ki, cavabdeh verilən mallara və işə görə müqavilə üzrə nəzərdə tutulan məbləği ödəməmişdir. İddiaçı MMC-nin iddiası üzrə baxılan hazırkı işlə Bakı Apellyasiya Məhkəməsində iddiaçılar “X1” Anonim Şirketinin və “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı işin eynilik təşkil etməsi mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsində "xxxx" MMC-nin adının keçməsi kiyafət edir. Yəni, işin həqiqi hallarından aydın olur ki, İddiaçı MMC və "xxxx" MMC bir-biri ilə sıx əlaqədə olan iki şirkətdir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, “X1” Anonim Şirketi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi “X1” Anonim Şirketinin, “X1” Anonim Şirketinin Azərbaycan Respublikasındakı filialı və "xxxx" MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmış müqavilədir və ən əsası əgər iddiaçılar “X1” Anonim Şirkətinin və “X1” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh "xxxx" MMC-yə qarşı mülki işdə iddia təmin edilsə, sübut ediləcək ki, “X1” Anonim Şirketi mübahisələndirilən malları qarşı tərəfə çatdırmışdır. Əgər bu hal həmin işdə subut olunsa, qeyd edilən hal hazırkı mübahisə üzrə də preyudisial əhəmiyyət kəsb edəcəkdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə iş materiallarından göründüyü kimi, iddia tələbi rədd olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində “X1” Anonim Şirkəti arasında 22 sentyabr 2020-ci il tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqavilənin predmeti satıcı tərəfindən alıcıya təqdim edilən bu müqaviləyə əlavələrdə (Qiymət uzlaşdırma protokolu, sifriş, ticari təklif, təsnifat, satınalma sifarişi və sair ola bilər) müəyyən edilən malların satışı, qeyd edilən malların təhvil verilməsi və alıcı tərəfindən malların ödənişinin yerinə yetirilməsi ilə əlaqəli tərəflər arasında münasibətləri nizamlamaqdan ibarətdir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən əlavələr malların alqı-satqı müqaviləsinin tərəfləri vasitəsilə imzalanacaq və möhürlənəcək və bu müqavilənin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bu və ya digər adda əlavələrin tərtibatı onun məğzini dəyişməyəcək və qeyd edilən bənddə müəyyən edilən qaydada onların qeydiyyatı zamanı qeyd edilən əlavələr hər iki tərəf arasında imzalandığı və möhürləndiyi təqdirdə tam hüquqi qüvvəyə malik olacaqdır. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında qeyd edilən mallar üzrə tam razılığı təşkil edəcək və onlar arasında bütün əvvəlki müzakirə, layihə, sənəd və razılaşmaları üstələyəcəkdir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əlavələr malların adı, kəmiyyəti, növü, modelləri, ölçüləri, rəngləri və digər atributları (səviyyə), keyfiyyəti, komponent hissələri, qablaşdırılması, markalanması, zəmanəti və çatdırılma şərtləri və həmçinin qiyməti haqqında məlumatı özündə əks etdirəcəkdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilənin ümumi dəyəri bütün əlavələrdə qeyd edilən qiymətlərin cəmi hesab edilir. Qeyd edilən qiymətlərə malların alıcıya təhvil verilməsi zamanı ortaya çıxa biləcək bütün xərclər daxildir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı bu müqavilənin ümumi dəyərini və malların qiymətini rəsmi əlavələrə əsasən satıcı tərəfindən təqdim edilən ödəniş rekvizitlərinə əsasən satıcının bank hesabına bank köçürülməsi yolu ilə ödəyəcəkdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər bununla razılaşır ki, bu müqaviləyə əsasən alıcı tərəfindən ödənilən məbləğ gələcəkdə "xxxx" MMC şirkəti tərəfindən satıcıya ödəniləcəyi təqdirdə, satıcı ödənilən məbləği qeyd-şərtsiz alıcıya geri qaytarmağı üzərinə götürür. - İddiaçı MMC tərəfindən “X1” Anonim Şirkətinə GİG-20-025 saylı sifariş sənədi göndərilmiş, həmin sənəddə sahəsi 40000 kv.m., vahidinin qiyməti 10 ABŞ dolları, ümumi dəyəri 400000 ABŞ dolları olan istixana avadanlıqları sifariş edilmişdir. Sənəddə əvvəlcədən ödəmə qaydası nəzərdə tutulmuşdur. - 20/025 nömrəli müqavilə üzrə “X1” Anonim Şirkəti tərəfindən iddiaçıya sifariş sənədi üzrə əvvəlcədən 400000 ABŞ dolları məbləğin ödənilməsi üçün 043 saylı invoys təqdim edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “X1” Anonim Şirkətinə xx.xx.2020-ci il tarixdə 20/025 nömrəli müqavilə, 043 saylı invoys üzrə 400000 (dörd yüz min) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən “X1” Anonim Şirkətinə xx.xx.2021-ci il tarixdə 400000 (dörd yüz min) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən “X1” Anonim Şirkətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 21/025 və xx.xx.2022-ci il tarixli, 22/06 nömrəli pretenziya məktublarından görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə “X1” Anonim Şirkəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən oferta göndərilmiş, oferta cavabdeh tərəfindən aksept olunmuş və aksept iddiaçı tərəfindən alınmış və tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 400000 ABŞ dolları məbləğində istixana avadanlıqları sifariş olunmuş, avadanlıqların dəyəri əvvəlcədən cavabdehin bank hesabına ödənilmiş, lakin həmin avadanlıqlar iddiaçıya təhvil verilməmişdir. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən iddiaçının hazırkı tələbi irəli sürmək hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdeh “X1” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, “X1” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 20000 (iyirmi min) ABŞ dolları məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə tələbin həmin hissəsi ilə bağlı belə qənaətə gəlir ki, öhdəliyin icrası müddəti təyin edilmədiyindən və cavabdehin müqavilə üzrə öhdəliyin icrasını hansı vaxtdan gecikdirməsi müəyyən edilə bilmədiyindən, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 1004 ödənilmiş dövlət rüsumunun cavabdehdın tutulmasını xahiş etmişdir. Müəyyən olunur ki, iddiaçı hazırkı iş üzrə 604 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 575 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 575 (beş yüz yetmiş beş) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1823/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1823/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver