Məhkəmə qərarları › İş №e-2-2(113)-1829/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1829/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1829/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nin cavabdeh İddiaçı firmasına qarşı “müqavilələrin və s. etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: pul tələbi, müqavilənin etibarsız sayılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nin cavabdeh İddiaçı firmasına qarşı “müqavilələrin və s. etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İlk iddia üzrə İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Trestin”dən 17879359,58 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli səkksiz qəpik) məbləğində pulun tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti“ X4 Tresti” ilə İddiaçı şirkəti arasında malların alqı-satqısına dair müqavilələr (26025-18T saylı, xx.xx.2018-ci il tarixli müqavilə, 261161-18T saylı, xx.xx.2018-ci il tarixli müqavilə) bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə İddiaçı firması öz öhdəliklərini tam icra etmiş və müqavilələr üzrə tələb edilən mallar təhvil verilmişdir. Lakin “X4 Tresti” malları qəbul etsə də, öz öhdəliklərini tam icra etməmiş, ümumilikdə bütün müqavilələr üzrə ödəniş öhdəlikləri mütəmadi gecikdirilmiş, malların dəyərinin əhəmiyyətili bir hissəsi isə bugünədək ödənilməmişdir. Belə ki, bugünədək müqavilələr üzrə ümumilikdə 16193861,68 manat əsas borc və ƏDV üzrə 1685497,90 manat olmaqla, cəmi 17879359,58 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli səkksiz qəpik) borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nin ödəniş öhdəliklərini gecikdirməsi nəticəsində öz növbəsində İddiaçı şirkəti həm öz partnyorları qarşısında olan öhdəliklərini vaxtında icra edə bilməmiş, həm də vergi və digər dövlət ödənişlərinin ödənilməsində problemlər yaranmış və bu şirkəti həm maddi zərərə uğratmış, həm də onun işgüzar nüfuzuna ziyan dəymişdir. Qeyd edilən borcların ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nə dəfələrlə yazılı şəkildə müraciətlər edilmiş, hər dəfə borcun qısa müddətdə ödəniləcəyi vəd edilsə də, buna əməl edilməmişdir. Tərəflər arasında sonuncü dəfə 05 iyun 2023-cü il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi” aktı tərtib edilib imzalanmış, həmin üzləşmə aktı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti” 31 may 2023-cü il tarixə olan vəziyyətdə İddiaçı şirkəti qarşısında 16193861,68 manat əsas borc və ƏDV üzrə 1685497,90 manat olmaqla, cəmi 17879359,58 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli səkksiz qəpik) borcunun olmasını rəhbəri və baş mühasibinin imzaları və möhürü ilə təsdiq etmişdir. Bu üzləşmə aktı tərtib edildikdən sonra da borcun ödənilmədiyi nəzərə alınaraq, həm “X4 Tresti”nə, həm də SOCAR-ın vitse-prezidenti cənab Zaur Qurbanovun adına borcun ödənilməsi xahişi ilə yazılı müraciətlər edilmişdir. SOCAR-a ünvanlanmış 15 avqust 2023-cü il tarixli, 12 saylı məktuba cavab olaraq SOCAR-ın vitse-prezidenti cənab Kənan Nəcəfovun imzası ilə daxil olmuş 24 avqust 2023-cü il tarixli, 14-2/2-3409/2023 saylı məktubda bildirilmişdir ki, “bağlanmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində trest təırəfindən müvafiq tədbirlər görülməkdədir”. Həmçinin bundan əvvəl “X4 Tresti”nə və SOCAR-a ünvanlanmış məktuba cavab olaraq SOCAR-ın digər bir vitse-prezidenti cənab Babək Hüseynovun imzası ilə göndərilən 14-2/2-5257/2023 saylı, 14 dekabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, “Bildiririk ki, müəssisənizlə bağlanmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində trest tərəfindən müvafiq tədbiqlər görülməkdədir”. Qeyd edilən yazışmaların üzərindən bir neçə ay keçməsinə baxmayaraq, “X4 Tresti” tərəfindən və ya iş üzrə müstəqil tələblər sürməyən üçüncü şəxs tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır.

3. Daha sonra ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”dən 17879359,58 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli səkksiz qəpik) borc, ödənilmiş dövlət rüsumu və vəkilə çəkilmiş 520 manat xərcin tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

5. İlk iddia üzrə cavabdeh tərəfindən ilkin iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı firması tərəfindən e-2-2(113)-1829/2024 nömrəli kommersiya işi üzrə təqdim edilmiş iddia tərəfimizdən tam hissədə rədd edilir. Qeyd edilir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş cavabdehin təmsilçisinin imzaladığı 2018-ci il tarixli müqavilələr bağlanaraq alqı-satqı hüquq münasibətləri yaranmışdır. 2018-ci il tarixli müqavilələr isə 2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Bu baxımdan müqavilə müddəti bitdikdən sonra təqdim edilmiş qaimələrin hüquqi əsasının nədən ibarət olduğu qeyri-müəyyəndir. Qeyd edilir ki, müvafiq müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. AR MMin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. AR MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. AR MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2022-ci il tarixli qərarı).

6. İlk iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş cavabdehin təmsilçisinin imzaladığı 2018-ci il tarixli müqavilələr bağlanaraq alqı-satqı hüquq münasibətləri yaranmışdır. 2018-ci il tarixli müqavilələr isə 2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Bu baxımdan müqavilə müddəti bitdikdən sonra təqdim edilmiş qaimələrin hüquqi əsasının nədən ibarət olduğu qeyri-müəyyəndir. Müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Tələb üzrə iddia müddəti keçdiyi üçün iddiaçının tələblərinə münasibətdə iddia müddəti tətbiq edilməlidir.

7. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı firması və KQİT arasında təsdiq edildiyi idda edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı və İddiaçı firmasına KQİT tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-15/2-1110/2023 nömrəli məktubun etibarsız hesab edilməsi, İddiaçı firması ilə KQİT arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 26025-18T nömrəli, xx.xx.2018-ci il tarixli, 26161-18T nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1829/2024 nömrəli kommersiya işi üzrə ilkin iddia üzrə İddiaçı firması ilkin iddia üzrə cavabdeh SOCAR Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı firması ilə KQİT arasında xx.xx.2018-ci il tarixli 26025-18T nömrəli, xx.xx.2018-ci il tarixli, 26161-18T nömrəli alqı-satqı müqavilələri bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. Yuxarıda adı çəkilən müqavilələrin 4-cü maddəsi təfsir edilsə, müəyyən edilər ki, həmin maddə ilə mallar razılaşdırılmış ünvana çatdırıldıqdan və müvafiq sənədlər təqdim olunduqdan sonra alıcının satıcıya ödəniş edəcəyi razılaşdırılmışdır. Bildirilir ki, ilkin iddia üzrə tələbin faktiki əsası kimi göstərilmiş malların KQİT-ə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə müqavilələrin 4cü maddəsində qeyd edilən sənədlər KQİT-ə və məhkəməyə də sübut qismində təqdim edilməmişdir. Qeyd edilir ki, xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı İddiaçı firması tərəfindən təqdim edilmiş və KQİT-in buna səlahiyyəti olmayan işçiləri tərəfindən təsdiqlənmişdir. Müvafiq işçilər tərəfindən borcların üzləşdirilməsi aktı təsdiq edilməsi üçün hər hansı səlahiyyət verilməmişdir. Yuxarıda qeyd edilən borcların üzləşdirilməsi aktı tərtib edilərkən lazımi qaydada araşdırılma aparılmadığı üçün KQİT-in müdirinə də yanlış məlumat verilmiş və ona görə də İddiaçı firmasına xx.xx.2023-cü il tarixli, 14-2-15/2-1110/2023 nömrəli məktubla cari borcla bağlı düzgün məlumat təqdim edilməmişdir. Bununla yanaşı, müvafiq məktubla yuxarıda adı çəkilən “qarşılıqlı borcların üzləşdirilməsi" aktı təsdiq edilməmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə bildirək ki, tərəflər arasında bağlanan müqavilələr zamanı KQİT İddiaçı firması tərəfindən malların dəyəri ilə bağlı aldadılmışdır. Malların dəyəri daha yüksək qiymətləndirilmiş və müqavilələrdə öz əksini tapmışdır. Hazırda araşdırma apararkən müəyyən olunur ki, malların dəyəri müqavilələr bağlandığı zaman 60% daha aşağı qiymətə olmuşdur. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

9. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 337.1 337.2, 339.1, 339.2, 347, 359.1, 360.1, 570.1.1-ci maddələrinə stinad olunmuşdur.

10. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı firmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti”nə (Bundan sonra KQİT) qarşı müqavilə üzrə yaranmış 17879359,58 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli səkkiz qəpik) borcun ödənilməsi tələbinə dair e-2-2(113)-1829/2024 saylı kommersiya işi vardır. Cavabdeh tərəfindən bu iş üzrə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə verilən etiraz təqdim etmə hüququndan istifadə etməklə, aşağıda göstərilənlərə əsasən hesab edilir ki, qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir: Qarşılıqlı iddia ərizəsi onunla “əsaslandırılır” ki, guya ilkin iddiaçı tərəfindən mallar düzgün təqdim edilməmiş, təqdim edilmiş mallar müqavilədə göstərilən qiymətlərə uyğun olmamış, malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü bəndində göstərilən qaydada təhvil verilməyinə dair sənədlər təqdim edilməmiş, tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı səlahiyyətsiz şəxslər tərəfindən imzalanmış və KQİT-in rəhbəri borcları təsdiq edən məktubu ona verilmiş yanlış məlumatlara əsasən imzalamışdır, qeyd edilənlərə əsasən də tərəflər arasında bağlanmış müqavilələr, qarşılıqlı üzləşmə aktı və borcların təsdiqinə dair məktub etibarsız sayılmalıdır. Qeyd edilənlərlə bağlı məhkəmədən aşağıdakıların nəzərə alınması xahiş edilir: 1. Tərəflər arasında malların alqı-satqısında dair bağlanmış müqavilələr ilkin iddia üzrə cavabdeh tərəfindən elan edilmiş və keçirilmiş satınalma (tender) prosedurlarının yekunlarına uyğun olaraq imzalanmışdır. Belə ki, KQİT tərəfindən həmin vaxt qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq satınalma keçirilmiş, rəqabətli satınalma prosesi nəticəsində ilkin iddia üzrə iddiaçının təklifi qalib seçilmiş və malların alqı-satqısına dair müvafiq müqavilələr imzalanmışdır. Həmin vaxt qüvvədə olan 27 dekabr 2001-ci il tarixli, № 245-İİQ nömrəli “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarından göründüyü kimi, “tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə” kimi müəyyən edilib. Yəni, tenderin keçirilməsində məqsəd məhz ən səmərəli, ən aşağı qiymət təklifinin seçilməsi yolu ilə satınalma müqaviləsinin bağlanmasıdır. KQİT də məhs ona görə tender prosesini keçirirdi ki, ən aşağı qiymət təklifi əsasında müvafiq malları alsın. Bu da o deməkdir ki, ilkin iddiaçı tərəfindən təqdim edilən qiymətlər məhz digər iddiaçıların təkliflərindən aşağı olduğu üçün qalib olmuşdu və qiymətlərin şişirdilməsi barədə deyilənlərin heç bir əsası yoxdur. Həmin qanundan göründüyü kimi, satınalma prosesləri ehtimal olunan qiymət çərçivəsində keçirilirdi və malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti dedikdə “satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti” başa düşülür. Qanunun 27.1-ci maddəsi müəyyən edir ki, “Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”. Qanunun 27.3-cü maddəsinə əsasən “Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir”. Qanunun 27.4-cü maddəsində göstərilir ki, “Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır”. İddiaçı firması tərəfindən bununla bağlı verilmiş vəsatət, yəni tender proseduru ilə bağlı sənədlərin, xüsusən də ehtimal olunan qiymət və bütün iddiaçıların qiymət təkliflərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətimiz təmin edilmiş, lakin ilkin KQİT tərəfindən həmin sənədlər bugünədək məhkəməyə təqdim edilməmişdir, çünki KQİT bununla ilkin iddia üzrə iddiaçı ilə bağlanmış müqavilələrin qiymətlərinin tender prosedurunun ehtimal olunan qiymətindən xeyli aşağı olduğunu və xüsusən də bütün digər iddiaçıların verdikləri qiymət təkliflərindən aşağı olduğu faktını gizlətməyə çalışır. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi və onunla KQİT arasında bağlanmış müqavilələrdə əks olunmuş qiymətlər hər-hansı formada şişirdilməmiş, KQİT tərəfindən qanun çərçivəsində müəyyən edilmiş ehtimal olunan qiymətlərə uyğun və digər təchizatçıların təklif etdikləri qiymətlərdən daha aşağı, daha səmərəli olmuşdur. 2. Qarşılıqlı iddia ərizəsində qeyd edilən ikinci məsələ malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsində müəyyən edilmiş qaydada təhvil verilməməsi və buna dair sənədlərin məhkəməyə təqdim edilməməsidir. Bununla bağlı bildirilir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, mallar ciddi hesabat blankı formasına malik “malların alınması üçün Vəkalətnamə” – “Forma № M-2” əsasında KQİT-nin həmin vəkalətnamə üzrə səlahiyyətli şəxsinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli, 27 avqust 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”ndan göründüyü kimi, “3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir” və “1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyətəsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir”. “Malların alınması üçün vəkalətnamə” yəni “Forma № M-2” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının № Q-09 saylı, 4 aprel 2016-cı tarixli qərarı ilə təsdiq edilmişdir (4 nömrəli əlavə) və hazırda qüvvədə olan bu forma onu göstərir ki, 1. onu təsdiq edən şəxs əlavə etibarnaməyə ehtiyac olmadan müvafiq malları qəbul etməyə səlahiyyətlidir, 2. Qəbul edilən malların adları dəyəri və s. ayrıca bir təhvil-təslim aktına ehtiyac olmadan həmin vəkalətnamənin “vəkalətnamə kötüyü” hissəsində qeyd edilir. 3. KQİT-nin təqdim etdiyi qarşılıqlı iddia ərizəsində əksini tapmış “etibarsızlıq” iddiası ilə bağlı məhkəmədən aşağıda göstərilənlərin nəzərə alınmasını xahiş edilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il qərarında qeyd edilmişdir ki, “ Konstitusiyanın 15ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. Əsas Qanunun 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”. Məhkəmə daha sonra qeyd edir ki, “Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir”. Ali konstitusiya ədalət mühakiməsi orqanı daha sonra müəyyən edir ki, “Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri)”. Konstitusiya Məhkəməsi qeyd edir ki. “Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar)”. Məhkəmə müəyyən edir ki, “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı)”. Yüksək məhkəmənin qərarında göstərilir ki, “Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda”. Konstitusiya Məhkəməsi həmçinin qeyd edir ki, “Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir”. Məhkəmənin qərarında daha sonra qeyd edilir ki, “Məhkəmələr tərəfindən o da diqqətə alınmamışdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. Ali konstitusiya ədalət mühakiməsi orqanının qərarında yuxarıda göstərilənlərdən göründüyü kimi, KQİT tender prosedurlarına əsasən “Dövlət satınalmaları haqqında qanun”la müəyyən edilmiş qaydada tender prosedurları nəticəsində bağlanmış, daha sonra müvafiq əlavələr bağlanmaqla bir daha təsdiq edilmiş, elektron qaimə fakturaları təsdiq edilməklə ödəmələrinin əsas hissəsi icra edilmiş ilkin iddia üzrə iddiaçı ilə bağladığı müqavilələri mübahisələndirmək hüququna malik deyildir, üstəlik belə mübahisələndirmə üçün müddətlər onun tərəfindən ötürülmüşdür. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qarşılıqlı iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir. Tədqiq olunan sübutlar:

11. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli 26025-18T nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 12611882,55 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar DDP Bakı Puta stansiyasına çatdırıldıqdan sonra alıcı 7 bank günü ərzində satıcının bank hesabına sənədlər təqdim olunduqdan sonra çatdırılmış malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 12611882,55 manat məbləğində ödəniş edəcək. Müqavilənin 14.8-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2018-ci il tarixə qədər qüvvədədir. Müqaviləyə 1 saylı qoşma ilə malların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmışdır. Müqaviləyə 1 saylı əlavəyə əsasən müqavilənin 2.2-ci bəndi dəyişdirilərək müqavilənin ümumi qiyməti 18% ƏDV olmaqla 12465391,05 manat olaraq, 4.1-ci bəndindəki malların ümumi dəyəri dəyişdirilərək 18% ƏDV daxil olmaqla 12465391,05 manat olaraq müəyyən edilmişdir. Müqaviləyə 2 saylı əlavəyə əsasən müqavilənin 2.2-ci bəndi dəyişdirilərək müqavilənin ümumi qiyməti 18% ƏDV olmaqla 13540349,93 manat olaraq, 4.1-ci bəndindəki malların ümumi dəyəri dəyişdirilərək 18% ƏDV daxil olmaqla 13540349,93 manat olaraq müəyyən edilmişdir. Müqaviləyə 3 saylı əlavəyə əsasən müqavilənin vaxtı təchizat şərtləri tam yerinə yetirilmədiyi üçün 3 il müddətinə - xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Müqaviləyə 4 saylı əlavəyə əsasən satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir.

15. Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli 26161-18T nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 18827702,42 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar DDP Bakı Puta stansiyasına çatdırıldıqdan sonra alıcı 7 bank günü ərzində satıcının bank hesabına sənədlər təqdim olunduqdan sonra çatdırılmış malların ümumi dəyərini, yəni 18% ƏDV daxil olmaqla 18827702,42 manat məbləğində ödəniş edəcək. Müqavilənin 14.8-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2019-cu il tarixə qədər qüvvədədir. Müqaviləyə 1 saylı qoşma ilə malların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmışdır. Müqaviləyə 2 saylı əlavəyə əsasən müqavilənin 14.08-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: müqavilə imzalandığı gündən qüvvəyə minir və öhdəliklər tərəflər tərəfindən tam icra edilənədək qüvvədə qalır. Müqaviləyə 3 saylı əlavəyə əsasən satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir.

16. İddiaçı tərəfindən məhkəməyə müqavilələrə əlavələr, qoşmalar, malların təhvili barədə aktlar, malların alınması üçün vəkalətnamə adlı sənədlər, ödəniş sənədləri əlavə edilmişdir.

17. 05 iyun 2023-cü il tarixli Cavabdeh ilə İddiaçı Firması arasında bağlanmış qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçı Firmasına 26025-18T nömrəli müqavilə üzrə olan borcu ƏDV daxil olmaqla 5575564,42 manat (4929564,58 manat əsas borc + 645999,84 manat ƏDV), 26161-18T nömrəli müqavilə üzrə olan borc ƏDV daxil olmaqla 12303795,14 manat (11264297,11 manat əsas borc + 1039498,03 manat ƏDV) təşkil edir.

18. Cavabdeh tərəfindən İddiaçı Firmasına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-1110/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə əsas borc məbləği üzrə 37,8 milyon manat kreditor borcu olmuş, qeyd edilən tarixdən indiyədək İddiaçı Firmasına əsas borc məbləği üzrə 21,6 milyon manat ödəniş edilmişdir. 16,2 milyon manat qalıq qalan kreditor borcun ödənilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir.

19. Cavabdeh tərəfindən İddiaçı Firmasına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-3409/2023 nömrəli məktubda qeyd edilmişdir ki, müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməkdədir.

20. Cavabdeh tərəfindən İddiaçı Firmasına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-5257/2023 nömrəli məktubda qeyd edilmişdir ki, müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməkdədir.

21. İddaçı tərəfindən cavabdehə ptetenziya məktubu ünvanlanaraq, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında deyilir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. ...Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2018-ci il tarixli 26025-18T nömrəli və xx.xx.2018-ci il tarixli 26161-18T nömrəli malların alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İlk iddiaçı öz öhdəliklərini lazımi qaydada icra etsə də, ilk iddia üzrə Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, təhvil verilmiş malların dəyərinin bir qismi ödənilsə də, qalanı ödənilməmiş və ilk iddiaçının təqdim etdiyi malların qalıq dəyərini tələb etmək hüququ yaranmışdır. Qeyd olunan hallar təqdim olunmuş sübutlarla (müqavilələr, aktlar, tərəflər arasındakı yazışmalar və s.) öz təsdiqini tapır.

26. İlkin iddia tələbini ilk iddia üzrə cavabdehdən 17879359,58 manat manat pul vəsaitinin ilk iddiaçının xeyrinə tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, ilk iddia üzrə cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə müqavilələr üzrə ilk iddiaçıya icra olunmamış öhdəliyin qaldığını, belə olan halda isə ilk iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, alıcı olan cavabdehin isə qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə cavabdehdən hər iki müqavilə üzrə qalıq məbləği təşkil edən 17879359,56 manat məbləğində (5575564,42 manat (4929564,58 manat əsas borc+645999,84 manat ƏDV)+ 12303795,14 manat (11264297,11 manat əsas borc+1039498,03 manat ƏDV)=17879359,56) pul vəsaiti tutularaq ilk iddiaçıya ödənilməlidir.

28. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, müqavilələr xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış, xx.xx.2018-ci il tarixli müqavilənin bitmə vaxtı xx.xx.2021-ci il, xx.xx.2018-ci il tarixli müqavilənin bitmə vaxtı isə xx.xx.2019-cu il müəyyən edilmişdir. İlkin iddia üzrə cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ilkin iddia üzrə iddiaçıya borcu etiraf etdiyini bildirdiyi məktublar ünvanlamış, həmçinin 05 iyun 2023-cü il tarixdə tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edilib təsdiq edilmişdir. Göründüyü kimi, iddia müddətinin axımı Cavabdeh etirafedici hərəkətləri nəticəsində kəsilmiş və hazırkı iş üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir.

29. İlkin iddia üzrə cavabdeh 05 iyun 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktını imzalayan şəxslərin (baş mühasiblər və MU və HŞ-nin rəisi) borcu etiraf etmək səlahiyyətlərinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, üzləşmə aktı Cavabdeh baş mühasibləri və MU və HŞ-nin rəisi tərəfindən imzalandıqdan sonra hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Bu da həmin aktın hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən təkrar təsdiq edilməsi (möhürlənməsi) kimi qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh qanuni təmsilçisinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş məktublarda da borcun olması etiraf edilmişdir.

30. Eləcə də, ilk iddiaçı hüquqi yardım üçün ödənilmiş 520 manat və ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə cavabdehdən ilk iddiaçının xeyrinə tutulmasını xahiş edir.

31. Məhkəmə hesab edir ki, 520 (beş yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9729,68 manat (iş üzrə ödənilməli olan dövlət rüsumu) ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməlidir.

32. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi xx.xx.2018-ci il tarixli, 26025-18T nömrəli, xx.xx.2018-ci il tarixli, 26161-18T nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsindən ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçı müqavilələrin etibarsız sayılmasının əsası kimi müqavilədəki qiymətlərin real bazar qiymətini əks etdirmədiyinə, müqavilənin etibarsızlığının əsaslarından birini təşkil edən aldatmaya istinad etmişdir.

33. Məhkəmə qənaətinə əsasən tərəflər sərbəst şəkildə iradə ifadə edərək, həmin müqavilələri bağlamış, məzmununu müəyyənləşdirmiş, şərtlərini könüllü, sərbəst şəkildə razılaşdırmışlar. Əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

34. Həmçinin həmin müqavilələr 2018-ci ildə bağlanmış, yəni qarşılıqlı iddia üzrə iddiaçı həmin tarixdən müqavilələr barədə məlumatlı olmuşdur. Ona görə də hesab olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı 2018-ci ildə bağlanmış müqavilələri mübahisələndirmək hüququnu itirmiş hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, müqavilələrin etibarsız sayılması üçün digər əsaslar da müəyyən olunmur.

35. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı firması ilə KQİT arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 26025-18T nömrəli, xx.xx.2018-ci il tarixli, 26161-18T nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin olunmamalıdır. Qarşılıqlı iddianın digər hissələrinə münasibətdə iş üzrə icraata xitam verilmişdir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Trestindən 17879359,56 manat (on yeddi milyon səkkiz yüz yetmiş doqquz min üç yüz əlli doqquz manat əlli altı qəpik) məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9729,68 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 520 manat tutularaq İddiaçı Firmasına ödənilsin. İddiaçı firması ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X4 Tresti arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar