Məhkəmə qərarları › İş №e-2-2(113)-1831/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1831/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1831/2024 23.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC -nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilələrə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin qaytarılması, dəbbə pulu) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilələrə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli D132 X9 Müqaviləsinin ləğv edilməsi, əmlak (lizinq obyekti) üzərində cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi (ləğv edilməsi), ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 26 943 manat məbləğində cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, lizinq obyekti olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin "Xahiş edirik" hissəsində yalnız "əmlak üzərində cavabdehin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi" olaraq qeyd edilmişdir. Tələbin bu cür ifadə olunmasının hər hansı bir çaşqınlığa və qeyri-müəyyənliyə səbəb olmasının qarşısını almaq məqsədilə tələbin həmin hissəsinə aşağıdakı məzmunda dəyişiklik edilməsini məqsədəuyğun hesab edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X1) adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, D132 X9 müqaviləsi bağlanmış və lizinq predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklizinq məbləği 300000,00 manat, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 25 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh2 xeyrinə lizinqlə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli, D132 X4 əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, D132 X9 müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Lizinq verən qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0051/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki,Lizinq alan bu günə qədər ümumilikdə 95424 manat ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 25 000 manat ödəniş edilmişdir. Hazırda D132 X9 müqaviləsi üzrə 70424 manat əsas məbləğdən və 26 943 manat hesablanmış cərimə olmaqla,cəmi 97367 manat borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Buna görə də hesab edir ki, lizinq müqaviləsindən irəli gələn tələblə bağlı qərar qəbul edilərkən daxili lizinq müqaviləsinin etibarlılığı məsələsinin də məhkəmə tərəfindən qiymətləndirilməsi zəruridir. Çünki əksər hallarda məhkəməyə müraciət hüququndan sui-istifadə edən cavabdehlər müqavilənin etibarsızlığı ilə bağlı ayrı iddia qaldırmaq yolu ilə məhkəmə çəkişmələrinin illlərlə davam etməsinə səbəb olurlar. Bu isə banklardan aldığı kredit vəsaitlərinin hesabına lizinq fəaliyyətini həyata keçirən şirkətin böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarır. Qeyd edildiyi kimi, lizinq obyekti olan mənzil cavabdehin xeyrinə yüklü edilmişdir. Odur ki, lizinq müqaviləsinin ləğvi ilə yanaşı lizinq obyektinin üzərindəki yüklülük də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun olaraq izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsindən görünür ki, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 300000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavələrin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənun müddəti 24 ay müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasəan lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həmcdə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirlən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq alan pul məbləğlərinin və lizinq obektinin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbləni aldığı gündün 3 iş günü ərzində lizinq obyektini qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, D132 X9 müqaviləsi üzrə 70424 manat əsas məbləğdən və 26943 manat hesablanmış cərimə olmaqla, cəmi 97367 manat borc mövcuddur. X3 ilə İddiaçı MMC arasında bağlanmış 06 iyun 2023-cü il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı MMC Cavabdeh2 lizinqə vermək üçün almışdır. xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 300000 manat olan illik lizinq mükafatı 25% olmaqla verilmiş 24 ay müddətinə lizinq predmetinə görə Cavabdeh2 05 iyul 2023-cü il tarixdən 05 iyun 2025-ci il tarixinə qədər hər ayın 5-i (və ya 3-ü olmaqla) 11928 manat, sonuncu ay 137439 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş təhviltəslim aktından görünür ki, lizing obyekti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh2 (Lizing alan) təhvil verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-05101-93001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xeyrinə hüquq yüklü edilən şəxs kimi Cavabdeh2 adına olmaqla Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsi ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2023-cü il tarixli D132 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Lizinq verən” ilə Cavabdeh2 arasında 06 iyun 2023-cü il tarixdə bağlanmış D132 saylı Daxili lızınq müqaviləsi ilə əlaqədar olaraq, “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Zamin”, “Lizinq alanın” “Lizinq verən” qarşısında 06 iyun 2023 tanxdə bağlanmış D132 X9 müqaviləsi üzrə “Lizinq verənə” olan borcu və ona hesablanmış faizlərin və borc tutulması uzrə məhkəmə xərclərinin və “Lizinq alanın” öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Lizinq verənə” dəyən digər zərərin (komisyon cərimə məhkəmə xərclən və s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Lizinq alanla” eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı MMC 15 yanvar 2024-cü il tarixində Cavabdeh2 xəbərdarlıq məktubu ilə müraciət edərək, müqavilə üzrə öhdəliklər vaxtında və tam yerinə yetərilməməkdədir. Lızinqal anın bu cür davranışları Lizinq şirkəti tərəfindən potensial ciddi risk göstəricisi sayılır. Bu da öz növbəsində lizinq müqaviləsinin ləğvinə və Lizınq alanın lizinqə verilmiş əmlakdan istifadədən məhrum edilməsinə əsas yaradır. Lizinq alanın istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" MMC-nın mülkiyyətindədir və Lizinq müqaviləsinin 6.1.4-cü bəndinə əsasən öhdəliklər vaxtında icra olunmadıqda lizinq müqaviləsi ləğv oluna bilər. Hazırda Lizinq alanın lizinq müqaviləsi üzrə 5 aydan çox gecikməsi mövcuddur. Bundan başqa gecikmələr halında gecikmələr üzrə gündəlik 0.1% dərəcəsi ilə cərimə hesablanmışdır. Lizinq alandan xəbərdarlığı qəbul etməyi və 3 gün ərzində müqavilə üzrə öhdəliklərin tam ödənilməsi tələb edilmişdir. 16 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 172 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə cərimənin hesablanması ilə bağlı razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizing predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. İşdən də göründüyü kimi iddiaçı tərəf xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və öhdəliklərin tam şəkildə icra edilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin lizinq obyektinin istifadəsindən məhrum edilməsi və əmlakın cavabdehin öhdəliklərin ödənilməsinə yönəldilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəyi bildilmişdir. Buna görə də məhkəmə, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının qarşı tərəfə öz iradə ifadəsini bildirməsini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməyərək ödənişi gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı lizinq predmetinin qaytarılması, cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi və lizinq obyekti olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə iddiasını irəli sürməkdə haqlı olmuşdur. Buna görə də ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıya qaytarılmalı və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin X1 adına qeydə alınmış dövlət qeydiyyatı ləğv edilməlidir.. Həmçinin iddiaçı cavabdehdən 26943 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 13000 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 172 manat dövlət rüsumunun 129 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli Daxili lizing müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin X1 adına qeydə alınmış dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Lizinq obyekti olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 13000 (on üç min) manat cərimə məbləği, habelə ödənilmiş 172 manat dövlət rüsumunun 129 (bir yüz iyirmi doqquz) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar