Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1835/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məhdud Cəmiyyətinin Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18-026 nömrəli, xx xxxx 2018-ci il tarixli müqavilədə və ona 1 saylı Əlavədə nəzərdə tutulan öhdəliyi vaxtında və lazımınca icra etməməsi nəticəsində vurduğu 52056,33 (əlli iki min iyirmi altı manat, 33 qəpik) manat məbləğində zərərin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC isitmə, soyutma və havalandırma avadanlıqlarının satışı, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşmış mühəndislik şirkətidir. İddiaçı 2003-cü ildən kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınaraq Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18-026 nömrəli, xx xxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı dəyəri 26324,60 manat olan və həmin müqaviləyə 1 saylı əlavədə razılaşdırılmış müxtəlif komplektasiyalı soyutma avadanlığını cavabdehə satmalı, sonuncu isə malların dəyərini öncədən 100% olmaqla iddiaçıya ödəməli idi. xx xxxx 2018-ci ildə iddiaçı 34 ədəd malı cavabdehə təhvil vermiş, xx xxxx 2018-ci ildə cavabdeh aldığı malın dəyərinin bir hissəsi kimi 14524,62 manat pulu iddiaçıya ödəmiş, qalan 11799,98 manat pulu isə 3 iş günü ərzində tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin bu günədək keçən iki ilə yaxın müddət ərzində iddiaçı dəfələrlə pulun ödənilməsi üçün cavabdehin rəhbərliyinə müraciətlər etsə də, hər dəfə pulun bir neçə günə ödəniləcəyi barədə yalan vədlər verilmiş, lakin həmin vəsait iddiaçıya ödənilməmişdir. Müqavilənin şərtlərindən göründüyü kimi, iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdeh iki ilə yaxın müddətdə müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Cavabdeh qanunsuz hərəkətsizliyi nəticəsində əsassız varlanmış, iddiaçının isə maddi zərərə məruz qalmaqla yanaşı işgüzar nüfuzuna ziyan dəymişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7079,98 manat əsas borc, öhdəliyin vaxtında icra edilməməsi nəticəsində30184,35 manat vurulmuş maddi zərər, 10000 manat əldən çıxmış fayda, 72 manat məhkəmə xərci olmaqla, cəmi 47336,33 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, hazırda cavabdeh tərəfindən əsas borc məbləği ödənilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18-026 nömrəli, xx xxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı dəyəri 26324,60 manat olan və həmin müqaviləyə 1 saylı əlavədə razılaşdırılmış müxtəlif komplektasiyalı soyutma avadanlığını cavabdehə satmağı, sonuncu isə malların dəyərini öncədən 100% olmaqla iddiaçıya ödəməlyi öhdəsinə götürmüşdür. - xx.xx.2018-ci il tarixli 1 saylı razılaşdırma protokolundan görünür ki, tərəflər arasında ümumi dəyəri 26324.52 manat olan malların və qiymətlərin razılaşdırılması aparılmış və həmin razılaşma hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 51276.38 manat borcun 10 gün ərzində ödənilməsi xahiş edilmişdir. -xx.xx.2020-ci il tarixli “xxxxxxx” ASC tərəfindən tərtib edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 3000 manat ödəniş edilmişdir. -xx.xx.2020-ci il tarixli “xxxxxxx” ASC tərəfindən tərtib edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1000 manat ödəniş edilmişdir. -xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat bazasında edilmiş çıxarışdan görünür ki, qeyd olunan tarixə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 540 manat ödəniş edilmişdir. -xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat bazasında edilmiş çıxarışdan görünür ki, qeyd olunan tarixə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 180 manat ödəniş edilmişdir. -xx.xx.2020-ci il tarixli 005XOH********** nömrəli “xxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 6000 manat ödəniş edilmişdir. -xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat bazasında edilmiş çıxarışdan görünür ki, qeyd olunan tarixə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1080 manat ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçı dəyəri 26324,60 manat olan və həmin müqaviləyə 1 saylı əlavədə razılaşdırılmış müxtəlif komplektasiyalı soyutma avadanlığını cavabdehə satmaq, sonuncu isə malların dəyərini öncədən 100% olmaqla iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, iddiaçıya borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman əsas borc 11799,98 manat olmuş və məhkəmə prosesinin gedişində həmin məbləğ iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini 7079,98 manat əsas borcun ödənilməsi təşkil edir. Həmin hissəyə münasibət bildirərək məhkəmə qeyd edir ki, artıq həmin borc məbləği ödənildiyindən tələb həmin hissədə rədd olunmalıdır. İddia tələbinin bir hissəsini də öhdəliyin vaxtında icra edilməməsi nəticəsində vurulmuş maddi zərər kimi 30184,35 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir. İddiaçı həmin məbləğə illik 5%, iki il üçün 10% hesablanmaqla faiz borcunu təşkil edən 11799,98x10%=1180 (min yüz səksən) manat məbləği də daxil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin normalara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin icranı gecikdirməsi öz təsdiqini tapdığından, iddiaçı İllik 5% olmaqla, iki il üçün 1180 (min yüz səksən) manat məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının 2018-ci ilin iyul ayından bu günədək olan dövr ərzində Azərbaycan Respublikasında inflyasiya və faiz uçot dərəcəsi üzrə manatın dəyərini itirməsi nəticəsində dəymiş maddi zərərə görə 29004,35 manat məbləğin (30184,35-1180=29004,35 manat) cavabdehdən tutulmasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. İddia tələbinin əldən çıxmış fayda olaraq 10000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443 və 21-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tərəfindən həmin hissə, yəni 10000 manat məbləğindəəldən çıxmış faydanın olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə iddia tələbinin həmin hissəsi də əsassız olduğundan rədd olunmalıdır. Eyni zamanda iddiaçı 72 manat məhkəmə xərcinin (42 manat poçt xərci və 30 manat dövlər rüsumu) cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 42 manat poçt xərcinin cavabdehdən tutulmasına dair hissə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunun 1 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 29 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilə öhdəliklərini icrasını gecikdirməsini, iddiaçının gecikdirilmiş vaxt üçün vurulan zərərin ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehndən gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 1180 (min yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat olmaqla, cəmi 1181 (min yüz səksən bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalı, ödənilmiş dövlət rüsumunun 29 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 1180 (min yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat olmaqla, cəmi 1181 (min yüz səksən bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 29 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1835/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1835/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver