Məhkəmə qərarları › İş №e-2-2(113)-1835/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1835/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1835/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 180-LD/18 nömrəli müqavilə üzrə yaranmış 1538.74 manat gecikdirilmiş əsas borcun və 1741.84 manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli 183-LD/18 nömrəli müqavilə üzrə yaranmış 5169.66 manat gecikdirilmiş əsas borcun və 5104.91 manat cərimə borcu borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 14,055.15 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 180-LD/18 nömrəli müqavilə üzrə yaranmış 1538.74 manat gecikdirilmiş əsas borcun və 1741.84 manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli 183-LD/18 nömrəli müqavilə üzrə yaranmış 5169.66 manat gecikdirilmiş əsas borcun və 5104.91 manat cərimə borcu borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 14,055.15 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh şəxsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ölmüşdür. Hazırkı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh artıq ölmüşdür. Bu hal mübahisəsizdir, çünki, Cavabdeh ölümü haqqında məlumatlar “Elektron məhkəmə” informasiya sistemində mövcuddur. Belə olan halda məhkəmə tərəfindən ərizənin qəbulundan imtina edilməli idi. Çünki ölmüş şəxsə qarşı iddianın icraata qəbul edilməsi həmin şəxsin cavabdeh kimi prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir. Bu isə yolverilməzdir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Cavabdehin ölməsi isə hazırki durumda işin məhkəmə qaydasında baxılmalı olmasını aradan qaldırır. Bu hal Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı) Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək ölmüş olduğundan ərizə məhkəmənin icraatına qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-153-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 180-LD/18 nömrəli müqavilə üzrə yaranmış 1538.74 manat gecikdirilmiş əsas borcun və 1741.84 manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli 183-LD/18 nömrəli müqavilə üzrə yaranmış 5169.66 manat gecikdirilmiş əsas borcun və 5104.91 manat cərimə borcu borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 14,055.15 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar