Məhkəmə qərarları › İş №e-2-2(113)-1838/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1838/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1838/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı CPC/S-043/18 saylı, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh CPC/S-043/18 nömrəli 29 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 45.250 manat əsas borcun, 4.525 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 50.015 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh ilə İddiaçı MMC arasında malların alqı-satqısına dair CPC/S-043/18 nömrəli 29 oktyabr 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə 29 oktyabr 2018-ci il tarixli 1 saylı əlavə saziş (X3) bağlanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ona satılmış malların (qarğıdalı qlüteni, qırıntı, özək və kəpək) ümumi dəyəri 161.245,80 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən, alıcı malların tam dəyərini təhvil aldıqdan sonra 30 gün müddətində ödənilməsi barədə öhdəlik götürmüş, lakin müqavilə öhdəlikləri lazımınca icra edilməmiş və ödənişlər vaxtında aparılmamışdır. Belə ki, 161.245,80 manat ümumi borc məbləğindən sonuncu dəfə 29 noyabr 2022-ci il tarixdə 1.000 manat ödəniş olmaqla, ümumilikdə 115.995,80 manat ödəniş aparılmış, lakin qalıq borc bu vaxtadək ödənilməmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə olan qalıq borcunun məbləği 45.250 manat təşkil edir. Alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə əsasən, alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə malların ümumi dəyərinin 0,5 faizi məbləğində dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən isə, cərimənin məbləği malların qiymətinin 10 faizindən artıq olmamalıdır. Odur ki, cavabdehə 4.525 manat dəbbə pulu hesablanmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, bu vaxtadək borc tam şəkildə ödənilməmişdir. Mübahisənin məhkəmədənkənar həlli ilə bağlı borcun ödənilməsi barədə cavabdehə rəsmi məktubla, həmçinin Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron kargüzarlıq vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və elektron poçt ünvanına yerləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsinə əsasən,cavabdehə mediasiya prosesində iştirak etmək üçün təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı ilə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya yolu ilə həlli barədə razılıq əldə etmək mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-ci il tarixdə yazılı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq iddiaçıdan mal almış və tam dəyəri ilə yanaşı, qalıq borcunu da ödəmişdir. İddiaçı ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barədə” akta əsasən, iddiaçıya olan 161.245,80 manat borcdan cəmi 40.250 manat qalmışdır (xx.xx.2023-cü il tarixli akt əlavə olunur). İddiaçıya olan borc iddia ərizəsində göstərildiyi kimi 45.250 manat deyil, 40.250 manatdır. İddiaçıya olan borc məbləği 3 il ərzində 161.245,80 manatdan 4 dəfə azalaraq 40.250 manat olmuşdur və bir neçə ay ərzində həmin borc da bağlanacaqdır, çünki iddiaçı ilə əməkdaşlıqları davam edir. İddiaçı mediasiya təşkilatına və məhkəməyə müraciət etdikdən sonra 2 dəfə iddiaçıdan külli miqdarda mal almışdır. Növbəti aylarda hər mal alışı zamanı borc məbləği də bağlanacaqdır. İddiaçının ondan dəbbə pulu və digər məbləğdə pulları tələb etməsi, onun maddi vəziyyətinə mənfi təsir edə bilər, nəticədə onun iddiaçıdan mal almağı və borcu ödəməyi yubana bilər. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh CPC/S-043/18 nömrəli 29 oktyabr 2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 40.250 manat əsas borcun, 4.025 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 44.515 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaçıya 40.250 manat miqdarında borcu olduğunu etiraf edərək (cavabdeh etirazında da qeyd edib), izahatında ödəniş edəcəklərini, yekun qalıq borcunun razılaşdırılması barədə aktın mövcud olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının xx.xx.2023-cü il tarixdən sonrakı vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 29 oktybar 2018-ci il tarixli CPC/S- 043/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən ‘‘X1 (bundan sonra “Əlavə 1") göstərilən malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb qiymətini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən satılacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və bu müqavilənin müvafiq əlavələrində (və/və ya "X2"nda) müəyyən edilir. Malların qiymətlərinin sonradan artması tərəflər arasında yenidən hesablaşmaya səbəb ola bilər. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. 5.3.1-ci bəndinə əsasən hazırki müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malların qiymətini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya vaxtında və tam həcmdə ödəmək və həmin malları qəbul etmək alıcının öhdəliyidir. 9.2-ci bəndinə əsasən alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə bu müqavilə üzrə nəzərdə tutulan malların ümumi dəyərinin 0,5% məbləğində dəbbə pulu ödəyəcək. 9.3-cü bəndinə əssən bu müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği malların qiymətinin 10%-dən artıq olmamalıdır. 14.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və bu müqavilə ilə müəyyən olunmuş hallarda ona vaxtından əvvəl xitam verilməyənədək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 29 oktyabr 2018-ci il tarixli CPC/S-043/18 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların miqdarı və qiymətləri (Qarğıdalı qlüteni 1 kq - 1,30 manat, Qarğıdalı qırıntısı 1 kq – 0,33 manat, Qarğıdalı kəpəyi 1 kq – 0,23 manat və Qarğıdalı özəyi 1 kq – 0,60 manat (ƏDV daxil) olaraq) razılaşdırılmışdır. Malların qiymətinin 100%-i 15 gün ərzində nağd və ya nağdsız hesablaşma qaydasında satıcının müvafiq bank hesabına ödəniləcək. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı MMC Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda mallar təqdim etmiş, Cavabdeh isə həmin mallara görə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla 2020-2022-ci illərdə müxtəlif vaxtlarda ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixə A.Çələbiyein borcu 45.250 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında sonuncu - xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktı tərtib edilmiş və aktda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 40.250 manat məbləğində (6.561,70 manat ƏDV daxil) borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh müraciət edərək, borcu öhdəliyinin 10 gün ərzində icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında - 29 oktybar 2018-ci il tarixli CPC/S-043/18 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 40.250 manat təşkil edir. ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh İddiaçı MMC-yə 40.250 manat məbləğində əsas borcunun olmasını faktını etiraf etmişdir. Bu fakt cavabdehin etirazında da, eləcə də tərəflərin təsdiq etdikləri xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktı ilə öz təsdiqinui tapır. Azərbaycan Respublikası MPM-in 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə cavabdehin mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin bir hissəsini – 40.250 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərinil lazımi qaydada icra etmədiyini, iddiaçının isə göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 40.250 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4.025 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 222,82 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 160 manat və dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40.250 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar