Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-184/2022 31.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlı yaranmış pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5302,05 əsas və 954.37 manat ƏDV borcu olmaqla cəmi 6256,42 manat borcun və ödənişin gecikdirilməsinə görə 1564,10 manat dəbbə pulunun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC MMC ilə alıcı Cavabdeh MMC arasında 19 iyul 2019-cu ildə ASFA 119/0719 saylı müqavilə bağlanılmış, həmin müqavilənin 1-ci bəndinə görə satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qaimə-fakturalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüş, bütün razılaşmalar müqavilədə öz əksini tapmışdır. Həmin müqavilənin 5.4-cü bəndinə görə malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək Alıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci maddəsinə görə alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququdur. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə cavabdehin 18.06.2020-ci il tarixli, EBAA seriyalı, 803761 saylı elektron qaimə üzrə ödənilməmiş 5302,05 əsas və 954.37 manat ƏDV borcu olmaqla cəmi 6256,42 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi dəfələrlə şifahi qaydada tələb olunmuş, təəssüf ki, keçən müddət ərzində borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Sonuncu dəfə aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulacağı barədə 08.04.2021-ci il tarixli pretenziya məktubu cavabdehə göndərilsə də, təəssüf ki həmin xəbərdarlığa da əhəmiyyət verilməmişdir (17.05.2021-ci ildə rəsmi qaydada qəbul edilib). Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, cavabdehi xırdavat malları ilə təmin etmiş, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam ödəməmiş, ödəməməsinin səbəbləri barədə ümumiyyətlə heç bir cavab verməmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, iddia tələbinin 1564,10 manat dəbbə pulu hissəsində tələb etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onların iştirakı olmadan baxaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında 19.07.2019-cu il tarixdə bağlanmış 119/0719 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malı satıcıdan alıb və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC-dən Cavabdeh MMC-yə malların dəyərinin ödənilməsi barədə elektron qaimələr göndərilmiş, qaimələr təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 6256,42 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqaviləsi üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6256,42 (ƏDV daxil) manat məbləğində borc və və ödənilmiş 30.0 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Ertok” MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6256,42 (ƏDV daxil) (altı min iki yüz əlli altı manat qırx iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30.0 (otuz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-184/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-184/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver