Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1841/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2.259 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 1.000 manat və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3.289 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan, sığortalı “CHANGAN” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında X2 istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində “xxxx“ ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil İddiaçı MMC-yə məxsus olan “CHANGAN“ markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sığorta hadisəsi zamanı İddiaçı MMC-yə məxsus “CHANGAN“ markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2.808,10 manat məbləğində maddi zərər vurulmuşdur. Hadisə yerinə gələn Suraxanı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları araşdırma apardıqdan sonra hadisədə təqsirli “VAZ 2107” markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Dövlət Xalid Mais oğlu barəsində Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 15. 09.2018 -ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qəbul edilmişdir. “VAZ 2107” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi olmamışdır və hadisə nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. Sığortaçıya müraciət edilməsinə baxmayaraq bu günə qədər onlara dəymiş ziyan ödənilmir. Bundan əlavə hər gün üçün Azərbaycn Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən hesablanmış dəbbə pulu 680 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd edilənlər “xxxx” ASC tərəfindən sığorta ödənişinin verilməli olmasını sübuta yetirir və bu səbəbdən hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2259,20 manat, həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 0,1/% faiz hesablamaqla, 1000 manat, cəmi 3259,20 manat məbləğində pul vəsaiti tutularaq sığortalıya ödənilməlidir. “Avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın 29-cu maddəsinə əsasən sığorta ödənişi sığortaçı tərəfindən 15 gün ərzində həyata keçirilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirdi və iddiaçı tərəfindən sığorta hadisəsinin baş verməsini təsdiq edən hadisənin təfərrüatları barədə arayışın məhkəməyə təqdim edilmədiyini, belə olan halda cavabdehin sığorta ödənişini həyata keçirməkdən imtinasının əsaslı olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC xx.xx.2018-ci il tarixli məktubu ilə “xxxx” ASC-yə müraciət edərək İddiaçı MMC-nin balansında olan Changan markalı **-AN-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyana uğradığını bildirmiş və avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanı X5 Azərbaycan M/h:AZ51NABZ********************,H/Haz77KABA********************,Kod:509987, VÖEN: **********, SWİFT:KABAAZ22 saylı hesaba ödənilməsini xahiş etmişlər. Servis mərkəzində Changan markalı **-AN-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə keçirilmiş texniki baxış nəticəsində müəyyən edilmişdir ki, avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1.688 manat (10% endirim) dəyərində ehtiyat hissələri dəyişdirilməli, 250 manat dəyərində dəmirçi işləri, 350 manat dəyərində boya işləri, 80 manat dəyərində armatur işləri, 30 manat dəyərində razval, montaj işləri və 30 manat dəyərində çilingər işləri görülməlidir. “xxxx” ASC-nin 07/HS-246 saylı xx xxx 2019-cu il tarixli məktubu ilə İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli müraciət məktubuna cavab olaraq baş vermiş yol nəqliyyat hadisəsini qeydə alaraq araşdırmış səlahiyyətli dövlət orqanından sənədlərin surətinin rəsmi alınması tövsiyə edilmişdir. İddiaçı MMC 656.01.61 saylı xx xxx 2019-cu il tarixli məktubu ilə “xxxx” ASC-yə müraciət edərək İddiaçı MMC-nin avtomobilinə dəymiş zərərin qısa vaxtda ödənilməsini xahiş etmişlər. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Sail Hacıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Dövlətov Xalid Mais oğlunun əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Dövlətov Xalid Mais oğlu barəsində AR İXM-nin 327-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsinin 096-25609-1210 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Suraxanı rayonu ərazisində “VAZ-2107” markalı AZ **-LK-*** və “CHANGAN” markalı AZ **-AN-*** dövlət nömrə nişanlı avtomaşının iştirakçı olduğu yol nəqliyyat hadisəsi ilə əlaqədar, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində inzibati icraat aparılmamışdır. Həmçinin, tərəflərindən “VAZ-2107” markalı AZ **-KL-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Dövlətov Xalid Mais oğlu barəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin: 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari Sığortalar haqqında” AR Qanununun: 13.1-ci maddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Göstərilən normaların məzmunundan göründüyü kimi sığortaçı tərəfindən faydalanan şəxsə (sığortalıya və ya sığorta olunan şəxsə) dəymiş zərərin əvəzi olaraq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə ödənilir. İcbari sığorta növlərində icbari sığorta hadisəsi dedikdə isə sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallar başa düşülür. İş materiallarından isə görünür ki, İddiaçı MMC “xxxx” ASC-yə qarşı sığorta ödənişinin həyata keçirilməsi tələbini irəli sürsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin maddi məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış avtomobilin sürücüsü X.Dövlətovun törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-yə məxsus avtomobilə maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə Suraxanı rayon RPİ-nin DYPŞ-nin məhkəmənin sorğusuna cavab məktubuna əsasən müəyyən edilir ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar, inzibati icraat aparılmamış və “VAZ-2107” markalı AZ **-KL-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Dövlətov Xalid Mais oğlu barəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilməmişdir. Eyni zamanda Suraxanı RPİ-nin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarından isə görünür ki, Dövlətov Xalid Mais oğlunun əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sübutlar “xxxx” ASC tərəfindən İddiaçı MMC-yə sığorta ödənişinin həyata keçirilməsi üçün əsas ola biləcək sığorta hadisəsinin baş verməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən Mülki Məcəllənin: 924.1-ci maddəsinə görə sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 933.1-ci maddəsinə görə sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir. 933.1.1-ci maddəsinə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı , hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3-ci maddəsinə görə icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. “İcbari Sığortalar haqqında” AR Qanununun 17.1-ci maddəsinə görə İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış. Göstərilən normaların məzmunundan göründüyü kimi sığorta ödənişinin həyata keçirilməsi üçün sığortaçıya sığorta tələbi ilə birlikdə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış təqdim edilməlidir. Hazırkı işin hallarından isə görünür ki, faydalanan şəxs İddiaçı MMC sığorta ödənişinin həyata keçirilməsi barədə tələblə “xxxx” ASC-yə müraciət edərkən həmin arayışı sığorta tələbinə əlavə etməmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, “xxxx” ASC İddiaçı MMC-nin sığorta tələbi əsasında sığorta ödənişini həyata keçirməkdən imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1841/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1841/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver