Məhkəmə qərarları › İş №e-2-2(113)-1842/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1842/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1842/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, lizinq obyektnin geri qaytarılması, pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: I.İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220482 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 3796.41 manat gecikdirilmiş əsas, 1769.69 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2252.48 manat dəbbə pulu, ümumilikdə 7818.58 manat gecikdirilmiş borc və və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 100 manat rüsum İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2020-ci il tarixli MAS-2490saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220482 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 11 dekabr 2021-ci il tarixdə 398 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07 iyul 2020-ci il tarixli MAS-2490saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 3796.41 manat gecikdirilmiş əsas, 1769.69 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2252.48 manat dəbbə pulu, ümumilikdə 7818.58 manat borcu yaranmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.2 bəndə əsasən lizinq obyekti lizinq alan tərəfindən seçilib. 1.3 bəndə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 13.300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş günü qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. 2.1 bəndə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər-hansı səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. 4.4.2 bəndə əsasən lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək lizinq alanın vəzifəsidir. 5.1-ci bəndə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirlməsi, korlanması, talanması vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 7.2-ci bəndə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. 9.1.4-cü bəndə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl iki dəfədən artıq ödmədikdə və ya 15 təqvim günündən artıq müdddətdə 3 dəfədən artıq ödəniş müddətini gecikdirdikdə lizinq verən lizinq alanı bir ay qabaqcadan xəbərdar etməklə lizinq alana hər-hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. 10.5-ci bəndə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektini geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır. 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı daxili lizinq müqaviləsinə əlavə 1-ə əsasən “Khazar SD” markalı minik maşının ümumi dəyəri 13.300 manat təşkil edir. 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı daxili lizinq müqaviləsinə əlavə 2 olan təhvil təslim aktına əsasən bir ədəd 13.300 manat məbləğində “Khazar SD” markalı nəqliyyat vasitəsi təhvil verilmişdir. Təhvil-təslim aktı "xxxx" MMC tərəfindən təhvil verilmiş, İddiaçı MMC və lizinq alan Cavabdeh olmaqla imzalanaraq təhvil almışdır. Təhvil-təslim aktında qeyd edilmişdir ki, alıcı bütün lizinq obyektini tam həcmdə tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı tərəfindən təhvil verilməsini təsdiq edir. Tərəflərin bir-birinə heç bir iddiaları yoxdur. Bu aktın imzalanması ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə verilir. 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı daxili lizinq müqaviləsinə əlavə 3 olan ödəniş qrafikinə əsasən 397,67 manat aylıq ödəniş xx.xx.2024 tarixinədək ödənilmə şərti ilə tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023 tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı daxili lizinq müqaviləsi üzrə 3.796,41 manat əsas borc, 1.769,69 manat mükafat borcu, 2.252,48 manat cərimə borcu mövcuddur. Cavabdeh İddiaçı MMC-də olan hesabından çıxarışdan məlum olur ki, xx.xx.2021 tarixində sonuncu dəfə 398 manat hesaba mədaxil olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 17 mart 2022 tarixli 794 nömrəli xəbərdarlıq məktubunda 1.273,69 manat məbləğində borcun olduğu, borcun dərhal ödənilməsi tələb edilmiş, müqavilənin 9-cu bəndinə uyğun olaraq müqavilə birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılması tələb olunacağı qeyd olunmuşdur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus lizinq obyekti cavabdehə lizinqə verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş, lizinq obyektini cavabdehin istifadəsinə vermişdir. Lizinq alan lizinq müqaviləsinin şərtlərini pozmuş, müqavilə öhdəliklərini icra etməmişdir. Hazırda iddiaçı tərəflər arasında imzalanmış müqavilənin ləğvini, lizinq obyektinin geri qaytarılmasını və müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan məbləğin ödənilməsini tələb etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülkin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin ləğv edilməsi şərti müəyyən edilmişdir, eyni zamanda cavabdeh tərəfindən lizinq ödənişinin iki dəfədən artıq ödənilməməsi iş materialları ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduğundan iddiaçının iddia tələbi təmin edilməli və tərəflər arasında imzalanmış 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı daxili lizinq müqaviləsi ləğv edilməlidir. Bundan başqa iddiaçı iddia tələbində lizinq obyektinin geri qaytarılmasını qeyd etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 10.1 bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan bu müqavilənin şərtlərini tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikası qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Eyni zamanda mülki qanunvericiliyin yuxarıda sadalanan normasında nəzərdə tutulmuşdur ki, tərəflər arasındakı lizinq müqaviləsinə xitam verildiyi halda lizinq obyekti geri qaytarılmalıdır. Bu baxımdan məhkəmə, hazırda cavabdeh tərəfindən lizinq müqaviləsinin və ona əlavə sazişlərinin cavabdeh tərəfindən pozulduğunun iş materialları ilə öz təsdiqini tapdığını, bundan başqa tərəflər arasında imzalanmış lizinq müqaviləsinin də ləğv edildiyini nəzərə alaraq hesab edir ki, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220482 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılmalıdır. Qeyd edilənlərdən əlavə iddiaçı iddia tələbində həmçinin 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 3796,41 manat gecikdirilmiş əsas, 1769,69 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2252,48 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Lizinq müqaviləsi üzrə aylıq ödənişlərin edilməsi lizinq alan Cavabdeh öhdəliyi olduğu halda, cavabdeh bu öhdəliyin pozmuş, lizinq ödənişlərini tam və vaxtında icra etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, 14 fevral 2023-cü il tarixə 3796,41 manat gecikdirilmiş əsas, 1769,69 manat gecikdirilmiş mükafat cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı 2252.48 manat dəbbə pulunun da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin əsaslı olduğunu, digər tərəfdən isə tərəflərin mənafelərini nəzərə alaraq belə nəticəyə gəlir ki, 190 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 100 manat cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220482 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMCyə geri qaytarılsın. Cavabdeh 07 iyul 2020-ci il tarixli MAS-2490 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2023-cü il tarixə 3796,41 manat (üç min yedd yüz doxsan altı manat qırx bir qəpik) manat gecikdirilmiş əsas borc, 1.769,69 (bir min yeddi yüz altmış doqquz manat altımış doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 190 (bir yüz doxsan manat) manat dəbbə pulu, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 100 (bir yüz) manat rüsum İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar