Məhkəmə qərarları › İş №e-2-2(113)-1845/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1845/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1845/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq odəmədiyi 583 AZN, cərimə məbləği - 296,54 AZN, İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum 40 AZN, ümumilikdə - 919,54 (doqquz yüz on doqquz, 54 qəpik) AZN məbləğdə pul vəsaitini Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyun 2020-ci il tarixli 111716C2 saylı alqısatqı Müqaviləsinə əsasən İddiaçı MMC-nin (Satıcı) istehsal etdiyi süd və süd məhsulları Cavabdeh MMC-yə (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin Malları qəbul edir və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 583 AZN məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 583 AZN təşkil edir. Həmin Müqavilənin 5.2. bəndinə əsasən - Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 11 mart 2022-ci il tarixinə olan cərimənin məbləği 296,54 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 16 iyun 2020-ci il tarixli, 111716C2 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) istehsal etdiyi süd və süd məhsulları "xxxx" MMC-yə (alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin malların qəbul etməsini və bu Müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliyini öz üzərlərinə götürmuşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir. 3.2-ci bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. 3.3-cü bəndinə əsasən malların ödənişi alıcı tərəfindən təhvil alındığı gündən 14 (on dörd) təqvim günü ərzində satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. 5.2-ci bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası kimi, Mülki Məcəllənin 567 və 600.4-cü maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 23.09.2020-ci il tarixli 331863 saylı elektron qaiməsinə əsasən (ƏDV daxil) 280 manat məbləğində, 25.09.2020-ci il tarixli 451223 saylı elektron qaiməsinə əsasən (ƏDV daxil) 55 manat məbləğində, 07.10.2020-ci il tarixli 929255 saylı elektron qaiməsinə əsasən (ƏDV daxil) 84,30 manat məbləğində və 19.10.2020-ci il tarixli 436736 saylı elektron qaiməsinə əsasən 196,81 manat məbləğində mal təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışın və elektron qaimələrin müqayisəli təhlilindən görünür ki, cavabdehin 23.09.2020-ci il tarixli 331863 saylı elektron qaiməsi üzrə 246,90 manat ödənilməmiş borcu mövcuddur, digər 25.09.2020-ci il tarixli 451223 saylı, 07.10.2020-ci il tarixli 929255 saylı və 19.10.2020-ci il tarixli 436736 saylı elektron qaimələr üzrə isə heç bir ödəniş edilməmişdir. Belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, Cavabdeh MMC-yə müəyyən çeşid və miqdarda malların verillməsinə dair elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən buna etiraz daxil olmadığı üçün iddia əsas borcun yəni 583 manat borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 296,54 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 583 manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 50 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. İddianın ilkin mediasiya sessiyası üçün ödənilmiş 40 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 iyun 2020-ci il tarixli 111716C2 saylı alqı-satqı müqaviləsi üzrə 583 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 633 (altı yüz otuz üç) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar