Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1847/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı “ müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi, ekspert rəyi, maliyyə arayışı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh Kredit İttifaqı MMC-yə qarşı iddia ərizəsi il məhkəməyə müraciət edərək, 22 avqust 2019-ci il tarixli 2 nömrəli müqavilə üzrə 73745,67 manat əsas məbləğ üzrə borc, 172,87 manat hesablanmış faiz borcu və 10000 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 400 manat çəkilmiş mediasiya xərci, cəmi 84.618,54 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydalarına görə Agentliyin vəsaitindən istifadə qaydaları müəyyənləşdirilmişdir. Həmin Qaydalara görə Agentliyin vəsaiti aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin müəyyənləşdirilməsinə yönəlir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. Qaydaların 1.3-cü bəndinə əsasən güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir. Qaydaların 3.1-ci maddəsinə əsasən Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Qaydaların 3.4 və 3.5-cü bəndlərinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Agentliyə ödəməlidirlər. Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatlan Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin qalıq məbləğinin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 4.5-ci bəndinə əsaən sahibkarlıq subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında məsuliyyət daşıyırlar. Tərəflər arasında Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında 22 avqust 2019-ci il tarixli 2 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 4.2.7-ci bəndinə əsasən Müvəkkil Kredit təşkilatı Qayda və Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımında icra etməyi öhdəsinə götürmüşdür. Müqavilənin Tərəflər arasında bağlanılmış 22 avqust 2019-ci il tarixli 2 nömrəli müqavilə üzrə “İnci Kredo" Kredit İttifaqı MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 27 sentabr 2022-ci il tarixə 22 avqust 2019-ci il tarixli 2 nömrəli müqavilə üzrə 73745,67 manat əsas məbləğ üzrə borc, 172,87 manat hesablanmış faiz borcu və 10000 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞB/İ3-00270 saylı, xx.xx.2022-ci il taixli arayışı təqdim edilmişdir.Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, əvvəli məhkəmə iclaslarında iştirak edən X1 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə baxışının hədləri: .Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh Kredit İttifaqı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2 nömrəli müqavilənin predmetini Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xətləri çərçivəsində vəsaitin ayrılması müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kreditlərin verilməsi, həminn kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir. 3.1. Agentliyin müraciəti əsasında müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı üçün 100 000 manat məbləği həddində əlavə kredit xətti (limit üzrə vəsait) müəyyən edilir. Limit üzrə əlavə vəsait müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Müvəkkil kredit təşkilatı yalnız hər bir kredit xətti üzrə vəsaiti tam istifadə etdikdən sonra yemi kredit xəttinin açılması üçün Agentliyə müraciət edə bilər. 5.2-ci Müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin qalıq məbləğinin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görə bilər Cavabdeh Kredit İttifaqı MMC tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2019-cu il tarixli, 94 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, kredit komitəsinin xx.xx.2019-cu il tarixli,10 saylı qərarına əsasən X6 və X7 hər birinə 15 000 manat, X15 və X9 hər birinə 10 000 manat olmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit almalı olan fiziki, hüquqi şəxslər və təqdim olunmuş layihələr barədə ətraflı məlumat əlavə edilir. Qeyd olunanları nəzərə alaraq banka təqdim olunan layihələri kreditləşdirmək üçün 50 000 manat vəsaitin hesaba köçürülməsi xahiş edilmişdir. Cavabdeh Kredit İttifaqı MMC tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə xx.xx.2019-cu il tarixli, 105 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, kredit komitəsinin xx.xx.2019-cu il tarixli,12 saylı qərarına əsasən X12, X17. X3, X8 və X4 hər birinə 10 000 manat olmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Kredit almalı olan fiziki, hüquqi şəxslər və təqdim olunmuş layihələr barədə ətraflı məlumat əlavə edilir. Qeyd olunanları nəzərə alaraq banka təqdim olunan layihələri kreditləşdirmək üçün 50 000 manat vəsaitin hesaba köçürülməsi xahiş edilmişdir. Cavabdeh Kredit İttifaqı MMC tərəfindən kreditləşməsinə qərar qəbul edilmiş layihələr haqqında məlumatlar yuxarıda qeyd edilən məktublara əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən tərəflər MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2 nömrəli müqavilə üzrə Cavabdeh Kredit İttifaqı MMC-nin xx.xx.2022-ci il tarixə əsas borc məbləği 73745.67 manat, faiz borcu 172.87 manat, cərimə borcu 10 000 manat olmaqla, ümumilikdə 83918.54 manat təşkil edir. Sonuncu ödəniş tarixi xx.xx.2022-ci ildir. xx.xx.2019-cu il tarixli, ********** nömrəli ödəniş tapşırığına əsasən 50 000 manat və xx.xx.2019-cu il tarixli, ********** nömrəli ödəniş tapşırığına əsasən 50 000 manat olmaqla, ümumilikdə Agentlik tərəfindən Cavabdeh Kredit İttifaqı MMC-nin hesabına 100 000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş kreditlərin verilməsi məqsədilə Cavabdeh Kredit İttifaqı MMC-yə ayrılmış vəsaitlər üzrə geri ödəmə qrafikinə əsasən sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 100 000 manar məbləğində əsas borc, 4697.66 manat məbləğində faiz borcu ödənilməli idi. Gecikən əsas borc məbləği 73745.67 manat, cərimə borcu məbləği 22848.11 manat təşkil edir. xx.xx.2023-cü il tarixli büdcə vəsaitləri alanın şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022xx.xx.2022-ci il tarixləri əhatə edən dövr üzrə Cavabdeh Kredit İttifaqı MMC tərəfindən 21 000, xx.xx.2021-xx.xx.2021-ci il üzrə 27310 manat, xx.xx.2020-xx.xx.2020-ci il üzrə 13728.98 manat, xx.xx.2019-xx.xx.2019-cu il üzrə 1,017.07 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-22-2/2-847/2023 nömrəli məktubla bildirilmişdir ki, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi ilə müvəkkil kredit təşkilatı olan "xxxx" MMC arasında Agentliyin vəsaitindən istifadəyə dair 15 aprel 2019-cu il tarixli 1 nömrəli və 22 avqust 2019-cu il tarixli 2 nömrəli müqavilələr imzalanmışdır. Qeyd olunan müqavilələr üzrə yaranan öhdəliklərin icrası məqsədilə "xxxx" MMC tərəfindən Agentliyin xəzinə hesabına 2019-2022-ci illər ərzində ümumilikdə 63 056,05 manat həcmində vəsait ödənilmişdir. Həmin vəsaitin 31 764,57 manatı (26 254,33 əsas borc və 5 510,24 faiz borcu üzrə olmaqla) 22 avqust 2019-cu il tarixli 2 nömrəli müqavilə üzrə öhdəliklərin icrasına yönəldilmişdir. Qalan 31 291,48 manat həcmində vəsait isə (30 000,00 əsas borc və 1 291,48 faiz borcu üzrə olmaqla) 15 aprel 2019-cu il tarixli 1 nömrəli müqavilə üzrə öhdəliklərin icrasına yönəldilmişdir, "xxxx" MMCnin Agentlik qarşısında 15 aprel 2019-cu il tarixli 1 nömrəli müqavilə üzrə öhdəliyi yoxdur. Hazırda Kredit ittifaqının 22 avqust 2019-cu il tarixli 2 nömrəli müqavilə üzrə Agentlik qarşısında öhdəlikləri mövcuddur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış agentliyin vəsaitindən istifadəyə dair xx.xx.2019-cu il tarixli, 2 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 22 avqust 2019-cu il tarixdə „agentliyin vəsaitindən istifadəyə dair“ 2 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 100 000 manat məbləği həddində kredit xətti açılaraq sonuncunun hesabına xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarına əsasən hər biri 50 000 manat olmaqla, ümumilikdə 100 000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin sözügedən müqavilə üzrə 73745.67 manat məbləğində əsas borc, 172.87 manat məbləğində faiz borcu və 10 000 manat məbləğində cərimə olmaqla, ümumilikdə borc məbləği 83918.54 manat təşkil edir. Qalıq əsas və faiz borcu məbləği ilə bağlı tərəflər arasında yaranmış mübahisənin həll edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş 9/4644 nömrəli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən agentliyə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödənişlərin silinməsinə dair qrafik məlumatları və 22 avqust 2019-cu il tarixli, 2 nömrəli müqavilənin şərtlərinə müvafiq olaraq Cavabdeh Kredit İttifaqı MMC-nin xx.xx.2022ci il tarixə agentliyə olan borcu əsas borc üzrə 73745.67 manat və faiz borcu üzrə 349.11 manat olmaqla, ümumilikdə 74,094.78 manat məbləğində müəyyən olunur. Göründüyü kimi keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı hesablanmış əsas borc məbləği ilə iddia ərizəsində tələb edilən əsas borc məbləği üst-üstə düşür. Faiz borcu isə iddia ərizəsində tələb edilən məbləğə münasibətdə daha çox hesablanmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh Kredit İttifaqı MMC-dən 73745.67 manat məbləğində əsas borc və 172.87 manat məbləğində faiz borcu tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 10 000 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MMin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 3687 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddiaçı iddia tələbində ödənilmiş 400 manat təşkil edən mediasiya xərcinin və 300 manat təşkil edən vəkil xidmətinin də cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İş materiallarına əlavə edilmiş sənədlər iddiaçı tərəfindən məhkəmə xərclərinin bütünlüklə ödənildiyini təsdiqləyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci və vəkil xidmətinə görə 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 50 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-in 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Kredit İttifaqı MMC-dən 22 avqust 2019-cu il tarixli, 2 nömrəli müqavilə üzrə 73745.67 manat əsas borc, 172.87 manat məbləğində faiz borcu, 3687 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 400 manat çəkilmiş mediasiya xərci, cəmi 78305.54 (yetmiş səkkiz min üç yüz beş, əlli dörd) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh Kredit İttifaqı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1847/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1847/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver