Məhkəmə qərarları › İş №e-2-2(113)-1849/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1849/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1849/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə əsas məbləg üzrə 400 manat məbləğində borcun, 140 manat cərimənin, Bakı 2 X3 ödənilmiş 50 manat rüsumunun tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə əsas məbləg üzrə 400 manat məbləğində borcun, 140 manat cərimənin, Bakı 2 X3 ödənilmiş 50 manat rüsumunun tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı, mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1200 manat olmaqla mal almışdır. Həmin məbləğin 400 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 800 manatı xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 400 manat, cərimə borcu isə 140 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Bakı 2 X3 ərizə ilə müraciət edilmişdir, ərizəsi icraata qəbul olunmuşdur, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu mediasiya sessiyasında iştrak etməmiş və bu barədə 20 fevral 2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 50 manat təşkil etmiş və Cəmiyyət tərəfindən ödənilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. ”Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli Alqı-satqı Müqaviləsindən görünür ki, iddiaçı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Bunda sonra "Əlavə 1" adlandırılacaq) əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 1 ədəd Viro massajor RU 30 markalı avadanlıq cavabdehə təhvil verilmiş və mal cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli X1n görünür ki, avadanlığın 1200 manat dəyərindən 400 manat məbləği ilkin ödənilməklə qalan 800 manat məbləğin isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 200 manat ödənilməsi razılaşdırılmışdır. Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri 1200 manat təşkil etmişdir. Cavabdeh malların dəyərinin 400 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq 800 manat məbləği xx.xx.2021-ci il tarixli X2 əsasən ödəməli idi. Cavabdehin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 800 manatdan 400 manatını ödəsə də, bugünə olan əsas məbləğ üzrə qalıq borcu 400 manat, cərimə üzrə borcu 140 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Bunda sonra "Əlavə 1" adlandırılacaq) əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri 1200 manat təşkil etmiş, cavabdeh malların dəyərinin 400 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 800 manat məbləğdən 400 manatını ödəmiş, 400 manat qalıq borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 400 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqaviləsinin 5.2-ci bəndinə əsasən "Alıcı" malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində "Satıcı"ya cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 20 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 30 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 50 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 77,78 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 43,33 manat (50 manat (mediasiya xərci) – 6,67 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 43,33 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən əsas məbləg üzrə 400 manat məbləğində borc, 20 manat cərimə, mediasiya xərcinə görə 43,33 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləg üzrə 400 manat məbləğində borc, 20 manat cərimə, mediasiya xərcinə görə 43,33 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar