Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1849/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, iddia müddəti) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən əsas borc 27000 AZN, ƏDV 4860 AZN və gecikdirilmiş vaxt üçün 4779 AZN məbləğində pul olmaqla, ümumilikdə 36639 AZN pulun və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı X2 ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əsasən satıcı PVC satmağı, “Alıcı” isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən dəyəri 31.860 AZN+18% ƏDV məbləğində olan malları təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli EBBM№ 372825 saylı elektron qaiməyə əsasən “İddiaçı” ümumi dəyəri 27000 manat olan 15000 ton PVC məhsulunu, cəmi 31860 manat dəyərində malı təhvil vermişdir. İddiaçının öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 27000 AZN, ƏDV 4860 AZN olmaqla, ümumilikdə 31860 AZN məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin tələbini nəzərə alaraq cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya gecikdirilmiş günlər üçün 4779 AZN məbləğində pul ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin malların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Mallar alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur. Qaydalara görə elektron qaimə-fakturada qeyd edilmiş malların təhvili həyata keçirilmiş hesab edilməlidir. Göstərilənlərə və işin hallarına əsasən xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 03 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçı X1 xeyrinə ödənilməmiş 27000 manat məbləğində əsas, 4840 manat məbləğində ƏDV və gecikdirilmiş günlər üçün 4779 manat olmaqla cəmi 36639 manat məbləğində borcun, habelə 200 manat məbləğində dövlət rüsumu xərclərin ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.2, 442, 443.1, 445.7 və 598.1 maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsii iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən satıcı PVC satmağı, “Alıcı” isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən dəyəri 31.860 AZN+18% ƏDV məbləğində olan mallar təhvil verilmişdir. xx.xx.2025-ci il tarixində əlavə etdiyi vergi hesabından çıxarışdan göründüyü kimi Cavabdeh tərəfindən iddia tələbində göstərilən qaimə üzrə xx.xx.2021-ci il tarixində 332,10 manat ƏDV ödənişi həyata keçirilmişdir. Mallar alınmasına baxmayaraq, cavabdeh malların dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, cavabdeh öhdəliyi icra etmədiyindən illik beş faiz olaraq 4779 AZN ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsini əldə edə bilməmiş, qarşı tərəfdə həmin müqavilənin var, lakin məhkəməyə təqdim etmir. Müqavilə bağlanan gün mallar təhvil verilmiş və mallar təhvil verilən anda da xx.xx.2021-ci il tarixli EBBM№ 372825 saylı elektron qaimə vurulmuşdur. Cavabdeh malları aldığı gün ödəniş etməli idi, tərəflər arasında nisyə alğısatqı münasibətləri olmamış, müqavilə üzrə mallar verildikdən dərhal sonra ödəniş edilməli idi. E-qaimə vurulan gün ƏDV məbləğindən bir hissə, 332 manat ödəniş olunmuş, geridə qalan məbləği də cavabdeh həmin gün ödəməli idi. Daha sonra tərəflər arasında qeyrirəsmi danışıqlar aparılmış və qarşı tərəfə ödənişlərin edilməsi ilə bağlı 1 aylıq möhlət verilmiş, lakin yenə də tərəf ödəniş etməkdən yayınmışdır. İddiaçı 2023-cü ilin iyun ayında həbs olunmuş, həmin dövrə kimi danışıqlar aparılırmış və bununla bağlı “whatsapp” yazışmaları da var. Həmçinin 2024-cü ildə də məhkəməyə müraciət etmişlər. Həmin eyni məzmunlu tələb üzrə tərəflər arasında razılığın əldə edilməsi, həmçinin sənədlərin toplanması ilə əlaqədar iş baxılmamış saxlanılmışdır. Daha sonra sübutların toplanmasının qeyri-mümkün olduğunu gördükdə 2025-ci ilin yanvar ayında yenidən məhkəməyə müraciət etmişdir. Tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə bildirmişdir ki, 2024-cü ilin sentyabr-oktyabr ayında bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişlər və iddia müddətini ötürməmişlər. 2024-cü ilin sentyabr ayında ödəmə ilə bağlı tərəfə iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir. Malların təyinatından da görünür ki, tərəf aldığı həmin gün ödəniş etməli idi. Sonuncu ödəniş xx.xx.2021-ci il tarixində 332,10 manat ƏDV ödənişi olmuşdur. Tərəflər arasında yalnız qeyri-rəsmi formada danışıqlar aparılmışdır. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi, vəkil X4 iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixli müqavilə ilə birbaşa bağlıdır. Yəni, şəxs həmin müqavilə üzrə Cavabdeh ona 31860 manat borcu olmasını bildirmişdir. Lakin həmin müqavilənin özü iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının iddia ərizəsi formal və səthidir. Lakin iddiaçı öz iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın qanunsuz və əsassız olmasını təsdiq edir. Həmçinin hazırkı iş üzrə iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi müqavilə xx.xx.2021-ci il tarixində bağlanmasını əsas götürsək, iddia müddətinin ötürülməsinin şahidi olarıq. Həmin 3 illik müddət qanunvericilikdə imperativ tələb kimi tanınmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. X2 tərəfindən ona qarşı verilmiş “pul tələbinə tələbinə dair” iddia tələbinin tamamilə rədd olunması olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1 və 373.1-ci maddələrinə istinad olunmuşdur. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 15 noyabr 2021-ci il tarixli EBBM seriyalı, 372825 nömrəli elektron qaimədə xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi əsasən, ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” mal ödənilməsi üçün X2 tərəfindən Cavabdeh təqdim edilmişdir. 16 noyabr 2021-ci il tarixli ƏDV Sub-Uçot Hesabından köçürmələrin siyahısından müəyyən olunur ki, EBBM 372825 elektron qaimə üzrə ƏDV depozit hesabına 332,10 manat vəsait mədaxil olunmuşdur. X2 tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək 18/2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən EBBM seriyalı 372815 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə yaranmış 31860 manat borcun 3 gün müddətinə ödəməyi xahiş olunur. Əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli **********63 nömrəli mədaxil qəbzindən görünür ki, X2 200 manat dövlət rüsumu ödəmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. Maddə 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Maddə 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi barədə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 15 noyabr 2021-ci il tarixli EBBM seriyalı, 372825 nömrəli elektron qaimədən və həmin qaimə üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ƏDV ödənişindən aydın olur ki, iddiaçı cavabdehə 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” malı vermiş, cavabdeh isə həmin mala görə ümumi məbləğdən 332,10 manat ƏDV ödənişi etmişdir. Bu fakt işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Çünki cavabdehin nümayəndəsi etirazında müqavilənin məhkəməyə təqdim edilmədiyini bildirsə də, malların cavabdehə verilmədiyini, tərəflər arasında alqı-satqı olmadığını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə satdığı malın dəyərini tələb etmək hüququ olsa da, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. İddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməyən cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Lakin iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdeh tərəf bu barədə müraicət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış malın dəyəri təhvil verildiyi, elektron qaimə göndərildiyi gün, xx.xx.2021-ci il tarixində ödənilməli idi, bunu iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Həmçinin həmin müqavilə üzrə cavabdeh tərəfindən sonuncu və yeganə ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, daha sonra ƏDV ödənişi edildiyi xx.xx.2021-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini xx.xx.2024-cü il tarixində buraxmışdır. İddiaçı 2024-cü ildə də cavabdehə qarşı eyni tələblə iddia qaldırdıqlarına və iddia ərizəsinin baxılmamış saxlanıldığına istinad edərək iddia müddətini ötürmədiklərini bildirmişdir. Halbuki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bundan başqa iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən 3 il ərzində cavabdehin borcun etirafını göstərən hər hansı hərəkətlər etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1849/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1849/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver