Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-185/2021 28.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Nümayəndə1, İddiaçının (birləşdirilmiş iş üzrə cavabdeh) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Nümayəndə1 cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi və iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair işlərə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 27148 (iyirmi yeddi min yüz qırx səkkiz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 04 avqust 2018-ci il tarixli 04/08/2018 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı olaraq onun tərəfindən alıcı olaraq Cavabdeh MMC-yə kənd təsərrüfatı məhsulları satmaq, alıcı olaraq isə həmin malları qəbul edib onun razılaşdırılmış dəyərini ödəmək öhdəliyi götürmüşdür. Aralarında tərtib və təsdiq edilmiş 17 iyul 2019-cu il tarixli üzləşmə aktına əsasən 01 iyul 2019-cu il tarixinə Cavabdeh MMC-nin ona olan borcu 37574,21 manat məbləğində təşkil etmişdir. Sözügedən üzləşmə aktının tərtib və təsdiq olunduğu vaxtdan sonra cavabdeh tərəfindən ona ümumilikdə 12.200 manat məbləğində vəsaitin ödənilməsi təmin edilmiş, onun tərəfindən isə göstərilən ödənişdən sonra cavabdeh müəssisəyə 1774 manat məbləğində əlavə ət məhsulu satılmışdır. Hazırki vaxta Cavabdeh MMC-nin ona olan borcu ümumilikdə 27148 manat məbləğindədir. Artıq xeyli müddətdir ki, yuxarıda göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə ona dəfələrlə vəd verilsə də, hazırki vaxtadək sözügedən borcun ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə onun da kreditorların qarşısında olan öhdəliyinin gecikməsinə və bunun da kreditorlarının ona qarşı haqlı iddialarına səbəb olmuşdur. Keçən müddət ərzində ona olan borcun ödənilməsinin təmin edilməsi üçün cavabdeh müəssisənin aidiyyəti məsul əməkdaşları ilə aralarında danışıqlar aparılsa da, bu danışıqlar müsbət nəticə vermədiyindən, onun tərəfindən müəssisəyə 29 iyun 2020-ci il tarixində pretenziya göndərilərək ona olan borcun ödənilməsi və aralarında bağlanmış 04 avqust 2018-ci il tarixli 04/08/2019 saylı müqavilənin qarşılıqlı razılığı əsasında ləğv edilməsinin təmin olunması cavabdeh təşkilatdan xahiş edilmişdir, lakin bu günədək sözügedən pretenziyaya bu və ya digər cavab verilməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. İddiaçı Cavabdeh MMC cavabdeh Nümayəndə1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə1 ilə Cavabdeh MMC arasında imzalanmış 04.08.2018-ci il tarixli, 04/08/2018 saylı alqə-satqı müqaviləsinin etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.11.2020-ci il tarixli e-2-2(113)-3606/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-3606/2020 saylı iş iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş e-2-2(113)-2071/2020 saylı işlə bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh fərdi sahibkar Nümayəndə1 ilə müəssisə arasında 04.08.2018-ci il tarixli, 04/08/2018 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə, Nümayəndə1 Cavabdeh MMC-yə ət və ət məhsulları qismində kənd təsərrüfatı məhsulları satmalı, sonuncunun öhəliyi isə həmin məhsulların dəyərini tam şəkildə vaxtlı-vaxtında ödəmək olmuşdur. Lakin cavabdeh həmin məhsulları cəmiyyətə çatdırmamaqla müqavilə müddəalarını birtərəfli qaydada pozmuşdur. Belə ki, müəssisədə əmək müqaviləsi əsasında mühasib ştatında çalışan vəzifəli şəxslə əlbir olan cavabdeh nəzərdə tutulan kənd təsərrüfatı məhsullarını iddiaçıya çatdırmamış və çatdırılmış kimi sənədləşdirmişdirlər. Fakt aydınlaşdırıldıqdan sonra həmin mühasiblə arasında əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin əlində həmin malların iddiaçıya çatdırılmasını təsdiq edən heç bir sübut, qaimə-faktura mövcud deyildir. Odur ki, həmin müqavilənin etibarsız hesab edilməlidir. Həmçinin həmin müqavilənin 2-ci maddəsinin şərtlərinə görə, cavabdeh müqavilə imzalandıqdan sonra nəzərdə tutulan kənd təsərrüfatı məhsullarını iddiaçıya təhvil verməli idi. Malların göndərilməsini təsdiq edən təhvil-təslim aktı da tərtib edilməli və tərəflərin imzası ilə təsdiq edilməli idi. Alqı-satqı müqaviləsinin şərtlərinə görə, əgər göndərilən məhsulların kəmiyyət və keyfiyyətində çatışmamazlıqlar olarsa, cavabdeh həmin malları yenisi ilə əvəz etməli idi. Lakin cavabdeh tərəfindən müqavilənin bu müddəaları da birtərəfli qaydada pozulmuş və müəssisənin mənafeyinə mühüm ziyan vurulmuşdur. Həmin müqavilədə tərəflərdən hansısa biri tərəfindən birtərəfli qaydada ləğv edilməsi qadağan edilmişdir. Alqı-satqı müqaviləsinin 5ci maddəsinin tələblərinə görə, tərəflər arasında yaranan hüquqi mübahisələr danışıqlar yolu ilə həll edilməli idi. Dəfələrlə edilmiş müraciətlərin əksinə, cavabdehlə heç bir ortaq məxrəcə gəlinməmişdir. Odur ki, həmin maddənin tələblərini rəhbər tutub, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Nümayəndə1 məhkəmədən iddia tələbinin təmin edilməsi və birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi vəkil X2 məhkəmədən iddia tələbinin təmin edilməsi və birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Nümayəndə1 cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi təmin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı Nümayəndə1 ilə alıcı Cavabdeh MMC arasında 04 avqust 2018-ci il tarixdə imzalanmış 04/08/2018 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya müqaviləyə əsasən göstərilən kənd təsərrüfatı məhsulları satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən, satıcı müqavilə imzalandıqdan sonra malları alıcıya göndərməlidir. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimı-faktura) verilməlidir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, alınmış malların dəyərini ay ərzində bir dəfə olmaqla təhvil verilmiş malların satılmış hissəsini ödənməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, ödəniş alıcı tərəfindən köçürmə və ya nəğd formasında həyata keçiriləcəkdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş ay ərzində bir və ya iki dəfə olmaqla təyin olunmuş müddətində aparılmalıdır. - 02.04.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək olan dövr üzrə təqdim edilmiş qaimə-fakturalardan görünür ki, Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 232786,97 manat məbləğində mal təqdim edilmişdir. -sifarişçi Cavabdeh MMC və Nümayəndə1 arasında 28 dekabr 2018-ci il tarixdə tərtib olunan 04.08.2018-ci il tarixli müqvailəyə əsasən görülmüş işlər (göstərilmiş xidmət) haqqında üzləşmə aktından görünür ki, fiziki şəxs Nümayəndə1 tərəfindən diri mal təqdim olunması imzalar ilə təsdiq edilmişdir. 2018-ci il üzrə yaranmış borcun dəyəri 69681,71 (altmış doqquz min altı yüz səksən bir manat yetmiş bir qəpik) manat təşkil edir. -alıcı Cavabdeh MMC və Nümayəndə1 arasında bağlanan 17 iyul 2019-cu il tarixli üzləşmə aktından görünür ki, 01 oktyabr 2019-cu il tarixinə alıcının satıcıya olan borcu 37574,21 (otuz yeddi min beş yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat təşkil edir. - Nümayəndə1 “xxxx” ASC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən 09.08.2019-cu il tarixdə 10000 manat, 13.12.2019-cu il tarixdə isə 2205,94 manat ödəniş edilmişdir. - 21.06.2019-cu il tarixli qaimə-fakturadan görünür ki, Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə 1746 manat məbləğində mal təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, satıcı Nümayəndə1 ilə alıcı Cavabdeh MMC arasında 04 avqust 2018-ci il tarixdə 04/08/2018 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, satıcı kənd təsərrüfatı məhsulları satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Tərəflər arasında alqı-satqı münasibətləri yaranmış və tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən 01 oktyabr 2019-cu il tarixinə alıcının satıcıya olan borcu 37574,21 (otuz yeddi min beş yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat təşkil etməsi göstərilmişdir. Daha sonra alıcı tərəfindən 09.08.2019-cu il tarixdə 10000 manat, 13.12.2019-cu il tarixdə isə 2205,94 manat ödəniş edilmişdir. Həmçinin əlavə olaraq 02.04.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək olan dövr üzrə ümumilikdə 232786,97 manat məbləğində mal alqı-satqısı olmuşdur. Qeyd olunan iş üzrə Cavabdeh MMC məhkəməyə müraciət edərək bu iş üzrə iddiaçı Nümayəndə1 ilə aralarında bağlanmış müqavilənin etibarsız sayılması barədə iddia qaldırmışdır. Həmin iddia üzrə iş ilə daha əvvəl məhkəməyə daxil olmuş iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi üzrə işlə birləşdirilərək bir icraata baxılması qərara alınmışdır. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Nümayəndə1 cəmiyyətin mühasibi ilə əlbir olaraq faktiki təqdim edilmiş maldan artıq malın təhvil alınmış və bu səbəbdən də əsassız borc hesablanmışdır. Məhkəmə ilk olaraq iddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımı qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Mövcud olan borc məbləğinin miqdarı tərəflər arasında bağlanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, 01 oktyabr 2019-cu il tarixinə alıcının satıcıya olan borcu 37574,21 (otuz yeddi min beş yüz yetmiş dörd manat iyirmi bir qəpik) manat olmasını müəyyən etmişlər. Həmin üzləşmə aktı ilə cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyinin miqdarını etiraf etmişdir. Budan sonra cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) tərəfindən 09.08.2019-cu il tarixdə 10000 manat və 13.12.2019-cu il tarixdə 2205,94 manat ödəniş edilmişdir. Belə olan halda hazırda iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) 27148 manat borcun ödənilməsində dair iddiasında haqlıdır. Məhkəmə birləşdirilimiş iddia tələbinə münasibətdə bildirir ki, həmin iddia tələbi üzrə iddiaçı tərəf cavabdeh Nümayəndə1 həmin məhsulları cəmiyyətə çatdırmaması, cəmiyyətin mühasib ştatında çalışan vəzifəli şəxslə əlbir olaraq malları iddiaçıya çatdırmaması və sənədlərdə malların çatdırılmış kimi göstərilməsi, həmin malların iddiaçıya çatdırılması təsdiq edən heç bir sübut və qaimə-faktura mövcud olmaması hallarına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3 maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi hazırda iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi niyyəti, tələbinin əsaslandırdığı digər hallara ziddir. Cünki iddiaçı Cavabdeh MMC-nin iddia tələbini əsası olaraq cavabdeh Nümayəndə1 həmin məhsulları cəmiyyətə çatdırmaması, habelə həmin malların iddiaçıya çatdırılması təsdiq edən heç bir sübut və qaimə-faktura mövcud olmamasına dair göstərdiyi hallar əqdin etibarsız hesab edilməsi tələbini təkzib edir. Bundan başqa birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən cavabdeh Nümayəndə1 cəmiyyətin mühasib ştatında çalışan vəzifəli şəxslə əlbir olaraq malları iddiaçıya çatdırmaması və sənədlərdə malların çatdırılmış kimi göstərilməsi barədə əsasına dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, birləşdirilmiş iş üzrə iddiaçı tərəfindən iddia tələbi yuxarıda qeyd olunan hissələrinə dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edildiyindən lakin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsümu iddia tələbində göstərilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Nümayəndə1 aid edilməlidir. Bundan başqa birləşdirilmiş iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümü birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 04.08.2018-ci il tarixli müqavilə üzrə 27148 (iyirmi yeddi min yüz qırx səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 xeyrinə ödənilməlidir. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh MMC-nin birləşdirilmiş iddia üzrə cavabdeh Nümayəndə1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə iddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 27148 (iyirmi yeddi min yüz qırx səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 ödənilsin. İddiaçı Nümayəndə1 tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh Nümayəndə1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh MMC tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-185/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-185/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver