Məhkəmə qərarları › İş №e-2-2(113)-185/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-185/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-185/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X7 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X3 borcun ümumi məbləği olan 92.000 manat pulun müştərək qaydada alınıb, İddiaçı hesabına verilməsinə dair qətnamə və cavabdehlərin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin olduğundan xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X21 ve X24.Ve Tic. LTD.Sti” şirkəti bir ildir Azərbaycana bioloji qida əlavələri ixrac edir. Azərbaycanda X4 onların Azərbaycanda təmsilçiləri olmaq arzusunda olduğunu bildirdikdə şirkət rəhbərliyi onun arzusunu məmnuniyyətlə qarşıladı. Müqavilə bağlayarkən N.Muradovanın tanışı X8 adına Bakıda təmsilçisi olaraq ofis açacaqlarına dair təklif vermiş və şirkət etiraz etdiyindən ofis açılmışdır. Cavabdehlər Türkiyədən onların sifarişi əsasında göndərdikləri məhsulları alıbsatdıqdan sonra pullarını ödəyəcəklərini bildirdilər. Digər firmalarla da bu şəkildə işbirliyində olduqlarını demişlər. Onlar cavabdehlərə inanmış və mallarını göndərmişlər. Mallar Bakıya çatanda pullarını istəmiş, lakin cavabdehlər isə müxtəlif bəhanələr gətirmişlər.. Sonra onlara məlum oldu ki, bütün malları satıb, pullarını isə özləri mənimsəmişlər. Ən sonda isə onlara pul ödəməyəcəklərini bildirmişlər. Onların fakturalarla toplam 21.650 ABŞ dolları (36.805 manat) pullarını iddia üzrə cavabdehlər mənimsəyiblər və pretenziyaya baxmayaraq, bu günə qədər pullarını qaytarmırlar. Buna görə də şirkətin Azərbaycana olan ixracatı yox dərəcəsinə qədər azalmışdır. Bu zərərə görə də maddi vəsaitdən əlavə mənəvi təzminat da tələb edirlər. Aralarındakı şifahi və yazılı əqdlərə görə cavabdehlərlə bağlanmış əqd yazılı və şifahi borc müqaviləsi əsasında ona olan borclarının ümumi məbləği 2019-cu ilin noyabr ayı üçün 92.000 manat təşkil edir ki, həmin məbləği ona ödəməli olduqları halda, ödəmirlər və müxtəlif uydurma bəhanələrlə borcu qaytarmaqdan yayınırlar. Cavabdeh X11 arasında xx.xx.2020-ci il tarixdə Farmaseptik preparatların çatdırılması üçün SUN/11-01 saylı müqavilə bağlamışlar. Cavabdehlərə 08 iyul 2021-ci ildə pretenziya məktubu göndərilərək, borcun qaytarılmadığı təqdirdə məhkəməyə iddia ilə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh pretenziyanı almış olsa da, şirkətə pul ödəməmişdir. Cavabdehlər Cavabdeh2 və X12 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və etirazlarını onunla əsaslandırmışlar ki, X9 türk vətəndaşı Soner Çelik adlı şəxslə 2020-ci ilin fevral ayında bir tanış tərəfindən telefon vasitəsi ilə tanış olmuşdur. Soner Çelik adlı şəxs özü onu ilə əlaqə yaratmış, özünün Qida əlavələri və kosmetik istehsal etdiyi fabrikası olduğunu və Azərbaycanlı vətəndaş ilə işləmək istədiyini bildirdi. Ona isə hər sifariş olunan məhsullardan faiz verəcəyini vəd etmişdir. Həmin vaxt xeyli zaman işlədiyi "xxxx" MMC şirkəti ilə Soner bəyi tanış etdi, ona güvənərək Soner bəyə 8 adda məhsul (1.Altusin-15 ədəd, 2.Miqrafen-10 ədəd, 3.Astraqavit - 10 ədəd, 4.Pulmolizin-5 əoəd, 6.Aminopanten-10 ədəd, 7.Memorin-5 ədəd, 8.Prostatin-10 ədəd) toplam 75 min ədəd alqı-satqısını təşkil etdi. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycanda qida əlavələrini ölkəyə idxal etmək üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məhsul nümunəsi təqdim etdikdən sonra, məhsulda heç bir nöqsan aşkar olunmadıqda rəy verilir. Soner Çelik məhsul nümunələrini göndərməmiş, ekspertiza rəyi alınmamış Lilit MMC şirkətindən 10.000 ABŞ dollar pul almış ve bildirmişdir ki, yeni icarəyə yer götürmüş və xam maddə almağa vəsaiti qalmamışdır. "xxxx" MMC-nin sahibi zəng edərək bildirdi ki, o Soner Çeliki tanımır, onların vasitəsi ilə tanımış, onlar təsdiqləyirsə pul məbləği yollasın. İş gördükləri üçün və Soner Çelikin öz məhsullarının yüksək keyfiyyətdə olduğunu bildirdiyi üçün inanaraq, güvənərək razılıq verdi. İki ay sonra Soner Çelik 8 adda olan məhsul nümunəsini Ekspertizaya yolladı. Həmin 8 adda olan məhsulun laborator analizi üçün dövlət rüsumu ödənişinin hər biri 578,20 manat, toplam 4.625,60 manat təşkil etdi. Həmin məbləği "xxxx" MMC dövlətə keçirdi. Bundan əlavə 8 adda olan məhsulun qutu, içlik və digər sənədlərə görə 1600 manat pulu Soner Çelikin ona vəd etdiyi komissyon haqqı götürəcəyinə inanaraq öz vəsaitindən ödədi. X22 8 adda olan məhsulun laborator analizindən tam yararsız çıxdı və 8 adda olan məhsulun hamısına xitam verildi. Artıq "xxxx" MMC şirkəti Soner Çelik adlı şəxsə 77.000 ABŞ dollar ödəmişdir. Məhsullar burada müsbət rəy almamış, Soner Çelik həmin şirkətdən öncədən pul almışdır. Şirkət onun vasitəsi ilə Soner Çeliki tanıdığı üçün ondan 8 adda olan məhsulun rəyini tələb etməyə başlamışdır. Bu zaman Soner bəyə yeni bir nümunə göndərməsini bildirdi. Yenidən göndərilən məhsulların laborator analiz ödənişlərini və digər xərcləri - toplam 7.825,60 manat manatı öz vəsaiti ilə ödədi. 8 ay sonra nəhayət müsbət rəy alınaraq məhsullar Azərbaycana gətirildi. Məhsul gələndən sonra X2 sertifikat üçün müraciət edildi. Məhsullar uyğun olmadığı üçün agentlikdən yenə rədd cavabı aldı. Ödənilən məbləğləri öz vəsaiti ilə ödədi və həmin vaxt Soner Çelikə ödənişlər olduğunu bildirdi, Soner Çelik isə ona nə lazım olan ödənişləri etməyini bildirdi. Bütün xərcləri borca girərək özü vermişdir. Soner Çelik 77.000 ABŞ dolları alıb əvəzinə uyğun olmayan mal istehsal etmişdir. Etibarı üzərində sifarişləri olduğuna görə Soner Çelikə distribyutor müqaviləsi bağlamaqlarını təklif etdi, o da dərhal qəbul etdi. Bakı şəhəri, Xətai rayonunda ofis icarəyə götürdü və icarələdiyi ofisin şəkillərini, qiymətini Soner bəylə razılaşdı. Soner bəy ona işçi tutmağını da istədi. 5 ay işçiyə, icarəyə, reklam işlərinə 7000 manat xərc çəkdi. Aralarındakı razılaşmaya görə, iddiaçı şirkət bütün yararlıq müddətində tərkibinin uyğunsuzluğu təlimatlarının olmaması, markalanmaması, partiyanın nömrəsinin olmaması və ikinci dərəcəli qablaşdırmada son istifadə tarixinin olmaması və s. daxıl olmaqla, lakin bununla məhdudlaşmayaraq, məhsulların keyfiyyətinə görə məsuliyyət daşıyacaq. Nəzərə çatdırır ki, iddiaçı təşkilat aralarındakı razılaşmanın şərtlərini pozaraq başqa səxslərə onun xəbəri olmadan mal göndərmiş, kifayət qədər gəlir əldə etmişdir ki, həmin gəlirdən ona heç nə ödəməmişdir. Hansı ki, həmin muşətərilər, Soner Çeliklə o tanış etmişdir. 2020-ci ilin avqust ayında Soner bəyə 2 məhsul sifariş verdi. Askorplus və Mekodril adda məhsul Azərbaycana gəldiyi vaxt uzandı və gömrük rüsumu qalxdığına görə, mala təlabat bitdiyinə görə ucuz qiymətə realizasiyaya satdı.. Soner bəydən 2 məhsula qiymət aldı. 1 İnfer və Zenavit. Soner Çelik məhsullara 1,35 ABŞ dolları qiymət verərək daha sonradan məhsulun qiymətini 2,70 ABŞ dolları səviyyəsində işçisinin səhv hesabladığını əsas göstərərək məhsulun qiymətini qaldırdı. Məhsul Azərbaycana zay və keyfiyyətsiz gəldi, tabletlər ovulub tökülürdü. Sifarişçi videosunu çəkib ona yolladı və məhsulu istəmədiyini bildirdi. Bu məsələni Soner Çelikə bildirdi. Soner bəy "elemanım yalnış karışım yaptı" deyərək bildirdi. Həmin məhsulun ödənişini öz vəsaitindən ödəyib və işçi tutaraq həmin məhsuldan bir bir zay malları ayırdı. Daha sonra Soner Çelik onun vəsaiti ilə Vüsal və Faiq adlı şəxslərə onun distribyutor olduğu halda 21 adda məhsul satmış və ona faiz ödəməmək məqsədilə gizlətmişdir. 2020-ci ilin fevral ayında aralarındakı məsələni danışmaq üçün İstanbula 6 məhsulu X5 adına vurduğu üçün yollandı və özünə də bildirdi ki, X5 adına vurulub mal, işlə əlaqəsi yoxdur. X25 üzərinə basqı etdi. Ona 21.600 dollarlıq sənəd imzalatdırdı. Ertəsi gün Elcan İsmayılov təkrar Soner Çeliklə görüşə getdi və bildirdi ki, onlar xərc çəkib, ofis açdıqlarından onlara xeyli miqdarda pul verməlidir. X26 həmin məbləğləri hesaba almayacağını bildirdi. Nəzərə çatdırır ki, eyni ilə o keyfiyyətsiz məhsullardan göndərdiyi kimi onun üzərindən iş gördüyü şirkətə 4 adda zay, çatlaq, keyfiyyətsiz mal göndərib. Hesab-faktura ilə ödəmədiyi pulun açıqlaması budur ki, X23 dövlətində vergi qaçaqcılığı etdiyi üçün fakturada az məbləğ göstərmiş məhsulun qiymətini isə daha artıq satır. xx.xx.2020-ci ildə 1.Mekodril və Askorplus ümumi dəyəri 9.000 ABŞ dolları, xx.xx.2020-ci ildə Biviqam və İnfert ümumi dəyəri 7.250 ABŞ dolları və xx.xx.2021-ci ildə Zenavit və RS-Vera ümumi dəyəri 5.400 ABŞ dolları, cəmi 21.650 ABŞ dolları hesab faktura ilə borc qaldığına görə iddia qaldırmışdır. Pul ödənilməyibsə bu məbləğdə məhsulları nə məqsədlə göndərib. Soner Çelik adlı şəxs ümumilikdə ona 30.000 manat ziyan vurub. Yuxarıda da qeyd etdiyi kimi aralarındakı razılaşmaya əsasən onlar Soner Çelikin Azərbaycandakı rəsmi nümayəndəsi qismində hərəkət etmişlər. Onun tapşırığı və razılığı ilə öz şəxsi vəsaitləri hesabına onun işlərini həll etmək üçün toplam 40.000 manat xərc çəkmişlər. Bundan əlavə onlar Soner Çelik ilə aralarındakı münasibətlərə görə mənəvi ziyan da çəkmişlər. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, müqavilə X12 ilə bağlanıb. X1 ilə aparılıb. Rəsmi olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi yoxdur. Lakin əvvəlki iclasların birində o işləri faktiki olaraq onun idarə etdiyini etiraf etdi. Tərəf 92.000 manat tələb etməyini xahiş edib. O iddiaçının iradəsini ifadə edir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı cavabdehlərin verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil2 əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər Soner Çelik ilə aralarındakı münasibətlərə görə mənəvi ziyan da çəkib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 malların göndərilməsini qəbul etsə də, malların sırasında “İnfert” adlı dərmanın yararsız vəziyyətdə gəldiyini, bununla bağlı videogörüntü təqdim ediləcəyini, dərmanın artıq gömrükdə ovulduğunu, qarşı tərəfin onu dolandırdığını, iddia tələbini qəbul etmədiyini, ona dəymiş ziyanın əvəzini tələb edəcəyini qeyd etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (satıcı) ilə X12 (alıcı) arasında imzalanmış Farmaseptik preparatların çatdırılması üçün Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən etibarən xx.xx.2020-ci il müqavilənin əsasını təşkil edən baş spesifikasiyada göstərilmiş preparatlar üzrə İddiaçı kompaniyasının Azərbaycanda rəsmi eksklüziv distribütoru adlanır. 1.3-cü bəndinə görə satıcı malları alıcıya çatdırmağı öz öhdəsinə götürür. Alıcı isə bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyaya uyğun (1 nömrəli əlavə) çeşiddə və miqdarda dərman preparatlarını (gələcəkdə “məmulat” adlanacaq) qəbul edib və ödəməlidir. 1.4-cü bəndinə görə alıcı məmulatları Azərbaycan Respublikasında satmaq üçün alır. 2.3-cü bəndinə görə satıcı əvvəlcədən ödəmə onun bank hesabına hissələrlə keçirildikdən sonra məmulatların 30 gün ərzində alıcıya çatdırmağı öhdəsinə götürür. 3.3-cü bəndinə görə satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatlar satıcının hesabına iddianın alınmasında 3 aydan gec olmadan yeniləri ilə əvəz olunmalı və satıcının öz hesabına alıcıya göndərilməli və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmalıdır. 3.4-cü bəndinə görə alıcı keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarmalıdır. 3.6-cı bəndinə görə əgər satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcı müqaviləni poza bilər. Bu zaman alıcı satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarır və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcı öz üzərinə götürür. 3.7-ci bəndinə görə alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borcludur. 3.8-ci bəndinə görə keyfiyyətsiz məmulatların keyfiyyətsiz olması Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməlidir. 4.1-ci bəndinə görə alıcı keyfiyyət və kəmiyyət üzrə iddia edərkən o satıcıya ziyanın hesabatını təqdim etməlidir. 4.2-ci bəndinə görə iddialar yazılı surətdə təqdim olunur. 7.1-ci bəndinə görə ödənişlər hissələrlə sifarişlə malın hazır olması barəsində satıcının alıcıya məlumat verməsindən və ya alıcı tərəfindən hər iki tərəfin qarşılıqlı razılığı əsasında hazırlanaraq bu müqavilənin ayrılmaz hissəsi olan rəsmi sifarişə əsasən satıcının hesabına qəbul etdikdən sonra 120 gün müddətində köçürülür. 7.4-cü bəndinə görə məmulatlar satıcıdan alıcıya o zaman təhvil verilmiş hesab olunur ki, onların nəqliyyat qaiməsində çəki, kəmiyyət vahidləri və keyfiyyətləri tam sertifikata uyğun olur. 10.2-ci bəndinə görə bütün mübahisəli məsələlər X16 Məhkəməsində həll oluna bilər və Ali İqtisadi Məhkəmənin qəbul etdiyi qərar hər iki tərəf üçün mütləq və sonuncudur. 11.1-ci bəndinə görə hər iki tərəflə imzalanmış əlavələr bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. 11.4-cü bəndinə görə bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və imzalandığı gündən etibarən 3 il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçı (satıcı) ilə X12 (alıcı) arasında imzalanmış Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli sazişə Qoşma 1 olan xx.xx.2020-ci il tarixli əlavəyə (price list) əsasən 1 ədəd Ascorplus N20 tab adlı məhsulun qiyməti 0,60 ABŞ dollardır. Qoşma 1 (əlavə) alıcının imzası ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 1.508,1 kq olan malların (Mekodril 75 G Gel; Askorplus N20 Tablets) mənşə ölkəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yük alan isə X10r. Qablaşdırma siyahısından (packing list) görünür ki, (58 ədəd Mekodril 75 G Gel, 53 ədəd Askorplus N20 Tablets) qablaşdırılmış (ümumi çəkisi 1.508,1 kq) olan 111 ədəd (Mekodril 75 G Gel; Askorplus N20 Tablets) malların ixracatçısı - İddiaçı, idxalçısı - X10r). xx.xx.2020-ci il tarixli GİB**********007 nömrəli elektron qaimədən (e-arşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (4872 ədəd və 1 ədədin qiyməti 0,6 ABŞ dolları olan Mekodril 75 G Gel; 10128 ədəd və 1 ədədin qiyməti 0,6 ABŞ dolları olan Askorplus N20 Tablets) ümumi dəyəri 9.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2020-ci il tarixli GİB**********007 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (4872 ədəd və 1 ədədin qiyməti 0,6 ABŞ dolları olan Mekodril 75 G Gel; 10128 ədəd və 1 ədədin qiyməti 0,6 ABŞ dolları olan Askorplus N20 Tablets) ümumi dəyəri 9.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavəsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən (ümumi dəyəri 9.000 ABŞ dolları) malı qəbul edən (idxalatçı) X7 ünvanlanmış invoys dəyəri 2.923,20 ABŞ dolları olan 4872 ədəd Mekodril 75 G Gel (və əlavəyə əsasən 6.076,80 ABŞ dolları olan 10128 ədəd Askorplus N20 Tablets) AR-in gömrük sərhədindən keçirilərək X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 1.265,5 kq olan malların (Bivigam B6 No 30 capsul; İnfert No 60 tablet) mənşə ökəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yükalan isə X10r. Qablaşdırma siyahısından (packing list) görünür ki, (50 ədəd Bivigam B6 No 30 capsul, 66 ədəd İnfert No 60 tablet və 1 ədəd İnfert No 60 tablet) qablaşdırılmış (ümumi çəkisi 1.265,5 kq) olan 117 ədəd (Bivigam B6 No 30 capsul; İnfert No 60 tablet) malların ixracatçısı - İddiaçı, idxalçısı - X10r). xx.xx.2020-ci il tarixli GİB**********014 nömrəli elektron qaimədən (e-arşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (5.000 ədəd və 1 ədədin qiyməti 0,7 ABŞ dolları olan Bivigam B6 No 30 capsul; 5.000 ədəd və 1 ədədin qiyməti 0,75 ABŞ dolları olan İnfert No 60 tablet) ümumi dəyəri 7.250 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2020-ci il tarixli GİB**********014 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların (5.000 ədəd və 1 ədədin qiyməti 0,7 ABŞ dolları olan Bivigam B6 No 30 capsul; 5.000 ədəd və 1 ədədin qiyməti 0,75 ABŞ dolları olan İnfert No 60 tablet) ümumi dəyəri 7.250 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin əlavəsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən (ümumi dəyəri 7.250 ABŞ dolları) malı qəbul edən (idxalatçı) X7 ünvanlanmış invoys dəyəri 3.500 ABŞ dolları olan 5000 ədəd Bivigam B6 No 30 capsul (və əlavəyə əsasən 3.750 ABŞ dolları olan 5000 ədəd İnfert No 60 tablet) AR-in gömrük sərhədindən keçirilərək X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 142,5 kq olan malın (RS-Vera 30 capsul) mənşə ökəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yükalan isə X10r. Qablaşdırma siyahısından (packing list) görünür ki, (30 ədəd RS-Vera 30 capsul) qablaşdırılmış (ümumi çəkisi 142,5 kq) olan 30 ədəd (RS-Vera 30 capsul) malların ixracatçısı - İddiaçı, idxalçısı - X10r). xx.xx.2021-ci il tarixli GİB**********001 nömrəli elektron qaimədən (e-arşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malın (3.000 ədəd və 1 ədədin qiyməti 1 ABŞ dolları olan RS-Vera 30 capsul) ümumi dəyəri 3.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2021-ci il tarixli GİB**********001 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların 3.000 ədəd və 1 ədədin qiyməti 1 ABŞ dolları olan RS-Vera 30 capsul) ümumi dəyəri 3.000 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) X7 ünvanlanmış invoys dəyəri 3.000 ABŞ dolları olan 3000 ədəd RS-Vera 30 capsul AR-in gömrük sərhədindən keçirilərək X5 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 558,4 kq olan malın (Zenavit 60 capsules) mənşə ökəsi Türkiyə Respublikası, yükgöndərən İddiaçı, yükalan isə X10r. Qablaşdırma siyahısından (packing list) görünür ki, (40 ədəd RS-Vera 30 capsul) qablaşdırılmış (ümumi çəkisi 558,4 kq) olan 30 ədəd (Zenavit 60 capsules) malların ixracatçısı - İddiaçı, idxalçısı - X10r). xx.xx.2021-ci il tarixli GİB**********002 nömrəli elektron qaimədən (e-arşiv fatura) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malın (3.000 ədəd və 1 ədədin qiyməti 0,80 ABŞ dolları olan Zenavit 60 capsules) ümumi dəyəri 2.400 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2021-ci il tarixli GİB**********002 nömrəli hesab-fakturadan (proforma invoice) görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş malların 3.000 ədəd və 1 ədədin qiyməti 0,80 ABŞ dolları olan Zenavit 60 capsules) ümumi dəyəri 2.400 ABŞ dolları təşkil edir (ixracatçı - İddiaçı, idxalçı - X10r). xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) X7 ünvanlanmış invoys dəyəri 2.400 ABŞ dolları olan 3000 ədəd Zenavit 60 capsules AR-in gömrük sərhədindən keçirilərək X5 adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 və X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Məhkəmə iclasında iş materiallarında olan səsli görüntülərin qeyd edildiyi diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, səsli görüntüdə Nərmin xanıma müraciət edilərək, Soner bəy tərəfindən göndərdiyini söyləyən məhkəmə üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən masanın üstündə olan bir neçə dərman tabletlərinin əl ilə sıxılaraq ovulduğu müşahidə edilir. Həmçinin görüntülərdən müəyyən edilir ki, həmin dərman tabletlərinin yanında “İnfert” adlı boş dərman qutusu vardır. Əsaslandırıcı hissə: Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə İddiaçı ilə X12 arasında bağlanılmış Farmaseptik preparatların çatdırılması (alqı-satqı) müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərindən də göründüyü kimi tərəflər müqavilədən irəli gələn mübahisələrə hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməmişlər. Müqavilədə nəzərdə tutulmuş həmin müqavilədən irəli gələn mübahisələrə X18 Məhkəməsində baxılması barədə qeyd-şərtə gəldikdə məhkəmə qeyd edir ki, belə bir qurum mövcud olmadığından müqavilənin göstərilən şərti etibarlı şərt kimi qiymətləndirilmir. Bununla yanaşı işə məhkəmədə baxılarkən cavabdeh tərəfindən də mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia üzrə birgə cavabdehlərin hər birinin yaşayış yeri və olduğu yer Azərbaycan Respublikasıdır, eləcə də iddia icrası qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli müqavilədən irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də, AR MPM-in müvafiq normalarına əsasən AR məhkəmələri mübahisəyə baxmaqda səlahiyyətlidirlər. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin, yəni Türkiyə Respublikasının hüququdur. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları ilə hazırki müqavilədən irəli gələn mübahisələrə xarici ölkənin hüququnun tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsüsi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xarici hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün zəruri tədbirləri görmüşdür. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədlərin məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alğı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, müqavilə üzrə dəbbə pulunun tutulması qaydası və əsasları barədə müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı farmaseptik preparatların çatdırılması (alqı-satqı) barədə xx.xx.2020-ci il tarixli Sun/11-01 saylı müqavilə əsasında cavabdeh X7 mallar təqdim etdiyini, lakin cavabdehin həmin müqavilə üzrə 92.000 manat məbləğində borcunun ödənilməmiş qaldığını, nəticədə onlara maddi və mənəvi zərər vurulduğunu, eləcə də sözügedən müqavilənin Cavabdeh2 təklifi ilə bağlandığını, müqavilənin bağlanması zamanı danışıqlarda Cavabdeh2 iştirak etdiyini əsas göstərərək həmin borcun cavabdeh X3 və Cavabdeh2 tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş farmaseptik məmulatların keyfiyyətsiz olduğunu, tabletlərin ovulub töküldüyünü və iddiaçı tərəfindən onlara maddi və mənəvi ziyan vurulduğunu əsas göstərərək iddianın rədd edilməsini tələb edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatda İddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə 21.650 ABŞ dolları dəyərində dərman preparatlarının təqdim edilməsi faktını təsdiq etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eynilə göstərilən fakt iş materiallarında olan sənədlərlə də təsdiq edilir. Belə ki, iş materiallarında olan gömrük bəyannamələri, invoys və qablaşdırma siyahılarından müəyyən edilir ki, mübahisə predmeti olan cəmi 21.650 ABŞ dolları dəyərində olan mallar İddiaçı tərəfindən cavabdeh X5 adına AR-ə göndərilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətsiz dərman preparatlarının təqdim edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı tərəfindən bu müqaviləsinin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatlar satıcının hesabına iddianın alınmasında 3 aydan gec olmadan yeniləri ilə əvəz olunmalı və satıcının öz hesabına alıcıya göndərilməli və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmalıdır. Alıcı keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarmalıdır. Satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcı müqaviləni poza bilər. Bu zaman alıcı satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarır və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcı öz üzərinə götürür. Alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borcludur. Keyfiyyətsiz məmulatların keyfiyyətsiz olması Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməlidir. Alıcı keyfiyyət və kəmiyyət üzrə iddia edərkən o satıcıya ziyanın hesabatını təqdim etməlidir. İddialar yazılı surətdə təqdim olunur. İş materiallarından isə görünür ki, cavabdeh E. İsmayılov etirazında göstərilmiş dəlilləri, yəni iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətsiz olduğunu, eləcə də keyfiyyətsiz mallarla bağlı müqavilədə nəzərdə tutulmuş prosedurlara (malların keyfiyyətsiz olması barədə satıcıya yazılı formada xəbər verilməsi, malların əvəz edilməsi ilə bağlı satıcıya vaxt verilməsi, malların keyfiyyətsizliyinin laboratoriya rəyi ilə təsdiq edilməsi və s.) riayət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüyə münasibətdə isə qeyd edir ki, sözügedən görüntüdə müşahidə edilən və ovulan dərman preparatlarının məhz iddiaçı tərəfindən cavabdeh E. İsmayılova təqdim edilmiş mübahisəli dərman preparatlarının olub-olmaması, eləcə də tabletlərin ovulmasının onların keyfiyyətsizliyi ilə bağlı olub-olmaması aydın deyil, odur ki, həmin görüntülər iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətsiz olması faktının müəyyən edilməsi üçün yetərli sübut hesab edilə bilməz. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Sun/11-03 saylı müqaviləyə, həmin müqaviləyə əlavəyə və xx.xx.2020-ci il tarixli müqaviləyə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlər tərəflərin yalnız biri tərəfindən imzalandığından onların tərəflər arasında bağlanmış müqavilələr kimi qiymətləndirildirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X21 Ve X24ayi ve Ticaret Limited Şirkəti ilə cavabdeh X12 arasında xx.xx.2020-ci il tarixli Sun/11-01 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi 36.805 manat dəyərində olan farmaseptik preparatları cavabdeh X7 təqdim etmiş, lakin cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin: 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə alqı-satqı müqaviləsinə əsasən 36.805 məbləğində malların İddiaçı tərəfindən cavabdeh E.İsmayılova təqdim edildiyini, lakin həmin malların müqabilində iddiaçıya ödənişin edilmədiyini nəzərə alaraq hesab edir ki, mübahisəli hüquq münasibətində satıcı olan iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin malların dəyərinin ödənilməsini alıcıdan - cavabdeh E.İsmayılovdan tələb etmək hüququna malikdir. İddia tələbinin qalan 55195 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddiasının əsaslı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. İddia tələbi digər Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin: 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi Cavabdeh2 mübahisəli alqı-satqı müqaviləsində tərəf kimi iştirak etmədiyindən həmin müqavilənin onun üçün hər hansı bir vəzifə yaratması istisna olunur. İddiaçının Cavabdeh2 qarşı iddiasını əsaslandırmaq üçün istinad etdiyi danışıqların Cavabdeh2 tərəfindən aparılması, Cavabdeh2 iddiaçı şirkətə E.İsmayılovla müqavilə bağlanmasını təklif etməsi və işlərin Cavabdeh2 tərəfindən idarə edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar Cavabdeh2 iddiaçı şirkətlə (satıcı) cavabdeh E. İsmayılov (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə alıcı ilə birgə məsuliyyət daşıması anlamına gəlmir. Bundan əlavə Cavabdeh2 belə bir öhdəliyinin yaranması üçün əsas ola biləcək etibarlı müqavilənin (məsələn, zaminlik müqaviləsinin) mövcudluğu da iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən cavabdehlərin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi etirazın məzmunundan cavabdeh E.İsmayılov və Cavabdeh2 dərman preparatlarının alqı-satqısının təşkil edilməsi ilə bağlı birgə fəaliyyət göstərdikləri aydın olsa da, etirazda E. İsmayılovun mübahisəli alqı-satqı müqaviləsi üzrə alıcı olması faktı inkar edilmir (Əksinə etirazda hətta E. İsmayılovun mübahisəli müqavilə üzrə borcun ödənilməsi ilə bağlı iddiaçı şirkətlə danışıqlar aparması, o cümlədən xərcin borcun ofis açılması ilə bağlı çəkilmiş xərclərlə əvəzləndirilməsi ilə bağlı təklif verməsi göstərilmişdir). Belə olan halda mübahosəli alqı-satqı müqaviləsinin alıcı qismində E. İsmayılovla deyil, əslində Cavabdeh2 ilə bağlanması da müəyyən edilmir. Belə olan halda iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsas yoxdur. Cavabdehlərin etirazlarında istinad etdikləri iddiaçı ilə AR-də müstəsna distribütorluq müqaviləsi bağlanmasına baxmayaraq iddiaçının mallarını AR-də başqa şəxslərə də satması, cavabdehin təqsirli əməlləri nəticəsində onlara 40.000 manat məbləğində maddi zərər, eləcə də mənəvi zərər dəyməsi barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülmədiyindən göstərilən hallar hazırkı iş üzrə araşdırma predmeti deyil. Digər tərəfdən cavabdehlərin istinad etdiyi yuxarıda göstərilən hallar öz təsdiqini tapsa belə cavabdeh E.İsmayılovu alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyindən azad etmir. Bununla yanaşı cavabdehlərin əməllərində cinayət tərkibi əlamətlərinin olmasının araşdırılması üçün xüsusi qərardad qəbul edilməsi barədə iddiaçının tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilməmişdir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 366 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdeh E.İsmayılovdan tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 36.805 (otuz altı min səkkiz yüz beş) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X21 Ve X24ayi ve Ticaret Limited Şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar