Məhkəmə qərarları › İş №e-2-2(113)-1852/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1852/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1852/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3620 manat məbləğində əsas borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla Alıcını təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Tərəflər arasında aparılan əməliyyatlar üzrə qalıq borcun təsdiq edilməsi və müqavilə üzrə Alıcı tərəfindən Satıcıya ödənilməli olan məbləğin müəyyən edilməsi məqsədilə 1550 nömrəli “üzləşmə aktı” imzalanmışdır. Həmin aktdan görünür ki, uçot məlumatlarına əsasən, müştərinin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 4.464,53 manat qalıq borcu olduğu müəyyən edilmiş və Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş “Maliyyə Arayışı”ndan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli 17774 nömrəli alqı-satqı müqaviləsinə əsasən 30 iyul 2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan qalıq borcu 3620 manat təşkil edir. Tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndinə əsasən, “Alıcı”ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. Ödəniş 21 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir. Müqavilənin 4.5-ci maddəsi Alıcı Satıcıya olan borcun ödənişini 3.1- ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya sonuncunun tələbinə əsasən, gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05%-i miqdarında cərimə ödənilməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bu günə kimi tam həcmdə icra etməmişdir. Belə ki, müqaviləyə uyğun sifariş olunan mallar cavabdehə təhvil verilməsinə baxmayaraq malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 3620 AZN məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,425.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla Alıcını təmin etməyi, “Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən malın qiyməti satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə Alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi Satıcının müstəsna səlahiyyətidir. Müqavilənin 3.1-ci bəndinə görə Alıcıya təhvil verilmiş malın dəyərinin ödənilməsi malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. Ödəniş 21 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla Satıcıya ödəniləcəkdir. 07 aprel 2023-cü il tarixli 1550 saylı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin faktiki borcunun 4464,53 manat olmasını İddiaçı MMC ilə Cavabdeh MMC imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli malların təhvil qəbul aktlarından görünür ki, müvafiq olaraq 559,26 manat, 1123,53 manat, 460,27 manat, 32,30 manat, 1122,32 manat, 551,03 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər. İş materiallarında olan EBCM seriyalı, 018364 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1123,53 manat, EBCL seriyalı, 860995 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 460,27 manat, EBCL seriyalı, 816975 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 32,30 manat, EBCL seriyalı, 571060 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1122,32 manat, EBCL seriyalı, 445740 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 559,26 manat, EBCL seriyalı, 154805 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 551,03 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə qalıq borcu 3620 manat olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 3620 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, həmçinin tərəflər arasındakı üzləşmə aktını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3620 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3620 (üç min altı yüz iyirmi) manat məbləğində əsas borc və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar