Məhkəmə qərarları › İş №e-2-2(113)-1859/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1859/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1859/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2360 manat məbləğində pulun və 43.60 manat rüsumun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış 253/S- 2018 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, alıcı İddiaçı MMC-dən tikinti materiaları almışdır. Əldə etdiyi tikinti materiallarının dəyərini ödəmədiyinə görə, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC- nin borcu 2360 manat təşkil edir. Bununla əlaqədar olaraq, cavabdehə iddia ərizəsinə əlavə etmiş olduğumuzelektron qaimələr və təhvil-təslim aktları əsasında mallar təhvil verilmişdir. Bu Müqavilənin 2.3 -cü bəndinə əsasən, cavabdeh, İddiaçı MMC-dən təhvil aldığı mal və materialların dəyərini 15 gün müddətinə, köçürmə yolu ilə Satıcıya ödəməli idi. Müqavilə üzrə "xxxx" MMC öhdəliklərini icra etməmiş və xx.xx.2024-cü il tarixinə, "xxxx"MMC -yə 2360 manat borcu qalmışdır. İddia ərizəsi və pretenziya cavabdeh "xxxx" MMC- yə Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və AzeriExspress vasitəsilə çatdırılmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi P.Əlizadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübutu Məhkəməyə təqdim etməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 972/S-2020 saylı müqaviləyə əsasən satıcının anbarından alıcı tərəfindən mal və avadanlıqların alınması müqavilənin predmetini təşkil edir.

7. Müqavilənin 1.2-ci bəndinə əsasən alınan mal və avadanlıqların hər bir partiyası üçün tərəflər bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə tərtib edirlər. Həmin əlavədə alınan mal və avadanlığın adı, növü, sayı və qiyməti barədə məlumat olmalıdır.

8. Müqaviləyə 18 sentyabr 2020-ci il tarixli 09 saylı Əlavə Qiymətlərin razılaşdırma protokolua əsasən tərəflər 3342,99 manat məbləğində malın alqı-satqısı barədə razılığa gəlmişlər.

9. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 18 sentyabr 2020-ci il tarixli 09 nömrəli mal və materialların təhvil-təslimi haqqında akta əsasən iddiaçı təərfindən cavabdehə 3342,99 manat məbləğində mal təhvil verilmişdir. Akt cavabdeh tərəfindən təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən cavabdehə EBAQ 150696 nömrəli xx.xx.2020-ci il tarixli 3342,99 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin borcu 2360 manat təşkil edir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 972/S-2020 saylı nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

18. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2360 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 43.60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2360 manat məbləğində pul, ödənilmiş 43,60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2403,60 (iki min dörd yüz üç manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar