Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 02 saylı nəqliyyat ekspedisiya müqaviləsi üzrə 1785 (min yeddi yüz səksən beş) manat, gecikdirməyə görə 178,50 manat, nəqliyyat vasitəsinin boş dayanmasına görə 850 manat olmaqla, ümumilikdə 2813,50 (iki min səkkiz yüz on üç manat əlli qəpik) manat məbləğində pulun və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 02 saylı nəqliyyat ekspedisiya müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə daşıyıcı İddiaçı sifarişçi Cavabdeh MMC-yə məxsus malları daşımağı, sifarişçi isə həmin xidmətin qarşlığında daşıyıcıya xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında daşıma əməliyyatı xx.xx.2022-ci il tarixində baş tutmuş, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh MMC-yə məhsullar gömrük postundan idxal olunmuşdur. Sözügedən idxalla bağlı müvafiq gömrük bəyannaməsi tərtib olunmuşdur. Lakin daşıyıcı müqavilə üzrə öz öhdəliyini icra etməsinə baxmayaraq, daşıma haqqı olan 1785 manat məbləğində pul cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdehə xx.xx.2022-ci il tarixli, 516404 nömrəli elektron qaimə göndərilməyinə və həmin qaimənin cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bu günədək sözügedən xidmət haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 854.1-ci maddəsinə görə yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtibdilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Bununla bağlı cavabdehə elektron qaydada xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilsə də, həmçinin qanuna müvafiq qaydada mediasiya mərhələsindən keçməsinə baxmayaraq, öhdəliyin icrası barədə cəhdlər nəticəsiz qalmışdır. Belə ki, 2 aydan artıq müddətdir ki, öhdəliyin icra olunması cavabdeh tərəfindən gecikdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun tələbinə görə gecikdirilmiş illik 5 faiz də daxil olmaqla (1785 manatın 5%-i 89,25 x 2 ay = 178,50 manat), cavabdehin iddiaçıya ümumilikdə 1963,50 manat borcu qalmışdır. Həmçinin cavabdehin məsuliyyətsiz və biganə davranışları nəticəsində iddiaçıya məxsus yük maşını 5 gün normadan artıq gömrük postunda saxlanılmışdır ki, bununla da iddiçı xeyli maddi zərərə məruz qalmışdır. Belə ki, maşının normal dövriyyə şəraitində istifadəsindən məhrum olduğu üçün iddiaçı əldən çıxmış fayda kimi əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Yəni ərizəyə əlavə edilmiş gömrük bəyannaməsindən də görünür ki, nəqliyyat vasitəsi cavabdehin təqsiri ucbatından normadan artıq, yəni xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək gömrük postunda saxlanılmışdır. Normativ saxlama müddəti isə 48 saatdır. Ərizəyə əlavə olunmuş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, normadan artıq durma xərci MDB ölkələrində 100 ABŞ dolları kimi müəyyən olunmuşdur. Yəni iddiaçıya məxsus nəqliyyat vasitəsi gömrük postunda normadan artıq, 5 gün boş dayanmaya məruz qalmışdır ki, həmin boş dayanmaya görə hesablanmış 500 ABŞ dolları da Azərbaycan manatının məzənnəsinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Belə ki, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarının 10.8-ci maddəsinə görə sifarişçinin avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsini icra etməkdən yazılı surətdə imtina etməsi daşıyıcının avtonəqliyyat vasitəsinin dayanacaq yerində boş dayanmasına görə sifarişçiyə qarşı pretenziya irəli sürməsinə əsasdır. Həmin qaydaların 47.12-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin yüklənmə və ya boşaldılmasında müqavilə ilə müəyyən edilmiş vaxt normasından artıq vaxt sərf edildiyinə, o cümlədən yükgöndərənin (yükalanın) təqsiri üzündən yaranan hallarda avtonəqliyyat vasitəsinin dayanacaq yerində və ya hərəkət yolunda boş dayanmasına görə, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa, yükgöndərən (yükalan) saat hesabı tarifə uyğun daşıyıcıya dəbbə pulu ödəməlidir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırılmadığı üçün iddiaçı müqavilə üzrə öz öhdəliyini icra etməmişdir. İddiaçının istinad etdiyi tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02 saylı nəqliyyat ekspedisiya müqaviləsinin 2-ci maddəsində ödəmə şərtləri göstərilmişdir. Həmin maddənin 2.1-ci bəndinə əsasən sifarişçi ödənişi Təhvil-təslim aktı imzalandıqdan və elektron qaimə faktura təqdim etdikdən 3 (üç) təqvim günü ərzində daşıyıcının hesablaşma hesabına köçürmə yolu ilə ödəyir. Təhvil-təslim aktı yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra imzalanacaqdır. Müqavilənin bu şərtləri deməyə əsas verir ki, yalnız iddiaçı tərəfindən yüklər təyinatı yerinə çatdırılması barədə təhvil-təslim aktı və elektron qaimə faktura təqdim edildiyi təqdirdə cavabdeh ödənişi həyata keçirməli idi. Lakin məhkəməyə təqdim olunmuş sübutlardan da, müəyyən etmək olar ki, iddiaçı malların təyinatı üzrə çatdırılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli nəqliyyat ekspedisiya müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün üzərinə düşən öhdəliyi başa çatdırmadığı xidmətə görə cavabdehdən pul tələb edə bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Daşıyıcı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 02 nömrəli nəqliyyat - ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən daşıyıcı, sifarişçinin sifarişinə əsasən yüklərinn daşınması xidməti yerinə yetirməyi, sufarişçi isə həmin əməliyyatlar müqabilində daşıyıcıya xidmət haqqını ödəməyi öhdəsinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi ödənişi Təhvil-təslim aktı imzalandıqdan və elektron qaimə faktura təqdim edildikdən 3 (üç) təqvim günü ərzində daşıyıcının hesablaşma hesabına köçürmə yolu ilə ödəyir. Təhvil-təslim aktı yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra imzalanacaqdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən xidmət haqqının ödənilməsi bu müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirilərsə, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,01 %-i məbləğində peniya ödəyəcəkdir. - xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 516404 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1785 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 826155 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 850 manat təşkil edir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1400-024/0xx-xx/005161 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 500/1320 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdehnə məxsus **********0572 sorğu nömrəli gömrük bəyannaməsi (surəti əlavə olunur) ilə bəyan edilmiş mallar **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna xx.xx.2022-ci il tarixdə daxil olaraq və xx.xx.2022-ci il tarixdə buraxılışı təmin edilərək gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. - xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, Cavabdehnə (AZ1015, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, ev 50, mənzil 52) “Oçakovskiy” 0,5 litrlik alüminium bankalarda – 3456 ədəd (144 qutu – 2 paddon) mallar gətirilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1400-024/0xx-xx/009570 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 1320 nömrəli məktubuna cavab olaraq bildirilir ki, Cavabdeh MMC-nin ünvanına Rusiya Federasiyasından 99OR960/99ZK960 dövlət nömrə nişanlı yük avtomaşınında daxil olan və **********0572 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yükə “İpək Yolu” gömrük postunun böyük inspektoru Nicat Hüseynov qanuna müvafiq qaydada xx.xx.2022-ci il tarixdə “İpək Yolu” gömrük postunun ərazisində sürücünün və Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı ilə gömrük yoxlaması keçirmişdir. Baxış zamanı mallar bəyannamə ilə eyniləşdirilmiş, heç bir uyğunsuzluq aşkar edilmədiyindən xx.xx.2022-ci il tarixində yükün “İpək Yolu” gömrük postundan buraxılışı təmin edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş xx.xx.2022ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 02 saylı nəqliyyat ekspedisiya müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə daşıyıcı İddiaçı sifarişçi Cavabdeh MMC-yə məxsus malları daşımağı, sifarişçi isə həmin xidmətin qarşlığında daşıyıcıya xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazında qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanılmış nəqliyyat ekspedisiya müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün üzərinə düşən öhdəliyi başa çatdırmadığı xidmətə görə cavabdehdən pul tələb edə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə malların çatdırılması ilə bağlı sübutlarını məhkəməyə təqdim etmişdir (elektron qaimə, gömrük bəyannaməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1400-024/0xx-xx/005161 nömrəli və xx.xx.2022-ci il tarixli, 1400- 024/0xx-xx/009570 nömrəli sorğuya cavab məktubları). Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 1785 (min yeddi yüz səksən beş) manat məbləğində pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən 1785 (min yeddi yüz səksən beş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə 2 ay üzrə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 178,50 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən 2 aylıq gecikdirməyə görə 15 manat (1785 manat əsas borcun 5%-i = 89,25 manat : 12 ay = 7,4375 manat x 2 ay = 14,87 ~ 15 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən nəqliyyat vasitəsinin boş dayanmasına görə 850 manat pulun tutulması təşkil edir. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə sübuta yetirilmir. Belə ki, nəqliyyat vasitəsinin gömrük postunda cavabdehin məsuliyyətsiz və biganə davranışları nəticəsində 4 gün dayanmasına, buna görə iddiaçının maddi zərərə məruz qalmasına, iddiaçının əldən çıxmış fayda kimi əldə edəcəyi gəlirlərdən məhrum olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1785 (min yeddi yüz səksən beş) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 15 (on beş) manat, 60 manat mediasiya xərci olmaqla, cəmi 1860 (min səkkiz yüz altmış) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-186/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-186/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver