Məhkəmə qərarları › İş №e-2-2(113)-1862/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1862/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1862/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: satınalma müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ETTBİDE002 saylı alqı-satqı müqaviləsi və ona əlavə olunan qiymət razılaşma protokollarına əsasən yaranmış 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) əsas borc və 3333,71 manat (üç min üç yüz otuz üç manat yetmiş bir qəpik) cərimə və ödənilmiş 147,40 manat (bir yüz qırx yeddi manat qırx qəpik) məbləğində dövlət rüsumu olmaqla, cəmi 19280,71 manat (on doqquz min iki yüz səksən manat yetmiş bir qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh AR SN “X1 İnstitutu” PHŞ arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ETTBİDE002 saylı alqı-satqı müqaviləsi və ona əlavə olunan qiymət razılaşma protokollarına (QRP-yə) əsasən iddiaçı cavabdehə dəftərxana və təsərrüfat mallarını təhvil verməyi, cavabdeh isə bu malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən 18 yanvar 2024-cü il tarixli, EBDW, 281141 saylı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura əsasında razılaşma protokolunda göstərilən malları AR SN “X1 İnstitutu” PHŞ-nin anbarına təhvil verilmişdir. Müqavilənin 13.3-cü bəndinə əsasən mallar (işlər və xidmətlər) təhvil verildikdən sonra müqavilə üzrə ödəmələrin bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimə, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən (15 fevral 2024-cü il) gec olmamaq şərti ilə aparılmasına baxmayaraq, cavabdeh tərəfindən ödəniş hələ də icra edilməmişdir. Cavabdeh qeyd edilən tarixədək (12 fevral 2024-cü il) müqavilə üzrə ödənişləri icra etməmiş və bununla da müqavilə öhdəliklərini pozmuşdur. Tərəflər arasında aparılmış danışıqlar nəticəsində öz öhdəliklərini yerinə yetirməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixədək əlavə müddət verilmişdir. Cavabdeh qeyd edilən müddət ərzində də heç bir ödəniş həyata keçirməmiş və bununla da müqavilə şərtlərini bir daha pozmuşdur. Beləliklə, cavabdeh müqavilə və ona əlavə olunan QRP-lərə əsasən təhvil verilmiş malların 15799,60 (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) manat dəyərində pul öhdəliyinin ödənişini gecikdirmişdir. Müqavilənin 19-cu bəndinə uyğun olaraq ödəniş gecikdirildiyi təqdirdə, cavabdeh malların ümumi dəyərinin 10%-dən artıq olmamaqla hər gecikdirilmiş gün üçün satılmış malların ümumi qiymətinin 0,1% miqdarında cərimə ödəyəcəyini öz üzərinə öhdəlik qismində götürübdür. Beləliklə, cavabdehin 31 sentyabr 2024-cü il tarixə 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) əsas borc və 3333,71 manat (üç min üç yüz otuz üç manat yetmiş bir qəpik) cərimə məbləği olmaqla,cəmi 19133,31 manat (on doqquz min bir yüz otuz üç manat otuz bir qəpik) borcu yaranmışdır. Dəfələrlə cavabdehlə müqavilə öhdəliklərini icra etməsi, borc məbləğinin tam ödənilməsi ilə bağlı danışıqlar və yazışmalar aparılmağına və hətta cavabdehə pretenziya qaydasında yazılı müraciət edilməsinə baxmayaraq, təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Cavabdehin öz öhdəliklərinə vicdanla yanaşmaması və borcunu vaxtında ödəməməsi səbəbindən iddiaçı maddi zərərlə üzləşmişdir. Belə ki, cavabdeh tərəfindən öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində üçüncü şəxslər qarşısında götürülən öhdəliklərin icrasında yubanmalar yaranmışdır. Sonuncu dəfə cavabdehə öhdəliyin tam icra edilməsi ilə bağlı 31 avqust 2024-cü il tarixli pretenziya məktubu ilə vergi kargüzarlığı və poçt vasitəsilə xəbərdarlıq ünvanlanaraq, öhdəliyin 10 sentyabr 2024-cü il tarixədək tam icrası tələb edilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.5, 425.1, 442, 445.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh PHŞ arasında 28 dekabr 2023-cü il tarixli, ETTBİDE002 nömrəli dəftərxana və təsərrüfat mallarının satın alınması barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi tərəfindən AR SN “X1 İnstitutu” X9 tərəfindən Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması məqsədi ilə icraçının 15799,60 (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan malların (işlərin və xidmətlərin) son təyinat nöqtəsində (Elmi Tədqiqat X6 PHŞ-nin ünvanına) təhvil verilməsini öhdəsinə götürür. Mallar (işlər və xidmətlər) icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı həmin malların (işlərin və xidmətlərin) təklifə uyğun mallara (işlərə və xidmətlərə) dəyişdirilməsinə, bu müqavilənin 17-ci bəndinə uyğun olaraq aradan qaldırılmasına təminat verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların (işlərin və xidmətlərin) təqdim olunması üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, hazırkı müqavilənin 2.1 bəndində göstərilmiş xidmətlərin (işlərin və malların) sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında (müqavilənin əlavəsində göstərilmiş malların (işlərin və xidmətlərin) qəbulu qrafıkinə uyğun) təhvil verməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə təqdim olunan malların təxirə salınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən mallar (işlər və xidmətlər) təhvil verildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 19.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0.1% i məbləğdə faiz hesablanır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 28 dekabr 2023-cü il tarixli, ETTBİDE002 nömrəli müqaviləyə 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə 15799,6 manat dəyərində mal/malların satılması barədə razılığa gəlmişdirlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 01 nömrəli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə ümumi dəyəri 15799,6 manat olan mal göndərilmişdir. Hesab-fakturanın əsası kimi xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 281141 nömrəli elektron qaimə göstərilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/2024 nömrəli təhviltəslim aktının məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə aktda adıçəkilən mallar təhvil verilmişdir.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 01/2024 nömrəli təhviltəslim aktının məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə əktda adıçəkilən mallar təhvil verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 281141 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 15799,6 manat (ƏDV daxil) təşkil edir. Qaimə 01 nömrəli əlavə razılaşma protokolu və 1 nömrəli əlavə olan 01/2024 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı əsasında tərtib edilmişdir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, ETTBİDE-002 saylı dəftərxana və təsərrüfat mallarının satın alınmasına dair müqavilə qeyd edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 10 sentyabr 2024-cü il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404-1.1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun (2024-cü il yanvarın 1-ə qədər qüvvədə olmuş redaksiya): 40-1.3-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi tərəfindən AR SN “X1 İnstitutu” X9 tərəfindən dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması məqsədi ilə icraçının 15799,60 (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində təklifini qəbul etmişdir. İddiaçı tərəfindən müqavilə və qiymət razılaşma protokoluna uyğun olaraq tərəflər arasında razılaşdırılmış mallar cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən müqavilənin tələbləri pozularaq malların dəyəri ödənilməmişdir.

18. İddia tələbinin bir hissəsini xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış 15799,60 manat borcun cavabdehdən tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, iddiaçı tərəfindən müqavilə və qiymət razılaşma protokoluna uyğun olaraq tərəflər arasında razılaşdırılmış malların cavabdehə təhvil verildiyini, cavabdehin isə qəbul etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdehin isə ödəməni həyata keçirmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməli və cavabdeh “X1 İnstitutu” X3 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi tərəfindən AR SN “X1 İnstitutu” X9 tərəfindən Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması məqsədi ilə icraçının 15799,60 (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) manat məbləğində təklifini qəbul etmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2 təhvil-təslim aktı “X1 İnstitutu” X4 nümayəndəsi tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamış və ödənişlərin edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.

20. İddia tələbinin digər hissəsini cavabdehdən 3333,71 manat cərimənin tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ETTBİDE002 saylı satınalma müqaviləsinin 19.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0.1% i məbləğdə faiz hesablanır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə azaldılaraq 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün 147,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,90 manat (yüz iyirmi yeddi manat doxsan qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 15799,60 manat (on beş min yeddi yüz doxsan doqquz manat altmış qəpik) borc, 800 (səkkiz yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,90 manat (yüz iyirmi yeddi manat doxsan qəpik) olmaqla, ümumilikdə 16727,50 manat (on altı min yeddi yüz iyirmi yeddi manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar