Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1865/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 12.393,27 manat, xx.xx.2023-cü il tarixdən son ödəniş gününədək hesablanmaqla 3.012,9 manat məbləğin illik 5%-i, 03 iyun 2023-cü il tarixdən son ödəniş gününədək hesablanmaqla 9.380,78 manat məbləğin illik 5%-i, vəkil xidmətinə görə ödənilmiş 1.000 manat vəsaitin və 102 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 07 aprel 2023-cü il tarixdə cavabdehlə imzalanmış müqaviləyə görə iddiaçı ona 997,1 kq PVC Lent və 10,0 vahid “Rraymer Auqamast” göndərməli, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib dəyərini 1 ay ərzində ödəməli idi. Lakin bu günədək heç bir üzürlü səbəb göstərilmədən ödəniş edilməmişdir. Mallar cavabdehə 08 aprel 2023-cü il tarixdə təqdim edilmişdir. Bununla bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, nəticə olmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 07 aprel 2023-cü il tarixli, CBS-07/23 nömrəli müqavilə və 01, 02 saylı qiymət razılaşma protokolları imzalanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə görə satıcı alıcı sifarişi ilə bu müqavilənin əlavələrində göstərilən malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
12. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
13. Müqavilə və 01, 02 saylı qiymət razılaşma protokolları hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDD 181518 saylı xx.xx.2023-cü il tarixli, dəyəri 7.094,74 manat olan və EBDE 835552 saylı xx.xx.2023-cü il tarixli, dəyəri 11.069,33 manat olan elektron qaimələr göndərilmişdir.
17. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 18.164,07 manat təşkil edir.
18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil-təslim aktından görünür ki, EBDD 181518 saylı xx.xx.2023-cü il tarixli, dəyəri 7.094,74 manat olan elektron qaimədə qeyd edilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02 nömrəli təhvil-təslim aktından görünür ki, EBDE 835552 saylı xx.xx.2023-cü il tarixli, dəyəri 11.069,33 manat olan elektron qaimədə qeyd edilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında cavabdeh tərəfindən həm hər iki elektron qaimə üzrə ƏDV məbləğlərinin (1.082,25+1.688,54=2.770,79), həm də xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə əsas borcdan 3.000 manat ödəniş edildiyini qeyd edərək qalıq 12.393,27 manat məbləğində borcun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
22. Məhkəmə qeyd edir ki, sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, 18.164,07 (ümumi təhvil verilmiş malların dəyəri) manatdan 1.082,25+1.688,54=2.770,79 (hər iki elektron qaimə üzrə ödənilmiş ƏDV məbləğləri) və 3.000 (xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə əsas borcdan ödənilən məbləğ) çıxıldıqda 12.393,28 manat edir.
23. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borc üzrə 12.393,27 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.
24. Məhkəmə xx.xx.2023-cü il tarixdən son ödəniş gününədək hesablanmaqla 3.012,9 manat məbləğin illik 5%-i və 03 iyun 2023-cü il tarixdən son ödəniş gününədək hesablanmaqla 9.380,78 manat məbləğin illik 5%-i məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 20 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
26. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 33,95 (12.393,27x5/100=619,66 (1 il üçün), 619,66,352/365=1,69770 (1 gün üçün), 1,69770x20=33,95 (20 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş pulun əvəzi olaraq 1.000 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
28. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 1.000 manat məbləğində pul Vəkil hesabına ödənmişdir.
29. Bundan başqa, məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9,60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
30. Belə ki, iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 9,60 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
31. Həmçinin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 127,18 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsində ödənməlidir.
32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 12.393 (on iki min üç yüz doxsan üç) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 33 (otuz üç) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş pulun əvəzi olaraq 1.000 (bir min) manat məbləğində Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9 (doqquz) manat, 60 (altmış) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov