Məhkəmə qərarları › İş №e-2-2(113)-1865/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1865/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1865/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, sübutetmə, satıcının əşyanı vermək vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli təchizat müqaviləsi üzrə 3276,09 manat əsas borc, 7613,61 manat dəbbə pulunun və ödənilmiş 125 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2022-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında S49/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş malları cavabdehə sataraq onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların iddiaçı tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində iddiaçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, cavabdeh satılan malın bir hissəsini müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri müqaviləyə əsasən onun dəyərinə daxildir. İddiaçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. 2.2. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 3276,09 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödəməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda cavabdeh iddiaçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda cavabdeh razılaşır ki, iddiaçı təhvil verilmiş bütün mallara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, cavabdeh razılaşır ki, iddiaçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi iddiaçını müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 3276,09 manat cavabdeh tərəfindən ödənilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 597.1, 598.3, 600.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə, X1 və X4 iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdilər.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi – qanuni təmsilçisi cavabdehə təqdim olunan elektron qaimələr əsasında hesablama aparıldığını, 499,44 manatlıq sifarişin 28 fevral 2023-cü il tarixli qəbul sənədi ilə, 157,44 manatlıq sifarişin 22 may 2023-cü il tarixli satış sənədi ilə təsdiq olunduğunu bildirdi.

7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək, iddiaçıya borcunun olduğunu bildirdi, lakin borc məbləğinin tərəflər arasında dəqiqləşdirilməsini təklif etdi.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh 15966,02 manat dəyərində malın verildiyi, 11450 manat dəyərində malın geri qaytarıldığı, 1578,60 manat məbləğində ödəniş edildiyi və 2937,42 manat məbləğində borcunun qaldığını qəbul etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli S49/22 nömrəli təchizat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə spirtli məhsulları satmağı, cavabdeh isə həmin məhsulları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür; – 30.01.2023-cü il tarixli EBCN 858029 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 413,76 manat, xx.xx.2023-cü il tarixli EBDA 626439 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1486,91 manat, xx.xx.2023-cü il tarixli EBDA 391148 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 512,64 manat, xx.xx.2023-cü il tarixli EBDA 381608 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 891,06 manat, xx.xx.2023-cü il tarixli EBDA 751953 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 553,44 manat, xx.xx.2023-cü il tarixli EBDA 795670 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 138,24 manat, xx.xx.2023-cü il tarixli EBDA 975302 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 190,56 manat, xx.xx.2023-cü il tarixli EBDB 262804 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 154,56 manat, xx.xx.2023-cü il tarixli EBDB 895878 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 251,52 manat, xx.xx.2023-cü il tarixli EBDC 374578 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 223,68 manat, xx.xx.2023-cü il tarixli EBDE 151981 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 600,48 manat, xx.xx.2023-cü il tarixli EBDF 886883 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 566,4 manat, xx.xx.2023-cü il tarixli EBDG 376648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 157,44 manat, xx.xx.2023-cü il tarixli EBDH 646149 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 283,2 manat, xx.xx.2023-cü il tarixli EBDİ 167677 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 440,64 manat, xx.xx.2023-cü il tarixli EBDJ 310978 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1565,13 manat, xx.xx.2023-cü il tarixli EBDK 984624 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4043,28 manat, xx.xx.2023-cü il tarixli EBDN 899873 seriya və nömrəli elektron qaimə ƏDV daxil 3134,88 manat olmaqla 15607,82 manat dəyərində malın təqdim edilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, iddiaçı üzləşmə aktında xx.xx.2023-cü il tarixli EBDJ 310978 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil olmaqla 1423,89 manat nəzərə almış, ümumilikdə elektron qaimə təqdim edilməklə 15466,58 (15607,82- (1565,13-1423,89) manat dəyərində mal təhvil verilmişdir; – 28 fevral 2023-cü il tarixli təhvil-təslim (müştəri sifarişi adlı sənəd) sənədinə (həmin akt üzrə elektron qaimə təqdim olunmamışdır) əsasən 499,44 manat dəyərində mal cavabdehə təhvil verilmişdir; – 15 fevral 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək dövrü əhatə edən kassa mədaxil orderlərinə əsasən, cavabdeh tərəfindən cəmi 1578,60 manat məbləğində ödəniş edilmişdir; – Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli geri qaytarılma aktı və iddiaçının təqdim etdiyi siyahıya əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli S49/22 nömrəli təchizat müqaviləsi üzrə cavabdehə təhvil verilən malların cavabdeh tərəfindən qaytarılan hissəsinin ümumi dəyəri 11450 manat təşkil edir.

13. İddiaçı 22 dekabr 2022-ci il tarixli təchizat müqaviləsi üzrə 3276,09 manat əsas borc məbləğinin cavabdehdən tutulmasını tələb edir.

14. Cavabdeh 22 dekabr 2022-ci il tarixli təchizat müqaviləsi üzrə 2937,42 manat məbləğində borca etiraz etmir.

15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

21. Lakin iddiaçı və cavabdehin təqdim etdiyi sənədlərdən 15966,02 manat (15466,58 +499,44) dəyərində malın verildiyi, 11450 manat dəyərində malın geri qaytarıldığı, 1578,60 manat məbləğində ödəniş edildiyi və 2937,42 manat məbləğində borcunun qaldığı müəyyən olunur. İddiaçı isə istinad etdiyi dəyərdə - 16304,69 manat məbləğində malın verildiyini təsdiq edən ikitərəfli qaydada təsdiq edilmiş hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi malların geri qaytarılması aktından görünür ki, mallar xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən geri alınmışdır. İddiaçı isə üzləşmə aktlarında həmin tarixdən sonrakı tarixdə (bir üzləşmə aktında 2023-cü ilin dekabr ayı, digərində 2024-cü ilin dekabr ayı göstərilmişdir) 338,6 manat dəyərdə malın verildiyini qeyd etmişdir. 2023-cü ilin noyabr ayında malları qaytaran cavabdehin bundan sonra mal alması isə ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, yalnız öz vəzifəsinin – malın təqdim edilməsinin sübut edildiyi halda satıcı malın dəyərinin ödənilməsini tələb edə bilər.

22. Belə olan halda, kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında formalaşmış münasibət nisyə alqı-satqı müqaviləsindən irəli gələn müqavilə münasibəti olub, iddiaçının verilməsini sübut etdiyi 2937,42 manat malın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Hazırda isə iddiaçı həmin normada nəzərdə tutulan verilmiş əşyanın ödənilməsi hüququnu realizə edir.

25. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi üzrə 2937,42 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

30. İddia ərizəsində iddiaçı həmçinin 7613,61 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

31. xx.xx.2022-ci il tarixli S49/22 nömrəli alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən, Alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda, Təchizatçı hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən sonuncu ödənişin edildiyi xx.xx.2023-cü tarixdən sonra uzun müddət hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 145 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

37. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 145 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı eyni zamanda ödənilmiş 125 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

39. İş materiallarından görünür ki, **********11 nömrəli mədaxil qəbzi ilə 125 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 34 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli təchizat müqaviləsi üzrə 2937,42 manat əsas borc, 145 manat dəbbə pulu olmaqla ümumilikdə 3082,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar