Məhkəmə qərarları › İş №e-2-2(113)-1866/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1866/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1866/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli, 07- LA/16 nömrəli müqavilə üzrə 555210 (beş yüz əlli beş min iki yüz on) manat gecikdirilmiş borc və hesablanmış 305365,50 manat (üç yüz beş min üç yüz altmış beş manat əlli qəpik) cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə 555210 (beş yüz əlli beş min iki yüz on manat) manat gecikdirilmiş borc və hesablanmış 305365,50 manat (üç yüz beş min üç yüz altmış beş manat əlli qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər edilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinqalandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq alanın qeydiyyatda olduğu yer və ya lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. 14. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" (Aqroservis) ASC ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqaviləyə əsasən 2 ha. torpaq sahəsində yerləşən, polietilen örtüklü kompleks istixana avadanlıqlarının (obyektin dəyəri olaraq ******* manat) cavabdehin istifadəsinə verilməsi, 10 il müddətində qrafik üzrə qeyd edilən məbləğin lizinq verənə ödənilməsi, ödəniş başa çatdıqdan sonra istixananın onun mülkiyyətinə verilməsi və s. nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra tərəflərdən asılı olmayan müxtəlif iqtisadi və s. proseslər baş vermiş, şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, 2015 və 2016-cı illərdə baş vermiş devalvasiyalar nəticəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə istifadə edilən gübrə və mineral maddələrin qiymətləri qalxmış, yetişdirilmiş məhsulun maya dəyəri artmış və nəticədə əldə edilən gəlirlərin məbləği aşağı düşmüşdür. Bu səbəbdən də qrafik üzrə aylıq ödəmələri vaxtında icra etmək mümkün olmamışdır. Bundan başqa, istixana avadalıqları quraşdırılarkən qiymətlərin süni şəkildə şişirdilməsi istixananın dəyərinin real qiymətindən dəfələrlə artıq olması ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin lizinq vasitəsilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün həyata keçirilən layihələri əsasında sahibkarlara təqdim edilən bu istixanaların yaradılmasında əsas məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılması, kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi, qiymətlərin tənzimlənməsi, rəqabət mühitinin formalaşdırılması və s. kimi əsaslar olmuşdur. Ancaq istixananın təqdim edilmiş avadanlıqlarla birgə qiymətləndirilməsi zamanı qiymətlər artıq hesablandığından "xxxx" ASC-nin istixana layihələri özünü doğrultmamış, o cümlədən sahibkar olaraq Cavabdeh də maddi vəziyyətini ağırlaşdırmışdır. Bu lizinq müqaviləsinə qoşulduqdan sonra Cavabdeh Bakı şəhərində mülkiyyətində olan mənzili və digər əmlaklarını satıb istixananın mövcud durumunu yaxşılaşdırmağa, qrafik üzrə ödənişlərinin ödənilməsinə xərcləmişdir. Eləcə də, müqavilə əsasında verilmiş avadanlıqların istismar müddəti keçdikcə daha tez-tez təmirə ehtiyac olması da məhsul yetişdirilməsi üçün xərclərin artması ilə nəticələnir ki, bu da yekunda ödənişlərin vaxtında ödənilməsini çətinləşdirmişdir. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-347 saylı qətnaməsi ilə əsas borc olaraq 611506 manat, cərimə borcu olaraq 30000 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və hazırda cavabdehə qarşı qaldırılmış yeni iddia tələbindən görünür ki, cavabdeh qrafik üzrə öhdəliklərini vaxtında ödəyə bilməmişdir. Ancaq iddiaçı müqavilə öhdəliklərini və hətta məhkəmə qərarı əsasında müəyyən edilmiş borcu icra edə bilmədiyi halda belə müqavilənin şərtlərinə əsasən (müqavilənin 5.2., 5.6 bəndləri) əmlakı cavabdehdən geri almır. Əksinə iddiaçı öz hüquqlarından sui-istifadə etməklə Cavabdeh qrafik üzrə borcunu ödəyə bilməyəcəyini bildiyi halda cavabdehin borclanmasına şüurlu və məqsədli şəkildə yol verməkdə davam edir. Belə ki, icarə müqaviləsinin 5-ci bəndində müqavilənin şərtlərinin pozulmuş hesab edilməsi hesab olunan hallar və bununla bağlı tərəflərin edəcəyi hərəkətlər nəzərdə tutulmuşdur. Müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, 5.1-5.1.5 bəndində göstərilən halların biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə obyekti və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür. Müqavilənin yuxarıda qeyd edilən bəndində öhdəlik icra edilmədiyi halda əmlakın geri götürülməsi tərəfin hüququ kimi yox, imperativ xarakterli hərəkət olaraq göstərilib. Ancaq lizinq verən tərəf münasibətləri yoluna qoymaq üçün heç bir hərəkət etmir, əmlakı geri almır, cavabdehin əsassız borclanmasına səbəb olan hərəkətə (hətəkətsizliyə) yol verir. Müqavilə üzrə öhdəliklərini icra edə bilmədiyi halda əmlak cavabdehdən geri alınmırsa, belə olan halda hesab edilir ki, hazırkı iş üzrə iddia edilən borc və cərimə borcu hüquqdan sui-istifadəyə məqsədli şəkildə yol verilməklə hesablandığından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1. maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Həmin Məcəllənin 5.2. maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddiaçı "xxxx" (Aqroservis) Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 29 noyabr 2016-cı il tarixli, 07-LA/16 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə əsassız hesablanmış 555210 manat gecikdirilmiş borc və hesablanmış 305365,5 manat cərimə borcunun ödənilməsi tələbinə dair iş üzrə iddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının cavabdehin və nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus istixana avadanlıqlarının lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği ******* manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə 10 il müddətinədək lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan obyektin qalıq dəyərindən 100000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik (2 saylı Əlavə) üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-5.6-cı maddəsində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alanın obyektin dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlama, boşaltma və digər xərclərini ödəmək vəzifəsi vardır. Həmin maddəyə əsasən lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq iki dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə obyekti və onun yerləşdiyi tikilini kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir və müqavilənin 5.2-5.5-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan müqavilənin 1 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 5.1-ci maddəsində göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, obyekti və onun yerləşdiyi tikilini kommunikasıyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən müqavilənin 5.1.1- 5.1.5-ci maddələrində göstərilən hallardan biri baş verikdə lizinq verən müqavilənin 5.2-ci maddəsində göstərilənləri həyata keçirir və lizinq alandan obyektin dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən lizinq alan tərəfindən müqavilənin 5.1.5-ci maddəsində göstərilən hala yol verildikdə lizinq verən müqavilənin 5.2-ci maddəsində göstərilənləri həyata keçirə, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu ******* manat, gecikdirilmiş borc 555210 manat, hesablanmış cərimə 305365,5 manat olmaqla, ümumilikdə 860575,5 manat təşkil edir. Müqavilə üzrə 354000 manat ödəniş edilmişdir.

9. İş materiallarına müqavilə üzrə Cavabdeh hesabından çıxarış və xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafiki və ödənişlərə görə cərimələrin hesablanması qrafiki əlavə olunmuşdur.

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(113)-374/2022 nömrəli qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi qismən təmin edilmiş, əsas borc üzrə 611506 manat, cərimə borcu üzrə 30000 manat olmaqla, ümumilikdə 641506 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə xx.xx.2023-cü il tarixli, 2-2(102)-313/2023 nömrəli qərarının məzmunundan müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-88/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizədə bildirilmişdir ki, son iki il ərzində ödəniş qrafikinə uyğun olaraq ödəniş etmək mümkün deyil. Səbəb kimi bir neçə fakt qeyd edilmişdir: 1. İstixanın tikintisi zamanı faktiki dəyərindən bir neçə yüksək qiymətləndirilməsi; 2. Bugün ölkədə yeni və müasir istixanaların sürətlə çoxalması və nəticədə bazarda bolluq yaranması və istehsal edilən məhsulun dəyərindən də aşağı qiymətə satılması ilə nəticələnməsi; 3. İki il bundan qabaq qazın hər bir kub metri 10 qəpiyə başa gəlirdisə, artıq iki ildir ki, 20 qəpikdən ödənilir; 4. Gübrə və dərmanlar idxal olunduğu üçün baha qiymətə alınması; 5. İstixananın hər iki ildən bir üstünün polietilen örtüyünün dəyişdirilməsi; 6. Ölkədə minimum əməkhaqqının artırılması; 7. İstixananın bütün avadanlıqlarının xaricdən baha qiymətə gətirilməsi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qrafikə yenidən baxılması, qiymətlərin aşağı salınaraq yenidən qrafik tərtib edilməsi xahiş edilmişdir.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

17. İddia tələbinin bir hissəsini cavabdehdən maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə 555210 manat gecikdirilmiş borcun tutulması təşkil edir.

18. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli və Cavabdeh xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 555210 (beş yüz əlli beş min iki yüz on) manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

19. Eyni zamanda qeyd olunur ki, cavabdehin nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı ərizəsində qeyd etdiyi hallar hazırkı iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, cavabdeh həmin öhdəlikləri lazımi qaydada icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.

20. İddia tələbinin digər hissəsini hesablanmış xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış hesablanmış 305365,50 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

21. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2016-cı il tarixli, 07- LA/16 nömrəli müqavilə üzrə 27800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində müəyyən edilməlidir.

24. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

25. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 873,01 manat (səkkiz yüz yetmiş üç manat bir qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə yaranmış 555210 (beş yüz əlli beş min iki yüz on) manat əsas borc, 27800 (iyirmi yeddi min səkkiz yüz) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 583510 (beş yüz səksən üç min beş yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 873,01 manat (səkkiz yüz yetmiş üç manat bir qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar