Məhkəmə qərarları › İş №e-2-2(113)-187/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-187/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-187/2022 13.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(113)-187/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı Kommersiya Məhkəməsi Bakı şəhəri 13.01.2022 Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 6976,50 manat məbləğində əsas borcun və 2155,77 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə 2313,06 manat məbləğində dəbbə pulunun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "X1" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında cavabdeh təşkilatın 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaiməyə əsasən 11856,50 manat əsas borc, 2134,17 manat ƏDV borcu yaranmışdır. 07.05.2020-ci il tarixdə bu qaiməyə əsasən əsas borcdan 5000 manat ödənilmişdir. Sözügedən qaimə üzrə ödənilməmiş 6976,50 manat əsas borcu, 2134,17 manat ƏDV borcu qalmışdır. Eləcə də, 13.02.2020-ci il tarixli, EBAG seriyalı, 346816 saylı elektron qaiməyə əsasən 120 manat əsas borc, 21,60 manat ƏDV borcu yaranmışdır. Qeyd olunan borcun ödənilməsi dəfələrlə şifahi qaydada tələb olunmuş, təəsüf ki, keçən müddət ərzində 28.01.2020- ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaimə üzrə cəmi 5000 manat əsas borcdan ödəniş edilmişdir. Qalan borcun ödənilməsi istiqamətində tərəflərindən hər hansı addım atılmamışdır. Sonuncu dəfə aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulacağı barədə 08.04.2021-ci il tarixli pretenziya məktubu cavabdehə göndərilsədə, təəsüf ki həmin xəbərdarlığa da əhəmiyyət verilməmişdir (21.04.2021-ci ildə rəsmi qaydada qəbul edilib). Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, cavabdehi xırdavat malları ilə təmin etmiş, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam ödəməmiş, ödəməməsinin səbəbləri barədə ümumiyyətlə heç bir cavab verməmişdir Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC iddia tələbinin əsası kimi 28.01.2020-ci tarixli müqaviləyə istinad etmişdir, lakin Cavabdeh MMC və İddiaçı MMC arasında belə bir müqavilə mövcud deyil və iddiaçı iddia etdiyi məbləğə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən satılmış və təhvil verilmiş mallara dair heç bir razılaşma protokolu, təhvil-təslim aktları mövcud deyil. Həmçinin iddiaçı 2313,06 manat dəbbə pul məbləğinin Cavabdeh MMC-dən tutulmasını xahiş etmişdir. Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 463cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Cavabdeh etirazının hüquqi əsası kimi həmçinin Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə və Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə istinad etmişdir. Sonradan İddiaçı MMC iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mülkiyyətində olan 2007-ci il istehsalı olan **-AE-*** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı, 2012-ci il istehsalı olan **- PL-*** dövlət nömrə nişanlı «Kia Rio» markalı və 2008-ci il istehsalı olan **-AR-*** dövlət nömrə nişanlı “Mitsubishi L300” nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.09.2021-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin mülkiyyətində olan 2007-ci il istehsalı olan **-AE-*** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı, 2012-ci il istehsalı olan **-PL-*** dövlət nömrə nişanlı «Kia Rio» markalı və 2008-ci il istehsalı olan **-AR-*** dövlət nömrə nişanlı “Mitsubishi L300” nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC tərəfindən cəmi 13990,67 (11856,50 manat əsas borc, 2134,17 manat ƏDV) manat məbləğində xidmətlərin göstərilməsinə dair 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən cəmi 141,60 (120 manat əsas borc, 21,60 manat ƏDV) manat məbləğində xidmətlərin göstərilməsinə dair 13.02.2020-ci il tarixli, EBAG seriyalı, 346816 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçınə məxsus hesabdan çıxarışdan görünür ki, 07 may 2020-ci il tarixdə müqavilə üzrə « X1” MMC tərəfindən İddiaçı bank hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən 08.04.2021-ci il tarixli pretenziya (xəbərdarlıq məktubu) ilə Cavabdeh MMC-yə müraciət edilərək, 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 570406 saylı elektron qaiməyə əsasən 6976,50 manat əsas borcun, 2134,17 manat ƏDV borcun, 13.02.2020-ci il tarixli, EBAG seriyalı, 346816 saylı elektron qaiməyə əsasən 120 manat əsas borcun, 21,60 manat ƏDV borcunun 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən şifahi müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 6976,50 manat və ƏDV üzrə borcu 2155,77 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – cəmi 9132,27 manat (əsas borc 6976,50 manat və ƏDV borcu 2155,77 manat) məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia əsas və ƏDV borcu hissəsində təmin edilməli, Cavabdeh MMC-dən cəmi 9132,27 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ödənişin gecikdirilməsinə görə 2313,06 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən verilmiş etirazın dəbbə pulunun ödənilməsi hissəsi ilə razılaşaraq hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsi hissəsində iddia tələbini əsassız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflər arasında sözügedən müqavilənin mövcud olmaması və iddiaçının tutulmasını tələb etdiyi borcun məbləğinə dair sübutları (iddiaçı tərəfindən satılmış və təhvil verilmiş mallara dair heç bir razılaşma protokolu, təhvil-təslim aktlarının) məhkəməyə təqdim etməməsi ilə bağlı cavabdehin etirazının dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə görə susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi qanunverici əqdlərin (müqavilələrin) şifahi formada bağlanmasına yol verir. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh yuxarıda göstərilən elektron qaimələr üzrə 9132,27 manat məbləğində malların təqdim edilməsi müqabilində 5000 manat məbləğində ödəniş edərək şifahi alqı-satqı müqaviləsinin bağlanılmasına dair iradəsini ifadə etmişdir. Odur ki, cavabdehin mübahisəli alqı-atqı müqaviləsinin bağlanmamasına dair dəlilləri əsassızdır. Həmçinin sözügedən elektron qaimələr üzrə iddiaçı tərəfindən satılmış və təhvil verilmiş mallara görə cavabdeh tərəfindən heç bir etiraz və irad bildirilməmişdir. Göstərilən hal da öz növbəsində tərəflər arasında şifahi alqısatqı müqaviləsinin mövcudluğunu və bu müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların təqdim edildiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6.976,5 manat (altı min doqquz yüz yetmiş altı manat əlli qəpik) məbləğində əsas borc, 2155,77 manat (iki min yüz əlli beş manat yetmiş yeddi qəpik) məbləğində ƏDV, cəmi 9.132,27 manat (doqquz min yüz otuz iki manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar