Məhkəmə qərarları › İş №e-2-2(113)-1870/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1870/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1870/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, iddiaçı “Hika Maden ve X1 Limited” şirkətinin Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Hika Maden ve X1 Limited” şirkəti Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 189.119 ABŞ dolları məbləğində əsas borcun və əldən çıxmış fayda kimi 208.030 ABŞ dolları məbləğində pulun tutularaq, “Hika Maden və X1 Limited” Şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,tərəflər arasında kommersiya münasibətləri mövcud olmuşdur. Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Hika Maden və X1 Limited” Şirkəti vasitəsilə Türkiyənin “Akdeniz Kimya” şirkətindən və başqa şirkətlərdən xammal alaraq, Azərbaycan Respublikasında plastik qapı pəncərə məmulatların hazırlaması, satışı və quraşdırılması ilə məşğul olurdu. Yəni iddiaçı “Akdeniz Kİmya” şirkətindən cavabdeh tərəfindən alınan malların Azərbaycan Respublikasına göndərilməsini və dəyərinin ödənilməsini həyata keçirirdi, cavabdeh isə aldığı xammalın dəyərini şirkətə hissə-hissə ödəyirdi. 2009-cu ilin əvvəllərinə tərəflər arasındakı hesablaşmaya əsasən cavabdehin 199.619 ABŞ dolları miqdarında borcu qamışdır. Bundan sonra cavabdeh şirkət aldığı xammalı istehsal edib müxtəlif MTK-lara satsa da, pulunu ala bilmədiyini əsas gətirib, həmin borcu ödəməkdə bir müddət çətinlik çəkdiyini bildirmişdir. Sonradan isə cavabdeh şirkətin rəhbərliyi borcun əvəzində “xxxx” şirkətindən ucuz qiymətə mənzil alıb verə biləcəyini demiş, həmçinin bunun əvəzində cavabdeh şirkətin borcunu ödəməyə bir qədər vaxt verilməsini xahiş etmişdir. Cavabdehin rəhbərliyinin təklifi ilə “xxxx” şirkətinin Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa etdiyi, 4 saylı yaşayış binasındakı mənzillərə baxıb, 21-ci mərtəbədəki, sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili bəyəndiyi üçün həmin mənzili almaq istədiyini bildirmiş və “xxxx” şirkəti ilə mənzilin alqı-satqısına dair xx xxxxx 2008-ci il tarixli, 211 saylı müqavilə bağlanmışdır.Həmin müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Sonradan isə məlum oldu ki, həmin mənzil “xxxx” şirkəti tərəfindən deyil, başqa MTK tərəfindən inşa olunmuş və tamam başqa şəxsə də satılmışdır. Bununla bağlı 2017-ci ilin mart ayınadək mülki mübahisə qaydasında məhkəmələr davam etmişdir. Həmin mülki mübahisələr məhkəmələrdə davam edən müddətdə, yəni 2015-ci ilin ortalarından başlayaraq, 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayının 14-dək olan müddətdə cavabdeh 199.619 ABŞ dolları borcundan 10.500 ABŞ dollarını iddiaçıya ödəmiş, qalan 189.119 ABŞ dollarını isə bu günədək ödəməmişdir. xx xxxx 2019-cu il tarixdə cavabdeh şirkətə pretenziya qaydasında rəsmi məlumat göndərərək qalan borcun ödənilməsini təklif etsə də, bu günədək cavabdeh tərəfindən pretenziyaya cavab verilməmiş, cavabdeh yalnız 500 ABŞ dolları məbləğində pulu ödəməklə kifayətlənmişlər.Cavabdehkətinin bu günə ödənilməmiş qalan 189.119 ABŞ dolları borca bank uçot dərəcəsi illik 10% olmaqla(189.619 x 10:100=18.911,9) hesablanmış faizlər 18.911,9 ABŞ dolları təşkil edir və ötən on bir il müddəti üçün həmin məbləğ 208.030,9 ABŞ dolları təşkil edir. 208.030 ABŞ dolları məbləğində pul vəsaiti şirkətin kommersiya fəaliyyətinə vaxtında yönəldilsəydi, şirkət qat-qat çox gəlir əldə edilərdi. Ona görə də iddiaçının məhrum olunduğu 208.030 ABŞ dolları məbləğində real gəlirin Cavabdehkətindən tutularaq, ödənilməsini də xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında vəsatət verərək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-3576/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia tələbinin rədd edilməsini, həmçinin iddia müddətinin keçməsi barədə verdiyi ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2008-ci il tarixli,08350300EX092799 saylı gömrük bəyannaməsindən görünür ki, 76.205,00 ABŞ dolları dəyərində olan mal “X2.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respulikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. xx.xx.2008-ci il tarixli,08350300EX193322 saylı gömrük bəyannaməsində görünür ki, 59.705,00 ABŞ dolları dəyərində olan mal “X2.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respulikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. xx.xx.2009-cu il tarixli,09350300EX015029 saylı gömrük bəyannaməsində görünür ki, 49.748,00 ABŞ dolları dəyərində olan mal “X2.ÜR.GİD.ve Deri San.Tic.LTD.ŞTİ” tərəfindən Türkiyə Respulikasından Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385, 567-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından isə görünür ki, iddiaçı “Hika Maden və X1 Limited” Şirkəti iddia tələblərini onunla cavabdeh “xxxx“ Şirkətinin AR Nümayəndəliyi arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması, həmin müqaviləyə əsasən cavabdehi plastik qapı-pəncərə məmulatların hazırlanması üçün xammal ilə təmin etməsi, lakin cavabdehin təqdim edilmiş malların dəyərini ödəməməsi, nəticədə 2009-cu ilin əvvəlinə cavabdehin iddiaçıya 199.619 ABŞ dolları məbləğində borcunun qalması, 2015-2018-ci illərdə cavabdehin həmin məbləğdən 10.500 ABŞ dolları məbləğində pulu şirkətə ödəməsi ilə əsaslandırmış, lakin göstərilən halları, o cümlədən cavabdehə mal təqdim etməsini, həmin malların təqdim edilməsinə görə cavabdehin iddiaçıya borcunun olmasını, eləcə də cavabdehin 2015-2018-ci illərdə həmin borcdan ödəniş etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi 2008-2009-cu illərdə Türkiyə Respublikasından malların göndərilməsini təsdiq edən gömrük bəyannamələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin bəyannamələr tərəflər arasında 2008-2009-cu illərdə ticarət əlaqələrinin mövcud olmasını və bəyannamələrdə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə göndərilməsini təsdiq etsə də, həmin malların cavabdeh “xxxx“ Şirkətinin AR Nümayəndəliyinə çatdırılması və sonuncu tərəfindən təhvil alınması faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi iddiaçının ödənilməsini tələb etdiyi borc məbləğinin həqiqətən də mövcud olması ehtimal olunsa belə, həmin borcun iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 2009-cu ilin əvvəllərində cavabdehə malların təqdim edilməsinə görə yarandığını nəzərə alsaq müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin iddiaçı tərəfindən buraxılması açıq-aşkardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Hika Maden ve X1 Limited” şirkətinin Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar