Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1870/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qapalı səhmdar cəmiyyətinə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış əsas borca görə 48850,87 manat, dəbbə puluna görə 18624,41 manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 300,00 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 200 manat, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məqsədi ilə ödənilmiş 30 manat, əlavə dövlət rüsumuna görə 94,07 manat, cəmi 68023,28 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə “müqavilə və öhdəliklər barədə məlumat” cədvəli üzrə məlumatları qeyd olunan alğı-satqı müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə cədvəldə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Mallar təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də cavabdeh müqavilənin tələblərini pozmuşdur. Qeyd olunan müqavilənin 6.1-ci bəndinin tələblərinə əsasən “Bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu alıcıdan tələb etmək haqqı vardır.” Qeyd olunan bəndin tələblərin əsasən cavabdeh 18624,41 manat məbləğində hesablanmış dəbbə pulunu ödəməlidir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh QSC “alıcı” olmaqla imzalanmış xx.xx.2020 tarixli SAT2020-8/5 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilə üzrə göndərilən elektron qaimədə göstərilmiş mal-materialları “alıcı”ya satmağı, “alıcı” isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1 bəndə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun bu müqavilə üzrə göndərilən elektron qaiməyə uyğun olaraq müəyyən edilir. Satıcı tərəfindən bu müqavilə üzrə göndərilən elektron qaimə alıcıya göndərildiyi tarix malların təhvil verildiyi tarix hesab edilir. 2.2 bəndə əsasən bu müqavilə göndərilən elektron qaimələr alıcı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində təsdiq edilir, müvafiq qaimələr təsdiq edilmədiyi təqdirdə satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar avtomatik təsdiq edilmiş hesab edilir. BD9 saylı xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən Bakı “18 saylı” Mediasiya Təşkilatının bank hesabına 200 manat mediasiya xərci köçürülmüşdür. OD3 saylı xx.xx.2023 tarixli ödəniş tapşırğına əsasən 300 manat “Leqal” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İddiaçı MMC və Cavabdeh QSC-yə məxsus möhürlərlə təsdiq edilmiş 29 noyabr 2022 tarixli üzləşmə aktında xx.xx.2020 tarixli SAT2020-8/5 saylı müqavilə üzrə xx.xx.2022 tarixinə 41.399,04 manat (ƏDV 7.451,83 manat) göstərilmişdir. EBBZ seriyalı 751091 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən cəmi 39.640,52 manat dəyərində mallar Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli müqavilə üzrə 08 iyul 2022 tarixli təhvil-təslim aktına əsasən müxtəlif çeşidli malların təhəvil-təslimi tərəflər arasında razılaşdırılmışdır. Təhvil-təslim aktında aktın xx.xx.2022 tarixli müqavilənin qüvvəyə minməsi ilə bağlı tərtib edildiyi qeyd edilmişdir. EBBX seriyalı 626407 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən cəmi 5.877,87 manat dəyərində mallar Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinə dair 11 iyul 2022 tarixli qiymətlərin razılaşdırılması protokolundan məlum olur ki, müxtəlif çeşidli mallarla bağlı cəmi 5.877,87 manat tərəflər arasında razılaşdırlmışdır. Həmin protokolda xx.xx.2020 tarixli müqaviləyə şamil edilməsi barədə razılığa gəlməsi qeyd edilmişdir. EBBZ seriyalı 810727 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 3.332,32 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi üzrə 12 iyul 2022 tarixli qiymətlərin razılaşdırılması protokolundan məlum olur ki, cəmi 3.332,32 manat məbləğində mallar tərəflər arasında razılaşdırılmışdır. Protokolu hər iki tərəf təsdiqləmiş, xx.xx.2020 tarixli müqaviləyə şamil edilməsi qeyd edilmişdir. xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinə dair 12 iyul 2022 tarixli təhvil-təslim aktına əsasən müxtəlif çeşidli mallar tərəflər arasında razılaşdırılmışdır. Həmin aktda aktın xx.xx.2020 tarixli müqavilənin qüvvəyə minməsi ilə bağlı tərtib edildiyi qeyd edilmişdir. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, daha sonra həmin müqavilə əsasında mallar cavabdeh olan alıcıya təhvil verilmiş, bununla bağlı tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə cavabdehin borcunun olması işin mübahisəsiz halıdır. İddiaçı tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq öhdəliklərini tam olaraq icra etsə də cavabdeh müqavilə öhdəliklərini pozmuş, ona təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsi, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. İddia tələbindən məlum olur ki, cavabdehdən yaranmış əsas borcla bağlı 48.850,87 manat tələb edilir ki, iddiaçı tərəfdə bununla bağlı məhkəməyə 29 noyabr 2022 tarixli üzləşmə aktını təqdim etmişdir. Həmin aktda xx.xx.2022 tarixə 41.399,04 manat borc, 7.451,83 manat isə ƏDV borcu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də iddia tələbində qeyd edilən həm əsas borcun, həm də ƏDV borcunu təsdiq etdiyindən iddia tələbi əsas borc hissəsində əsaslı olmaqla təmin edilməli 48.850,87 manat (41.399,04 + 7.451,83= 48.850,87) cavabdehdən tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 18.624,41 manat dəbbə pulunun tutulmasını da qeyd edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6.1 bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu alıcıdan tələb etmək haqqı vardır. Yenə həmin müqavilənin 2.3 bəndinə əsasən alıcı və satıcı arasında ödəniş bu müqavilə üzrə göndərilən elektron qaiməni təsdiq edildiyi tarixdən etibarən beş iş günü ərzində nağd və ya tərəflərin razılaşmasına əsasən bank ödəniş yolu ilə həyata keçirilməlidir. Ödənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsi ilə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında ödəniş müddətinin razılaşdırıldığını, cavabdeh tərəfindən isə ödəmələrin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı dəbbə pulu tələbini irəli sürməkdə haqlı olmuşdur. Bununla belə məhkəmə tələb olunan dəbbə pulu miqdarının əsas borca olan nisbətini nəzərə alaraq hesab edir ki, 2.200 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 300 manat, dövlət rüsumu ilə bağlı ödənilmiş 94,07 manat cavabdehdən tutulmalıdır. Məhkəmə müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumunun tələb edilməsinə münasibətdə qeyd edir ki, AR MPM-ə əsasən müvəqqəti təminat tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasına əsaslı şübhələr yaranacağı halda tətbiq edilir. Müvəqqəti təminat tədbiri barədə ərizə tərəfin öz seçimi əsasında verilir. Bu baxımdan məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş dövlət rüsumu zəruri xərc hesab edilmədiyindən onun cavabdehdən tutulması əsassızdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 48.850,87 manat əsas borc, 2.200 manat dəbbə pulu, 300 manat hüquqi yardım xərci, 200 manat mediasiya xərci, 94,07 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1870/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1870/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver