Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1870/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə ödənilməmiş 6531( altı min beş yüz otuz bir ) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85.31 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2024cü il tarixli, 071/2024 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 6531 ( Altı min beş yüz otuz bir ) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 6531 (altı min beş yüz otuz bir ) manat hissəsini bu günədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, 071/2024 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə olaraq ümumi dəyəri 6.531 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır, 3-cü bəndinə əsasən alıcı satıcıya ümumi dəyəri 6.531 manat məbləğində olan borcunu 3 (üç) ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 6.531 manat məbləğində malların satıcı tərəfindən alıcıya təhvil verilməsini təsdiq etmişlər.
16. Eyni zamanda iş materiallarına əlavə edilmiş cavabdehin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli 071 saylı müqavilə üzrə 6.531 manat borcunun olduğunu etiraf edir və xx.xx.2024-cü il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür.
17. Göründüyü kimi, cavabdeh tərəf 6.531 manat dəyərində malı qəbul etdiyini və 6.531 manat məbləğində borcun qaldığını etiraf etmişdir.
18. İddiaçı da, cavabdehin ödənilməmiş 6.531 manat məbləğində borcunun ödənilməsini tələb edir.
19. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 6.531 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,31 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 85,31 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 6.531 (altı min beş yüz otuz bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat 31 (otuz bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov