Məhkəmə qərarları › İş №e-2-2(113)-1872/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1872/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1872/2023 06.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9028.50 (doqquz min iyirm səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1625.13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653.63 (on min altı yüzəlli üç manat, 63 qəpik) manat, alqı-satqı müqaviləsinin 4.3-cü maddəsinə əsasən borcla bərabər hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında 191,76 manat cərimə, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, maddi ziyana görə 10.000 (on min) manat, hüquqi xidmətə görə ödənilmiş 600 (altı yüz) manat, ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumu, həmçinin 30 manat məhkəmə rüsumu tutulalaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında pulu əvvəlcədən ödənilmək şərti ilə 150 ədəd D-160 markalı laqonda daşı, 200 ədəd D- 230 markalı laqonda daşı, 150 ədəd 3,2-350 markalıelektrod, 50 ədəd lopatka, 50 ədəd lopatka sapı, 15 cüt çəkmə, 15 ədəd dəbilqə, 5 dəst uzadıcı kabel-2x6 (100 metr), 520 metr Tros M-6 və 1800 cüt əlçək adlı məhsulların alınması ilə bağlı xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında qüvvədə olan xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsinin tələblərinə əsasən, satılacaq məhsulların dəyəri 9028.50 manat əsas vəsait xx.xx.2022-ci il tarixli 377104/00034 saylı ödəniş tapşırığına və həmin məbləğə hesablanmış 1625.13 manat ƏDV xx.xx.2022-ci il tarixli **********182223 saylı bildirişə əsasən, cəmi 10653.63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat pul vəsaiti Cavabdeh MMC-nin bank hesabına ödənilmişdir. Qüvvədə olan alqı-satqı müqaviləsinin 4.1-ci maddəsinə əsasən malların dəyəri tam ödənilsə də, sifariş verilmiş mallar 3 gün müddətində alıcıya təhvil verilməmişdir. Belə olan təqdirdə sözügedən müqavilənin 3.3.3-cü bəndinə əsasən ödənilmiş pul vəsaitini geri tələb edilməlidir. Sifariş verilmiş malların alıcıya təhvil verilməməsi Cavabdeh MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir və bu müqavilənin 4.3-cü maddəsinə əsasən borcla bərabər hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə borcunun yaranmasına səbəb olmuşdur. Cavabdeh MMC-nin direktoru Nümayəndə1 dəfələrlə ödənilmiş cəmi 10653.63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat pul vəsaitinin geri qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamış və pul bu günə kimi geri qaytarılmamıdır. İşin faktiki hallarına əsasən xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsinin əsasən yaranan öhdəliyin yerinə yetirməməsimənə maddi və mənəvi ziyanın vurulmasına səbəb olmuşdur. Buna görə Cavabdeh MMC-nin direktoru Nümayəndə1 10000 (on min) manat maddi ziyana görə, 20000 (iyirmi min) manat isə mənəvi ziyana görə pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün (yəni ona zənglərə cavab vermədiyi zamanlar, onunla görüşəndən sonra nəticə əldə oluna bilməyəcəyini anladığı zaman keçirdiyi stress və iztirab) zərər vurub. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda dəymiş zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərər vurma nəticəsində dəymiş maddi ziyanı 10000 (on min) manat vəsait kimi qiymətləndirir. Qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Dəymiş mənəvi ziyanı 20000 (iyirmi min) manat vəsait kimi qiymətləndirlir. İİ. İddiaçı və cavabdehin mövqeyi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə1 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında etiraf etmişdir ki, müqaviləsi əsasında sifariş verdiyi ləvazimatları təhvil-təslim etməmiş, onların təhvil verilməsi üçün məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Nümayəndə1 söz versə də müqaviləsi əsasında sifariş verilən ləvazimatları təhvil-təslim etməmiş və barışıq əldə olunması üçün heç bir hərəkət etməmişdir. Cavabdeh tərəfindən e-qaimədə qeyd edilmiş mallar da təhvil verilməmişdir. İddia tələbini müdafiə edir. İddiaçı məhkəmə iclasını iştirakı olmadan keçirilərək, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, seriya: EBBY №: 000228 xx.xx.2022 tarixli elektron qaiməyə əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar iddiaçıya təqdim edilmişdir və qaimə qüvvədədir, ləğv olunmamışdır və çox guman ki vergidə də əvəzləşdirilmişdir. Belə olan halda həmin elektron qaimənin qüvvədə olmasına baxmayaraq iddiaçı əsassız olaraq cavabdehə qarşı iddia ərizəsi vermişdir, çünki qaimə ilə malların alınması təsdiq edilir. İddia ərizəsində göstərilən dəlillərin hec birinin əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya borc yoxdur. İddiaçı heç bir əsası olmayan iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi xx.xx.2023 tarixli məhkəmə iclasında malların bir qisminin təhvil verildiyini qeyd etmişdir. Həmin məbləğ çərçivəsində digər mallar da qarşı tərəfə verilmişdir ki, həmin mallar tərəflər arasındakı razılaşmada nəzərdə tutulmuş mallar olmamışdır. Həmin malların təhvil verilməsi ilə bağlı akt tərtib edilməmiş, lakin qarşı tərəfə bununla bağlı elektron qaimə göndərilmişdir ki, hazırda da həmin qaimə qüvvədədir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “alıc” Cavabdeh MMC “satıcı” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya qiymətin razılaşma protokolunda göstərilən malları satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 3.3.3-cü bəndə əsasən “satıcı” müqaviləni pozaraq “alıcı”ya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşyanın verilməsini tələb etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək “alıcı”nın hüququdur. 4.1-ci bəndə əsasən “satıcı” müqaviləyə uyğun olaraq “alıcı” tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində “mal”ı “alıcı”ya təhvil verməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsinə əlavə 1-ə əsasən 9.028,5 manat, ümumilikdə isə (ƏDV daxil) 10.653,63 manat ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmışdır. "xxxx" MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli URL- 013/20220609 saylı alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar müqavilənin məhkəmə qaydasında mübahisələndirilməsi xidmətlərinin göstərilməsi haqqında 09 sentyabr 2022 tarixli 02 nömrəli müqaviləyə əsasən sifarişçi hüquqi xidmətlərin göstərilməsini sifariş verib “icraçı”ya razılaşdırlmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi və iddianın müdafiə edilməsi xidmətləri göstərməyi öhdəsinə götürür. xx.xx.2022 tarixli **********182223 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC-nin hesabına 1.625,13 manat ƏDV məbləği köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 377104/00034 saylı ödəniş tapşırığına əsasən 9.028,5 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, daha sonra həmin müqavilə əsasında mallar İddiaçı MMC-tərəfindən tərəflər arasında imzalanmış müqavilə razılaşmasına uyğun olaraq ümumilikdə 10653.63 (on min altı yüzəlli üç manat, 63 qəpik) manat cavabdehin hesabına köçürülmüşdür. Bununla belə Cavabdeh MMC müqavilə şərtlərini pozmuş, ödənilmiş malları qarşı tərəfə təhvil verməmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mülki Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsi, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə cavabdehin iddia tələbinə olan etirazını əsassız hesab edir. Belə ki, cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, tərəflər arasında tərtib edilmiş elektron qaimələr hazırda da qüvvədədir və elektron qaimə bununla bağlı tərtib edilmişdir ki, mallar qarşı tərəfə təhvil verilmişdir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, təhvil veriləcək malların qabaqcadan ödənilməsi tərəflər arasında müqavilə şərti ilə razılaşdırılmış haldır. Həmin şərtə uyğun olaraq müqavilə tərtib edildiyi tarixdən bir sonrakı gün iddiaçı tərəfindən lazımi ödəniş olmuş, lakin mallar təhvil verilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi hər iki tərəfin möhürü ilə təsdiqlənmiş alınacaq malların siyahısından əlcək və elektoratın da təhvil verildiyini qeyd etsə belə həmin malların təhvil verilməsini təsdiq edən hal kimi elektron qaimədən başqa hər-hansısa sənədi məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən iddiaçı tərəf isə qeyd edilən malların ona ümumiyyətlə təhvil verilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 9028.50 (doqquz min iyirm səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1625.13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653.63 (on min altı yüzəlli üç manat, 63 qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddiaçı iddia tələbində 191,76 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 4.3-cü bəndinə əsasən razılaşdırılmışdır ki, malın təhvil verilməsinin və “alıcı”ya çatdırılmasının gecikdirilməsi halında “satıcı” “alıcı”ya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 01%-i miqdarında cərimə ödəməlidir. İşin hallarından cavabdeh tərəfindən malların alıcı olan iddiaçıya çatdırılmasının yubadılması öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində əsaslı olduğundan 191,76 manat cərimə məbləği cavabdehdən tutulmalıdır. İddiaçı eyni zamanda iddia tələbində mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, maddi ziyana görə 10.000 (on min) manat, ödənilməsini də tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edilən Plenum Qərarını və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək iddiaçının fiziki şəxs yox hüquqqi şəxs olmasını nəzərə alaraq iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edərək rədd edir. Maddi zərərin vurulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı ona maddi zərərin vurulduğunu sübuta yetirə bilməmişdir. Vİİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Məhkəmə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına münasibətdə isə qeyd edir ki, iddiaçının iddia tələbinin həcmi ümumilikdə 40.845,39 manat təşkil edir ki, bununla bağlı ödənilməli olan dövlət rüsumunun ümumi məbləği 212,54 manat təşkil edir. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən iddiaçı 12,54 manat dövlət rüsumu ödəməli idi. Bununla belə iddiaçı dövlət rüsumunu artıq ödəmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, artıq ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz və cavabdehdən dövlət rüsumu ilə bağlı ödənilmiş 12,54 manat tutulmalıdır. Məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 600 manat məbləğin cavabdehdən tutulmasına münasibətdə isə qeyd edir ki, iddiaçı hüquqi yardımla bağlı 600 manat xərc çəkdiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa hüquqi xidmətlərin göstərilməsi barədə müqavilədən də həmiin halın müəyyən edilməsi mümkün deyildir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9.028,50 (doqquz min iyirmi səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1.625,13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653.63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat, 191,76 mnat cərimə məbləği ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumu, 12,54 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar