Məhkəmə qərarları › İş №e-2-2(113)-1873/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1873/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1873/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 52662,50 manat həcmində əsas borc, 3317,64 manat həcmində faiz borcları olmaqla, ümumilikdə 55980,14 manat pul məbləğinin və 287,9 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında qarşılıqlı razılıq əsasında 20-205/SE nömrəli alqı-satqı müqaviləsi imzalanmış, işgüzar fəaliyyətə başlanılmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən, “Alıcı” sifariş etdiyi malın dəyərini “Satıcı” malları təqdim etdikdən sonra (EQF göndərildikdən sonra) qaimə üzrə əsas məbləği 3 ay müddətinə, ƏDV məbləğini isə 30 təqvim günü ərzində həyata keçiriləcəyi razılaşdırılır. Mallar təqdim edilmiş olsa da, Alıcı tərəfindən xx.xx.2023-cü il tarixli, EBDL 177966 seriya və nömrəli Elektron qaiməyə əsasən müəyyən edilmiş borc məbləği ödənilməmişdir. Cavabdehin Müqavilə üzrə öhdəliyinin icrasından yayınması nəticəsində 8033,26 manat ƏDV məbləği olmaqla, ümumilikdə 52662,50 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı edilmiş şifahi və yazılı xəbərdarlığa baxmayaraq hər hansı ödəniş həyata keçirilməmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı qarşı tərəfə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, lakin müsbət nəticə əldə edilə bilinməmişdir. Borc məbləği indiyədək cavabdeh tərəfindən ödənilməmiş qalır. Bu hal iddiaçıkimi hüquqi şəxsin qanunla və müqavilə ilə qorunan hüquqlarını pozaraq işgüzar fəaliyyətinə mənfi təsir edir. Cavabdeh öhdəliyini icra etməmiş və bununla bağlı zərər vurmuşdur. Cavabdeh ödəməli olduğu 52662,50 manat məbləğində borcu artıq 6 aydan çoxdur ki, ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, cavabdeh tərəfindən İddiaçıya 52662,5 x ((5/12) x 6) / 100= 1295,4 manat məbləğində faiz borcu da ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindənxx.xx.2024-cü il tarixdən illik bank uçot faiz dərəcəsi 7,75 % olaraq müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh İddiaçıya məxsus52662,5 AZN məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də 7,75%/12 =0.64% aylıq olmaqla, xx.xx.2023-cü ildən başlayaraq 52662,5 manat məbləğində olan borc artıq 6 aydan çoxdur ödənilməmiştir Beləliklə, 6 aylıq gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı 0.64% x 6=3,84% olacaqdır. 52662,5 x 3,84%/100 = 2022,24 manat faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20-205/SE saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malı hazırkı müqavilənin bir hissəsi olan əlavələr və elektron qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə vəmüvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı malı əlavələrdə razılaşdırılmış və elektron qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti elektron qaimə-fakturaya əsasən və ya təqdim olunmuş hesab ilə müəyyən edilir. Malların qiymətinin sonradan azaldılması və ya artması yenidən hesablaşmaya səbəb olmur.

11. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin ödənişini satıcının malları təqdim etdikdən sonra (EQF göndərildikdən sonra) qaimə üzrə əsas məlbəği (ƏDV-siz məbləğ) 3 ay müddətinə, ƏDV məbləğini isə 30 təqvim günü müddətində həyata keçirilir.

12. xx.xx.2023-cü il tarixli 20-205/SE saylı alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırılması barədə 1 saylı protokola əsasən cavabdehə satılan malların dəyəri 5266,50 manat müəyyən olunmuşdur.

13. xx.xx.2023-cü il tarixli 20-205/SE saylı alqı-satqı müqaviləsinə dair 01 saylı təhviltəslim aktına əsasən X4 52662,50 manat dəyərində malların təhvil aldığını imzası ilə təsdiqləmişdir.

14. xx.xx.2023-cü il tarixli EBDL177966 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən X3 52662,50 manat həcmində malların satıldığı qeyd olunmuş və qaimə alıcının imzası ilə təsdiqlənmişdir.

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 20-205/SE saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malı hazırkı müqavilənin bir hissəsi olan əlavələr və elektron qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə vəmüvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürmüş və müqavilənin 1.2-ci bəndinə əsasən alıcı malı əlavələrdə razılaşdırılmış və elektron qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür.

24. .Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etməmişdir.

25. Lakin, işdə olan sübutlar, yəni e-qaimələr və təhvil-təslim aktı və onların cavabdeh tərəfindən təsdiqlənməsi iddiaçı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə sübutdur.

26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və tərəfindən satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

27. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz, həm də Mərkəzi Bankın uçot dərəsi nəzərə alınmaqla cəmi 3317,64 manat məbləğində borc hesablayaraq, cavabdehdən tutulmasını tələb edir.

28. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

29. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

31. Belə ki, məhkəmə hesab edir ki, borc məbləğinə və borcun ödənişinin gecikdirilməsi müddətinə (avqust 2023-dən – qətnamə tarixi aprel 2024) mütənasib, illki 5% hesabı ilə gecikdirmə üçün qismən, 2190 manat məbləğində faiz borcunun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 289 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 255 manat (iddia məbləğinin təmin edilən hissəsinə uyğun olaraq) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 52662,50 manat əsas borc, pulun ödənişinin gecikdirilməsinə görə 2190 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 255 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar