Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1874/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 4 098,40 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 563 saylı alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçıtərəfindən üzərinə götürdüyü öhdəlikləri tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 4 098,40 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2019-cu il tarixdə borcun etiraf edilməsi məqsədilə cavabdeh və müəssisənin nümayəndələrinin iştirakı ilə tərəflər arasında üzləşdirmə aktı imzalanmış və həmin akta əsasən, cavabdehin İddiaçı MMC-yə 4 098,40 (dörd min doxsan səkkiz manat qırx qəpik) manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Lakin bu günə kimi heç bir ödəniş edilməmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi məqsədilə heç bir ödəniş edilməmiş, münasibətlərin qaydaya salınması üçün heç bir ciddi addım atılmamışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 15 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin bütün cəhdlərə və danışıqlara baxmayaraq borcun ödənilməsindən qəsdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 06 dekabr 2017-ci il tarixdə 563 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən isə möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş üzləşdirmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixə 4.098,40 manat borcu vardır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə xəbərdarlıq məktubları ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 15 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 4.098,40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 4098,40 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4098,40 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4098,4 manat (dörd min doxsan səkkiz manat qırx qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1874/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1874/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver