Məhkəmə qərarları › İş №e-2-2(113)-1876/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1876/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1876/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 14678 (on dörd min altı yüz yetmiş səkkiz) manat gecikdirilmiş borc və hesablanmış 13447,20 (on üç min dörd yüz qırx yeddi manat iyirmi qəpik) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3135 (üç min bir yüz otuz beş) manat gecikdirilmiş borc və hesablanmış 4950,17 (dörd min doqquz yüz əlli manat on yeddi qəpik) manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 36710,37 manat (otuz altı min yeddi yüz on manat otuz yeddi qəpik) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli, xx.xx.2019-cu il tarixli, 154- GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə 14678 manat gecikdirilmiş borcu və hesablanmış 13447,20 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə isə 3135 manat gecikdirilmiş borcu və 4950,17 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 31140 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik (2 saylı Əlavə) üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan müqavilənin 2 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindənm alınması üşün məhkəməyə müraciət edir.

7. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus damazlıq kənd təsərrüfatı texnikasının güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 3135 manat olan və aşağıda göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verənin lizinq alanın qrafik üzrə ödənişinə nəzarət etmək, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik (2 saylı Əlavə) üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alanın lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan müqavilənin 1 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə iki dəfədən artıq ödənilməməsi müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun, texnikanın işlək vəziyyətə gətirilməi üçün tələb olunan xərclərin, gecikdirilmiş günlər üçün hesablanmış cərimənin lizinq alan tərəfindənm alınması üçün məhkəməyə müraciət edir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Əmrdə qeyd olunmuşdur ki, "xxxx" ASC ilə Ağstafa rayonu, Tatlı kəndi sakini Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, D-1417-L/17 və 4875ü/xx.xx.2017 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr qüvvədən düşmüş hesab olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 161- GL/18 nömrəli lizinq müqaviləsinə əsasən Əmrdə qeyd edilmiş kənd təsəsrrüfatı texnikası (mala rotasion (üfüqi bıçaqlı), traktor Belarus-1221) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Əmrdə qeyd olunmuşdur ki, "xxxx" ASC ilə Ağstafa rayonu, Tatlı kəndi sakini Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1501-L/18 və 4858ü/xx.xx.2018 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr qüvvədən düşmüş hesab olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 154- GL/19 nömrəli lizinq müqaviləsinə əsasən Əmrdə qeyd edilmiş kənd təsəsrrüfatı texnikası (taxılsəpən, gübrəsəpən) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

10. "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli lizinq müqaviləsinə (güzəşt) 1 nömrəli əlavədə müqavilə üzrə ümumi borcun 31140 manat təşkil etdiyi qeyd edilmişdir. Əlavə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 23240 manat, gecikdirilmiş borc 14678 manat, hesablanmış cərimə 13447,2 manat olmaqla, ümumilikdə 28125,2 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 7900 manat təşkil edir.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 3135 manat, gecikdirilmiş borc 3135 manat, hesablanmış cərimə 4950,17 manat olmaqla, ümumilikdə 8085,17 manat təşkil edir. Müqavilə üzrə ödəniş edilməmişdir.

13. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafikləri əlavə olunmuşdur.

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 14678 manat gecikdirilmiş borcun, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3135 manat gecikdirilmiş borcun tutulması təşkil edir.

19. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli və Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 14678 (on dörd min altı yüz yetmiş səkkiz) manat əsas borc və 154-GL/19 nömrəli müqavilə üzrə 3135 (üç min yüz otuz beş) manat əsas borc tutularaq cavabdehə ödənilməlidir.

20. İddia tələbinin digər hissəsini hesablanmış xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış hesablanmış 13447,20 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış hesablanmış 4950,17 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

21. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2018-ci il tarixli, 161- GL/18 nömrəli müqavilə üzrə hesablanmış 700 (yeddi yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat cərimə məbləğində müəyyən edilməlidir.

24. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

25. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 143,3 manat (yüz qırx üç manat otuz qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 161-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 14678 (on dörd min altı yüz yetmiş səkkiz) manat əsas borc, 700 (yeddi yüz) manat cərimə, xx.xx.2019-cu il tarixli, 154-GL/19 nömrəli müqavilə üzrə 3135 (üç min yüz otuz beş) manat əsas borc, 150 (yüz əlli) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 145,7 manat (yüz qırx beş manat yetmiş qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar