Məhkəmə qərarları › İş №e-2-2(113)-1877/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1877/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1877/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış XL-006/22 saylı, xx.xx.2022-cİ il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, lizinq alandan lizinq predmetinin təhvil götürüldüyü xx.xx.2023-cü il tarixə daxili lizinq müqaviləsi üzrə yaranmış 3665,3 manat əsas borc, 156,85 manat lizinq mükafatı, 1557,32 manat cərimə borcu, 7075 manat dəymiş zərər, 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqı, 130 manat dövlət rüsumu, 200 manat mediasiya rüsumu olmaqla, cəmi 13594, 47 manat (on üç min beş yüz doxsan dörd) məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış XL-006/22 saylı, xx.xx.2022-cı il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən “xx D yük-furqon” markalı, ağ rəngli, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 16300, 00 manata 12 aylıq müddətə lizinq alanın istifadəsinə verilmişdir. Lizinq alan şirkətə müraciət edərkən bildirmişdir ki, furqon markalı nəqliyyat vasitəsini lizinqə götürməkdə məqsədi sahibkarlıq fəaliyyəti, daha dəqiq daşıma fəaliyyəti göstərəcəyi ilə bağlıdır. Məhz bu yolla əldə edəcəyi qazancla lizinq ödənişlərini icra edəcəkdi. Lizinq alan müqavilə üzrə ödənişlərin icra edilməsi ilə bağlı artıq ilk aydan gecikməyə düşmüş, 1192 manat olan ilk ay üzrə ödənişdən cəmi 900 manat ödəniş etmişdir. Bütün bu müddət ərzində isə lizinq alan lizinq verənə məxsus olan nəqliyyat vasitəsini istismar etmiş, ona zərər yetirmiş və lizinq ödənişlərini icra etməmişdir. Bu müddət ərzində dəfələrlə ona müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməsi üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində lizinq alan könüllü olaraq lizinq predmeti-yük maşınını lizinq verənə təqdim etsə də, təhvil-təslim aktını imzalamaqdan boyun qaçırmış, bildirmişdir ki, sabah gəlib gecikmə üzrə ödənişlərini ödəyib maşını geri götürəcək. Lizinq alan tərəfindən nəqliyyat vasitəsi təhvil verilən günə, yəni xx.xx.2023-cü il tarixinə 3665,3 manat lizinq müqaviləsi üzrə əsas borc, 156,85 manat lizinq mükafatı, 1557,32 manat cərimə borcu olmaqla, cəmi 5379,47 manat borc hesablanmışdır. Bundan sonra həmin nəqliyyat vasitəsi lizinq alan tərəfindən istismar edildiyi müddətdə ona dəymiş zərəri hesablamaq üçün "xxxx"də fəaliyyət göstərən sahibkar fiziki şəxs X1 təqdim edilmişdir. O isə maşına dəymiş zərərin məbləğini cəmi 7075 (yeddi min yetmiş beş) manat olaraq müəyyən etmişdir. Həmçinin nəqliyyat vasitəsinin təhvil-təslim aktı lizinq alana rəsmi qaydada göndərilmişdir. Eyni zamanda borc barədə pretenziya və müqavilənin xitamına dair bildiriş qarşı tərəfə poçt vasitəsi ilə təqdim edilmiş, lakin tərəf yenə də öhdəliklərini icra etmək üçün tədbir görməmişdir. Eyni zamanda artıq mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi üçün məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlanması, məhkəmədə iddianın müdafiə edilməsi üçün vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və vəkilə 810 (səkkiz yüz on) manat məbləğində pul ödənilmişdir. Eyni zamanda Mediasiya Şurasının 18 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixinə mediasiya sessiyası təyin edilmiş, qarşı tərəf mediasiya prosesinə gəlməmiş, telefonla əlaqə saxlayaraq bildirmişdir ki, borcu hər hansı formada ödəməyə imkanı yoxdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 421.2, 430.1, 442, 449.1, 747.1, 748-1.5, 748-1.8, 748-1.12.1, 748-1.12.4, 748-10.1, 748-2.1, 748-7.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “lizinq verən”, Cavabdeh “lizinq alan” olmaqla, 30 sentyabr 2022-ci il tarixli XL-006/22 saylı daxili lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən “xx D YÜK-Furqon” marka, rəgni-ağ, buraxılış ili-2004, BAN ZCFC358200D239668 avtomobilini (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 16300 (on altı min üç yüz) manat təşkil edir; 1.3-cü bəndinə əsasən lizinq əməliyyatları üzrə komissiya haqqı-1141 (min yüz qırx bir) manat həcmində məbləği lizinq alan lizinq verənə ödəməlidir; 2.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 (on iki) ay müəyyən edilir.

8. xx.xx.2022-ci il tarixli, XL-006/22 saylı daxili lizinq müqaviləsinə 2 nömrəli əlavə olan həmin tarixli “qəbul protokolu”ndan məlum olur ki, “xx D YÜK” markalı avto nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh təhvil verilmişdir.

9. xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, cavabdeh lizinq obyektinin istifadəsi zamanı lizinq obyektində hər hansı qüsur aşkarlanarsa, qüsuru öz hesabına aradan qaldıracağı və digər öhdəlikləri öhdəsinə götürmüşdür.

10. 13 yanvar 2023-cü il tarixli nəqliyyat vasitəsinin (lizinq predmetinin) təhviltəsliminə dair 13 yanvar 2023-cü il tarixli aktda qeyd olunur ki, xx.xx.2022-ci il tarixli XL- 006/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq götürənə təhvil verilmiş nəqliyyat vasitəsi lizinq götürən müqavilə üzrə aylıq ödənişləri ödəməkdən yayındığı və ödəmələri etməkdən imtina etdiyi səbəbindən təhvil verilir. Akt, Cavabdeh tərəfindən imzalanmamış, İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda xx.xx.2022-ci il tarixli XL-006/22 saylı lizinq müqaviləsi üzrə 3662,30 manat əsas borc, 156,85 manat lizinq mükafatı, 1557,32 manat cərimə borcu, 7805 manat dəymiş zərərin 1 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. 08 fevral 2023-cü il tarixli 19/02/X saylı maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli XL-006/22 nömrəli müqavilə üzrə 3662,30 manat ödənilməyən əsas borc, 156,85 manat lizinq mükafatı, 1557,32 manat cərimə borcu, 7075 manat zərər məbləği hesablanmışdır.

13. "xxxx" tərəfindən tərtib edilmiş 19 yanvar 2023 tarixli 03/23 nömrəli qüsur aktından məlum olur ki, İddiaçı MMC-yə məxsus olan “xx D YÜK” markalı, **-CJ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə bağlı cəmi 7075 manat (5315 manat ehtiyat hissələri və materiallar, 1760 manat servis xidmət haqqı) ödəniləcək məbləğ hesablanmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 9/3480 №-li ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdakı məlumalara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “İVEDO Dyük furqon” markalı, ağ rəngli, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri təxminən 6775 manat müəyyən edillir.

15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. AR Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

19. İddia tələbinin bir hissəsini İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış XL- 006/22 saylı, xx.xx.2022-cİ il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi təşkil edir. Tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 6.1.4-cü bəndində razılaşdırılmışdır ki, lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından ləğv etmək hüququ vardır. İş materiallarından öz təsdiqini tapır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Ona görə də hazırki tələb əsaslı olduğundan təmin edilməli və sözügedən XL-006/22 saylı, xx.xx.2022cİ il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməlidir.

20. İddia tələbinin digər bir hissəsini lizinq alandan lizinq predmetinin təhvil götürüldüyü- xx.xx.2023-cü il tarixinə daxili lizinq müqaviləsi üzrə 3665,3 manat əsas borc, 156,85 manat lizinq mükafatının cavabdehdən tutulması təşkil edir.

21. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və cavabdehdən 3662,30 manat (üç min altı yüz altımış iki manat, otuz qəpik) əsas borc, 156,85 manat (yüz əlli altı manat səksən beş qəpik) lizinq mükafatı iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbində 3665,3 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia etsə də, məhkəməyə təqdim edilmiş 08 fevral 2023-cü il tarixli 19/02/X saylı maliyyə arayışında cavabdehə 3662,30 manat ödənilməli olan əsas borc məbləği hesablanmışdır.

23. Bundan əlavə, iddiaçı 1557,32 manat cərimə borcunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün ödənilməli məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir.

25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlər iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

27. İddia tələbinin bir hissəsini də lizinq obyektinə dəymiş 7075 manat zərərin cavabdehdən tutulması təşkil edir.

28. İddianın həmin hissəsi ilə bağlı iddia ərizəsində qeyd olunur ki, bütün bu müddət ərzində lizinq alan lizinq verənə məxsus olan nəqliyyat vasitəsini istismar etmiş, ona zərər yetirmişdir, həmin nəqliyyat vasitəsi lizinq alan tərəfindən istismar edildiyi müddətdə ona dəymiş zərəri hesablamaq üçün təqdim edilmişdir və s. Beləliklə, iddiaçı lizinq predmetinə zərər dəydiyini və həmin zərərin lizinq predmetinin istismarı nəticəsində dəydiyini bildirmişdir. İddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, cavabdehin fəaliyyəti rayonlararası daşıma fəaliyyətindən ibarət olmuş, bu da nəqliyyat vasitəsinin vəziyyətinə təsir etmiş, cavabdeh nəqliyyat vasitəsinə münasibətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyd edilən hissədə əsaslı deyildir. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2022-ci ildə bağlanmış, həmin tarixdə də lizinq obyekti olan, “xx D YÜK-Furqon” markalı nəqliyyat vasitəsi (buraxılış ili 2004-cü il) lizinq alana təhvil verilmişdir. Lizinq predmeti cəmi 3 aydan bir az artıq müddətdə cavabdehin istifadəsində olmuşdur. Nəqliyyat vasitəsini lizinqə götürməkdə məqsəd sahibkarlıq fəaliyyəti, daşıma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. İstifadə təyinatı əvvəlcədən iddiaçıya məlum olmuş və lizinq predmetindən yalnız təyinatı üzrə istifadə etməklə bağlı öhdəliklərin pozulmasına dair cavabdehə iradı olmamışdır. İddiaçının müqaviləni ləğv etmək qərarı da məhz ödənişlərin gecikdirilməsi ilə bağlı olmuşdur. Qeyd olunanlar iş materialları ilə öz təsdiqini tapır.

30. İddiaçı tələbin həmin hissədə sübutu qismində "xxxx" tərəfindən tərtib edilmiş 19 yanvar 2023 tarixli 03/23 nömrəli qüsur aktını təqdim etmişdir. Həmin aktda İddiaçı MMCyə məxsus olan “xx D YÜK” markalı, **-CJ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə bağlı cəmi 7075 manat (5315 manat ehtiyat hissələri və materiallar, 1760 manat servis xidmət haqqı) məbləğ hesablanmışdır. Ekspert rəyi də məhz həmin aktdakı məlumatlara əsaslanaraq verilmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən dəyişilməli hissələr və servis xidmət haqqı ilə bağlı məbləğlər müəyyən edilsə də, məhz həmin məbləğin cavabdehin ödəməli olduğuna dair sübutlar məhkəməyə təqdim olunmamışdır.

31. İddiaçı qeyd olunan hissədə tələbinin maddi hüquqi əsası kimi həmçinin MM-nin 1097.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Məhkəmə araşdırması nəticəsində cavabdehin mülki hüquq pozuntusu-delikt törətməsi öz təsdiqini tapmamışdır. Tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq, lizinq obyekti lizinq alanın istifadəsinə verilmiş, cavabdehin lizinq obyektini təyinatına uyğun olaraq istifadə etməməsi, əmlaka zərər vurması müəyyən olunmamışdır.

33. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə üzrə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Həmin maddədə məhz təqsirli tərəfin digər tərəfə dəymiş bütün zərəri ödəmək öhdəliyi təsbit olunmuşdur. Hazırkı halda isə cavabdehin təqsirli olması, məhz onun təqsirli hərəkətləri nəticəsində əmlaka ziyan vurulması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

34. Qeyd olunanlara əsasən məhkəmə həmin hissədə iddianı əsassız sayır və belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır.

35. Eləcə də, iddiaçı 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqı,130 manat dövlət rüsumu, 200 manat mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

36. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat vəkil xidmət haqqı, 200 (iki yüz) manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, 130 manat dövlət rüsumu isə artıq ödənildiynə görə iddiaçıya qaytarılmalıdır.

37. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış XL-006/22 saylı, xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə daxili lizinq müqaviləsi üzrə 3662,30 manat (üç min altı yüz altımış iki manat, otuz qəpik) əsas borc, 156,85 manat (yüz əlli altı manat səksən beş qəpik) lizinq mükafatı, 300 (üç yüz) manat cərimə məbləği, 500 (beş yüz) manat vəkil xidmət haqqı, 200 (iki yüz) manat mediasiya rüsumu olmaqla, cəmi 4819,15 manat (dörd min səkkiz yüz on doqquz manat on beş qəpik) məbləğində pul İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar