Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1878/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi və artıq ödənilmiş pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin öhdəlik daşımadığı 16.791,1 manat məbləğin borc olaraq silinməsi və ödədikləri 16.791,1 manat məbləğin iddiaçının balansına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X2 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 19 aprel 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat subyekti olaraq futbol klubu kimi fəaliyyət göstərir. "xxxx" MMC ilə "xxxx" MMC arasında ilk dəfə 06 yanvar 2015-ci il tarixində müqavilə bağlanmışdır. 01 aprel 2015-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh ASC-nin Şimal RETSİ arasında yeni “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısı” müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə onlara **********9 nömrəli abonent kodu verilmişdir. Həmin abonent kodu isə daha əvvəl Sumqayıt şəhərində stadionun tikintini həyata keçirən təşkilata məxsus olmuş və onlarda 06 yanvar 2015-ci il tarixindən əvvəl stadionun tikintisini başa çatdırıb. 12 fevral 2017-ci il tarixində imzalanmış üzləşmə aktına əsasən, "xxxx" MMC-nin Azərişıq ASC heç bir borcu olmamışdır. Hal-hazırki tarixə qədər "xxxx" MMC 01 aprel 2015-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsi üzrə istifadə etdiyi elektrik enerjisinə görə öhdəliklərini tam şəkildə icra etmişdir. Nəzərə çatdırırlar ki, "xxxx" MMC Sumqayıt şəhər stadionunun tikintisini həyata keçirən təşkilatın hüquqi varisi deyildir və onun tərəfindən ödənilməmiş borcun onlar tərəfindən ödənilməsini tələb etmək də qanunsuzdur. Hal-hazırda isə Azərişıq ASC ünvan 1 ünvanında yerləşən Sumqayıt şəhər stadionun tikilişi zamanı istifadə edilən elektrik enerjisininə görə yaranmış 16.791,1 manat məbləğində pulu, öhdəlik daşımayan "xxxx" MMC-dən tələb edir. 1 aprel 2015-ci il tarixində "xxxx" MMC ilə "xxxx" ASC-nin Şimal RETSİ arasında bağlanmış yeni “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısı” Müqaviləsinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərində “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. Elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. "xxxx" MMC ilə Cavabdeh ASC-nin Şimal RETSİ arasında yeni “Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısı” Müqaviləsi 1 aprel 2015-ci il tarixində imzalanmışdır. Belə ki, hesablaşma 1 aprel 2015-ci il tarixində imzalanmış müqavilədən sonrakı dövrü əhatə edir. Qeyd edirlər ki, "xxxx" MMC Sumqayıt şəhər stadionunun tikintisini həyata keçirən təşkilatın hüquqi varisi olmadığına görə "xxxx" MMC ilə Cavabdeh ASC-nin Şimal RETSİ arasında imzalanmış müqavilədən əvvəlki borcların "xxxx" MMC tərəfindən ödənilməsini tələb etmək qanunauyğun deyildir. Həmçinin qeyd etmək istərdilər ki, iddiaçı tərəfindən 16.791,1 manat məbləğ ödənilmişdir. Buna səbəb isə yeni quraşdırılmış elektrik sayğacına əlavə etdikləri məbləğ borcun silinməsinə avtomatik olaraq hesablanmışdır. İndiki halda əsas tələbləri əsassız olaraq hesablanmış və onlar tərəfindən ödənilmiş məbləğin onların balans hesabına əlavə edilməsidir. xx.xx.2023-cü il tarixində Cavabdeh ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, silinməsi tələb edilən məbləğ elektrik enerjisindən istifadə nəticəsində yaranmış sərfiyyat borcudur. Həmin borc isə şəxsə, yəni abonentə deyil ünvan üzrə **********9 nömrəli abunə koduna hesablanmışdır. Müqavilə bağlamaqla abonentlər dəyişə bilər, lakin abunə koduna sərfiyyata görə hesablanmış borc məbləği abonent tərəfindən ödənilməlidir. Elektrik enerjisindən istifadə qaydalarının 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Etiraza əlavə edilən abunə haqqında vərəqədən və hesab-fakturadan göründüyü kimi tələb edilən məbləğ sərfiyyat üzrə yaranmış borc məbləğidir və borc borclu abonent tərəfindən ödənilmişdir. Eyni zamanda Cavabdeh ASC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil həmçinin izahatında qeyd etmişdir ki, həmin stadionun mülkiyyətçisi Neft Şirkətinin “Azərkimya” İB idi. Onlar birlik ilə xx.xx.2014-cü il tarixdə əmlakdan əvəzsiz istifadə edilməsi ilə bağlı müqavilə bağlamışlar. xx.xx.2015-ci il tarixdə isə cavabdeh ilə müqavilə bağladılar. Borc isə 2011-ci ildən yaranıb. Cavabdehin təqdim etdiyi elektron qaimədən başa düşmək olar ki, iddiaçı bir ay ərzində 17.000 manat dəyərində elektrik enerjisindən istifadə edib. Bu fakt onu təsdiq edir ki, borc əvvəllər olmayıb, sonradan üzə çıxıb. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 18.000 manat onlara aid olmayan borc məbləğdir. Sayğac 2011-ci ildə quraşdırılıb. Sadəcə abonent dəyişib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, etiraz ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın (o cümlədən iddia müddəti tətbiq edilməklə) rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, borcun yarandığı vaxtı və əvvəlki istifadəçini müəyyən etmək üçün sorğu verilmiş, lakin sözügedən məlumatı əlqdə etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi (mülkiyyətçi) ilə "xxxx" MMC (istifadəçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01 nömrəli istifadə müqaviləsindən (1.1-ci bəndi) görünür ki, mülkiyyətçi, bu müqavilənin qüvvədə olduğu müddətdə “Azərkimya” X1- Polietilen“ zavodunun balansında olan “Sumqayıt şəhər stadionu birinci buraxılış kompleksi tikintisi obyekti”ni istifadəçiyə istifadəyə vermişdir. "xxxx" ASC ilə (abonent kodu – **********9 olan) "xxxx" MMC arasında 2015-ci ilin aprel ayında bağlanmış 010034 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 7-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 9-cu bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyət sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır). 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,06 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən abunəçi (abonent kodu – **********9 olan) "xxxx" MMC-yə təqdim edilmiş xx.xx.2015-ci il tarixli hesab-fakturadan görünür ki, abunəçiyə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə 1.256,40 manat borc hesablanmış və abunəçinin xx.xx.2015-ci il tarixə qalıq borcu 19.837,19 manat təşkil edir. "xxxx" ASC Şimal RETSİ və "xxxx" MMC arasında aparılmış xx.xx.2015-ci il tarixli üzləşmə aktından görünür ki, (abonent kodu – **********9 olan) "xxxx" MMC-nin o cümlədən əvvəlki perioda qalıq borcu 6.814,8 manat, xx.xx.2015-ci il hesabat ilinin əvvəlinə borcu 0 manat, xx.xx.2015-ci il tarixə borc 5.020 manat təşkil edir. Akt "xxxx" ASC Şimal RETSİ və "xxxx" MMC-nin imzaları və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən abunəçi (abonent kodu – **********9 olan) "xxxx" MMC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturadan və elektron qaimədən görünür ki, abunəçiyə elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə 1.676,40 manat borc hesablanmış və abunəçinin xx.xx.2022-ci il tarixə qalıq borcu 17.167,30 manat təşkil edir. Abonent kodu – **********9 olan sonuncu abunə haqqında məlumatından görünür ki, abonent Sumqayıt Futbol Klubu” MMC-yə xx.xx.2015—xx.xx.2023-ci il tarixləri arası dövrdə 116.694,60 manat, o cümlədən xx.xx.2015-xx.xx.2015-ci illər arası dövrdə cəmi 1872 (xx.xx.2015-ci ildə 615,60 və xx.xx.2015-ci il tarixdə 1256,40 manat) manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. "Bağlanan aktlar" adlı bölmədə xx.xx.2015-ci il tarixə yazılan 18.092,75 manat məbləğində borc "ETAİS-dən gələn borc" kimi qeyd edilmişdir. Abonent tərəfindən ümumilikdə 128.092,75 manat, o cümlədən xx.xx.2015-xx.xx.2015-ci illər arası dövrdə 1999,55 manat (xx.xx.2015 – 40,98; xx.xx.2015 – 7,38; xx.xx.32015-ci il tarixdə 67,12; xx.xx.2015-ci il tarixdə 1586,44 və xx.xx.2015-ci il tarixdə 285,55 manat) ödəniş edilmiş, 2023-cü il iyun ayına borc 6760,30 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" ASC (abonent kodu – **********9 olan) arasında 2015-ci ilin aprel ayında enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında 010034 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" ASC "xxxx" MMC-ni elektrik enerjisi ilə təmin edir. Hazırda "xxxx" MMC hazırda onun adına olan **********9 saylı abonent kodu üzrə əvvəlki abonentə aid 2011-ci ildə yaranmış 16.791,1 manat məbləğində borcun "xxxx" ASC tərəfindən əsassız olaraq onlardan tələb edildiyini və tərəflərindən edilmiş ödənişlərin həmin borca silindiyini əsas göstərərək 16.791,1 manat məbləğində borcun abonent hesabından silinməsi və 16.791,1 manat məbləğin balansına əlavə edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, işə əlavə olunmuş abonent haqqında məlumatdan da göründüyü kimi "xxxx" MMC-nin adına olan abonent hesabına xx.xx.2015ci il tarixdən əvvəlki dövrə aid 18.092,75 manat məbləğində borc (ETAİS-dən gələn borc) daxil edilmişdir. Cavabdeh "xxxx" ASC-yə dəfələrlə təklif edilsə də, məhkəməyə təqdim edilmiş aprel 2015-ci il tarixli elektrik enerjisi alqı-satqısı müqaviləsindən əvvəl tərəflər arasında elektrik enerjisi alqı-satqısına dair müqavilə münasibətlərinin mövcud olub-olmaması, belə münasibətlər mövcud olduğu təqdirdə iddiaçı ilə mübahisəli qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsinə dair ilkin müqavilənin hansı tarixdə bağlanması, iddiaçıdan əvvəl mübahisəli abonent kodunun kimin adına olması barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verilməmiş, eləcə də ETAİS-dən gələn borc kimi abonent barədə məlumatda göstərilmiş 18.092,75 manat məbləğində borcun tərəflərin müqavilə münasibətlərində olduğu dövrdə yaranmasını və həmin borcun yaranma əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı aşağıdakı hallar da xx.xx.2015-ci il tarixdən əvvəlki dövrə aid 18.092,75 manat məbləğində borcun əksər hissəsinin iddiaçı "Sumqayıt Futbol Klubu” MMC-yə deyil, abonent kodu üzrə əvvəlki abonentə aid olması barədə iddiaçının dəlillərinin əsaslılığını təsdiq edir.
1. Abonent haqqında məlumata əsasən **********9 saylı abonent kodu xx.xx.2011-ci il tarixdə qeydiyyata alındığı halda, mübahisəli qeyri-yaşayış sahəsi yalnız xx.xx.2014-cü il tarixdən iddiaçının istifadəsində olmuşdur (ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01 nömrəli istifadə müqaviləsi). Göstərilən hal isə "xxxx" MMC-nin sözügedən abonent kodu üzrə ilkin abonent olması ehtimalını istisna edir.
2. Məhkəməyə elektrik enerjisinin alqı-satqısına dair tərəflər arasında bağlanmış yalnız bir müqavilə - aprel 2015-ci il tarixli müqavilə təqdim edilmiş, həmin tarixdən əvvəlki dövrdə tərəflər arasında müqavilə müanasibətlərinin mövcud olması isə iş materiallarına əsasən müəyyən edilmir. Abonent haqqında məlumatdan da göründüyü kimi 2015-2016-cı illərdə abonentin aylıq sərfiyyatının ***-**** manat civarında olmasını nəzərə alsaq 18.092,75 manat məbləğində borcun tərəflərin müqavilə münasibətlərində olduqları 3 ay ərzində (aprel 2015-xx.xx.2015-ci il tarixədək) yaranması inandırıcı görünmür.
3. Mübahisəli borc 2022-ci ilədək abonent hesabında mövcud olduğu və yalnız 2022-ci ilin dekabrının 7-də abonent tərəfindən edilmiş 17.700 (15000+2700) manat məbləğində ödəniş hesabına silindiyi halda həmin borc "xxxx" ASC Şimal RETSİ və "xxxx" MMC arasında aparılmış xx.xx.2015-ci il tarixli üzləşmə aktında öz əksini tapmamış, belə ki, həmin üzləşmə aktına əsasən xx.xx.2015-ci il tarixə abonentin borcu cəmi 5020 manat təşkil etmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi abonent haqqında məlumatda “bağlanan aktlar” bölməsində göstərilmiş 18.092,75 manat məbləğində borcun tam şəkildə "xxxx" MMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra və abonent kodu "xxxx" MMC-nun adına keçirildikdən sonra yaranması iş materialları ilə öz təsdiqini tapmır. Eləcə də "xxxx" MMC-nin abonent kodu üzrə əvvəlki abonentin öhdəliyinin icrasını öz üzərinə götürməsi (məsələn, öhdəliyin verilməsi barədə müqavilə bağlanmaqla) iş materialları ilə müəyyən edilmir. Bundan əlavə sözügedən borcun hansı əsasla (sayğac göstəricisi, akt və s.) yaranması və belə olan halda əsaslı olaraq hesablanıb-hesablanmaması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC "xxxx" ASC-yə borcun və ya əksinə artıq ödəmənin mövcud olub-olmaması “bağlanan aktlar” bölməsində göstərilmiş 18.092,75 manat borc məbləği nəzərə alınmadan tərəflər arasında təsdiq edilmiş xx.xx.2015-ci il tarix üzləşmə aktı və abonent haqqında məlumata əsasən müəyyən edilməlidir. Tərəflər arasında təsdiq edilmiş xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2015-ci il tarixə iddiaçının borcu 5020 manat təşkil etmişdir. Abonent saldosundakı məlumatlara əsasən isə xx.xx.2015-dən sonrakı dövrdə (xx.xx.2023-cü ilədək) abonentin sərfiyyatı cəmi 114.822,6 manat olmuşdur (ümumi sərfiyyat (116.694,60 manat)– xx.xx.2015-xx.xx.2015-ci illər üçün sərfiyyat (1872 manat)). Məlumatdan həmçinin aydın olur ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən sonrakı dövrdə cəmi 126.027,55 (ümumi ödənişlər (128.027,05) manat – 01.9.2015-ci ilədək ödəniş (1999,55)) məbləğində ödəniş edilmişdir. Beləliklə, üzləşmə aktında əks olunmuş xx.xx.2015-ci il tarixə olan borc da nəzərə alınmaqla xx.xx.2023-cu il tarixədək olan müddətdə iddiaçının elektrik enerjisindən istifadəyə görə ümumi borcu 119.842,6 manat (5020+114.822,60) təşkil etdiyi halda həmin müddət ərzində iddiaçı tərəfindən 126.027,55 manat məbləğində ödəniş edilmişdir. Odur ki, hazırda iddiaçının elektrik enerjisinə görə borcu mövcud olmamaqla yanaşı sonuncu tərəfindən 6184,95 manat (126.027,55 - 119.842,6) artıq ödəniş edilmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 439-cu maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə qətnamənin çıxarıldığı tarixə abonent barədə məlumatda iddiaçı "xxxx" MMC-nın cavabdeh "xxxx" ASC-yə 6760,30 manat məbləğində borcunun olmasının əks olunduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, artıq hesablanmış 6760,30 manat məbləğində borc silinməli, "xxxx" MMC-nın "xxxx" ASC-yə artıq ödəmiş olduğu 6184,95 manat məbləğində pul vəsaiti abonent hesabına əlavə edilməli, qalan hissədə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 141 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 140,37 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 141 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 130 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış 6760,30 manat məbləğində borc silinsin. İddiaçı "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" ASC-yə artıq ödənilmiş 6184,95 manat məbləğində pul vəsaiti iddiaçının abonent hesabına əlavə edilsin. Mediasiya xərclərinin əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 141 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva