Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1880/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 199,13 manat əsas borc və 257 manat cərimə borcu və 20 manat ödənilmiş Mediasiya rüsumunun, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) ümumilikdə 736,79 manat pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cü il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya “(E-S Group Transport and Tourism Company” MMC) verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. "xxxx" MMC tərəfindən E-S Group Transport and Tourism Company” MMC-yə xx.xx.2020-ci il və xx.xx.2020 ci il tarixlər aralığında satıcı tərəfindən malların təhvil-qəbul aktları əsasında 1.251,32 manat məbləğində spirtsiz içkilər alıcıya təhvil verilmişdir. Cavabdehin ödənilməmiş 199,13 manat ödənilməmiş pul borcu qalmışdır. Müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 faiz miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 faiz miqdarında dəbbə pulu ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
10. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
13. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ("xxxx" MMC) özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya “(E-S Group Transport and Tourism Company” MMC) verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
14. İş materiallarından görünür ki, dəyəri 1.334,99 olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
15. İddiaçı hazırda verilmiş olan mallardan cavabdehin 199,13 manat borcunun qaldığını bildirir.
16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
17. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
18. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri malların verilməsinin rəsmiləşdirilməsi və verilmiş mallara görə ödənişlərin məhz göndərilmiş fakturalar əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.
19. İşə əlavə edilmiş elektron qaimələrdə göstərilmiş məbləğin cəminin 1.334,99 manat olması, cavabdeh tərəfin isə məhkəmə iclasına gəlməməsi və tələb edilən məbləğin ödənilməsi barədə hər hansı bir sənədin təqdim edilməməsi cavabdehə verilmiş olan mallara görə ödənilməmiş 199,13 manat borcunun qalması halını məhkəmə əsaslı hesab edir.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 199,13 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.
22. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
23. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 faiz miqdarında , gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 faiz miqdarında dəbbə pulu ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
27. Hazırki işin hallarından görünür ki, cavabdehin 199,13 manat məbləğində əsas borcuna münasibətdə 10 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində mediasya xərci Bakı 18 saylı Mediasiya təşkilatına ödənmişdir.
29. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
30. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 110 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq 110 manat məbləğində pul ödənmişdir.
32. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 199 (yüz doxsan doqquz) manat 13 (on üç) qəpik əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 209 (iki yüz doqquz) manat 13 (on üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 110 (yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 20 (iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov