Məhkəmə qərarları › İş №e-2-2(113)-1881/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1881/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1881/2022 14.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZF/SL/2018/22 saylı, xx.xx.2018-ci il tarixli abunə müqaviləsinə əsasən təqdim edilmiş rabitə xidmətlərinə görə yaranmış 24.360,59 manat məbləğində borcun, 11,130.00 manat məbləğində nömrələrdən imtina haqqının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 35.520,59 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış AZF/SL/2018/22 saylı, xx.xx.2018-ci il tarixli abunə müqaviləsinə əsasən cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş mobil nömrələr vasitəsilə iddiaçının rabitə xidmətlərindən istifadə etmişdir. Lakin cavabdeh Müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş öhdəliyini pozaraq, istifadə etdiyi rabitə xidmətlərinin dəyərini tam şəkildə ödəməmişdir və nəticədə Müqavilə üzrə 2019-cu ilin yanvar-iyul ayları ərzində təqdim edilmiş rabitə xidmətlərinə görə 24.360,59 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 9.4-cü bəndinə əsasən, əgər abunəçi nömrələr aktivləşdirildikdən sonra 3 (üç) təqvim ili ərzində xidmətlərdən rəsmi şəkildə imtina edərsə, bu halda abunəçi hər imtina edilmiş nömrəyə görə 30 manat məbləğində imtina haqqı ödəməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, M-356 nömrəli məktuba əsasən müqaviləyə xx.xx.2019-cu il tarixindən etibarən cavabdeh tərəfindən xitam verildiyi iddiaçıya bildirilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin qüvvəyə minməsindən və bu Müqavilə üzrə nömrələrin aktivləşdirilməsi tarixindən sonra 3 (üç) təqvim ili ərzində nömrələrdən imtina etmişdir və iddiaçının imtina haqqı tələb etmək hüququ yaranmışdır. Müvafiq olaraq iddiaçı tərəfindən 11.130 manat məbləğində imtina haqqı hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə AZF/SL/2018/22 saylı, abunə müqaviləsi bağlanmışdır. Abunə müqaviləsinə əsasən Cavabdeh MMC İddiaçı MMC tərəfindən təqdim edilmiş mobil nömrələr vasitəsilə iddiaçının rabitə xidmətlərindən istifadə etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış rabitə və internet xidmətlərin göstərilməsi haqqında müqavilə ilə bağlıdır. Ona görə də qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəliyin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən xx.xx.2018-ci il tarixdli AZF/SL/2018/22 saylı, abunə müqaviləsinə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Ancaq qeyd edilməlidir ki, nə rabitə, internet xidmətlərinin göstərilməsi barədə müqavilə nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmçinin də, nəzərə alınmalıdır ki, Sivilistika elmində Xidmət müqaviləsinin əvəzsiz və əvəzli olması halı olduğundan, hazırki müqaviləyə əvəzli xidmət müqaviləsi kimi qiymət verilməlidir. Beləliklə rabitə və internet Xidmətlərin göstərilməsi haqqında müqavilənin əsas spesifik xüsusiyyətləri kimi: əvəzli xidmət müqaviləsi olması (1), qanunvericilikdə anlayış verilməsə də, müqavilənin xüsusi bir növü olması (2), tapşırıq və xidmət müqaviləsinin elementlərini özündə cəmləşdirən qarışıq müqavilə olması (3) qeyd edilə bilər. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırda iddiaçı tərəf xx.xx.2018-ci il tarixli AZF/SL/2018/22 saylı müqavilə üzrə elə həmin tarixdə təhvil-təslim aktı ilə 325 ədəd, sonradan isə cavabdehin sifarişinə əsasən 46 ədəd mobil nömrə verildiyini, təqdim edilmiş nömrələrdən cavabdehə məxsus olan avtobuslarda internet xidmətindən istifadə edilərək müvafiq tariflər üzrə 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları üçün ödənişlərin edilmədiyini qeyd edir. Cavabdeh tərəf isə 325 ədəd nömrənin verildiyi qəbul edir, ancaq sonrakı 46 ədəd nömrənin verilmədiyini və eyni zamanda da, istifadə edilmiş nömrələr üzrə internetdən istifadə üzrə həmin məbləğdə borcun yaranmasını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, 325 ədəd nömrənin cavabdehə təhvil verilməsi işin mübahisələndirilməyən halı olduğundan, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam 46 ədəd nömrənin cavabdehə təhvil verilib-verilməməsidir. İş materiallarına əlavə edilmiş mailto:fuad.isgandarov@safa.azElektron ünvan elektron poçt ünvanı ilə İddiaçı MMC-nin əməkdaşına məxsus olan elektron poçt ünvanına xx.xx.2018-ci il tarixdə ünvanlanmış “nömrələrlə bağlı trackstudio yazıldı, məsələnin daha da tez həll edilməsi ilə bağlı köməklik göstərməyinizi xahiş edirəm (5 ədəd nömrə ilə bağlı)” məzmunlu, 13.09.18-ci il tarixdə ünvanlanmış “şirkət nömrələri təsdiqləsin zəhmət olmasa (20 ədəd nömrə ilə bağlı)” məzmunlu, xx.xx.2018-ci il tarixdə ünvanlanmış “Çinarə xanım bütün nömrələri yoxlayıb yaza bilərsiz, onlarda İP ünvanlar statikdir ya dinamik (10 ədəd nömrə ilə bağlı)” məzmunlu və xx.xx.2018-ci il tarixli (10 ədəd nömrə ilə bağlı) elektron poçt vasitəsi ilə olan yazışmaların məzmunundan aydın olur ki, 45 ədəd nömrə də, cavabdehə verilmişdir. Bundan əlavə də, mailto:fuad.isgandarov@safa.azElektron ünvan elektron poçt ünvanı ilə İddiaçı MMC-nin əməkdaşına məxsus olan elektron poçt ünvanına xx.xx.2018-ci il tarixdə ünvanlanmış “.....nömrələrdə nasazlıq baş verib......nömrələrin siyahısı əlavədə əks olunubdur” məzmunlu yazışmanın siyahısına baxdıqda aydın olur ki, təhvil-təslim aktında və qeyd edilmiş digər mail yazışmalarında qeyd edilməmiş 1 ədəd ********* saylı nömrə də, iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir, belə ki, həmin nömrə təhvil verilməmiş olsa idi, nömrələrdə baş verən nasazlıqla bağlı cavabdeh tərəfindən iddiaçıya elektron məktub yazılmazdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil-təslim aktı ilə 325 ədəd və əlavə də, sifariş əsasında 46 ədəd nömrə təqdim edilmişdir. Belə olan halda , cavabdehin etirazının ilk 46 ədəd nömrələrin ona təhvil verilməməsi barədə dəlili əsassızdır. Məhkəmə cavabdehin digər nömrələrdə internetdən istifadə üzrə həmin məbləğdə borcun yaranmaması barədə dəlilini də, əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd edilmiş aylar üzrə “invoice”larda eyni zamanda maliyyə arayışına əlavə edilmiş hər ay üzrə, hər bir nömrə ilə istifadə olunmuş internet sərfiyyatının “byte” formasında hesablanması aparılmış, cavabdeh tərəf də qeyd edilmiş internet sərfiyyatının nəyə görə əsassız olmasına dair hər hansı bir sübut və ya əsaslı dəlil təqdim edə bilməmişdir. Nəzərə alsaq ki, Cavabdeh MMC-nin kifayət qədər sayda avtobusları vardır və həmin avtobuslardan da, kifayət qədər çox sayda şəxslər istifadə edir və həmin kart sistemi ilə ödənişlərin edilməsi və məlumatların ötürülməsi də, iddiaçı tərəfindən təqdim edilmiş nömrələrin internetindən istifadə üzrə həyata keçirilir və bu da qeyd edilən sərfiyyatın ağlabatan olması nəticəsinə gəlməyə əsas verir. Həmçinin də qeyd edilməlidir ki, qeyd edilən sərfiyyata dair məlumatları hər hansı şəxs tərəfindən deyil, avtomatik olaraq sistem üzərindən hesablanması qeyd edilən sərfiyyatın əsassız olması halını aradan qaldırır. Ona görə də, məhkəmə hesab edir ki, iddianın təqdim edilmiş rabitə xidmətlərinə görə yaranmış 24.360,59 manat məbləğində borcun tələb edilməsi hissəsində iddia əsaslıdır. Məhkəmə iddianın digər 11,130.00 manat məbləğində nömrələrdən imtina haqqının tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddianın qeyd edilən hissəsi ilə bağlı iddiaçı tərəf müqavilənin 9.4-cü bəndinə (əgər abunəçi nömrə aktivləşdirildikdən sonra 3 təqvim ili ərzində xidmətlərdən rəsmi şəkildə imtina edərsə, bu halda abunəçi hər bir imtina edilmiş nömrəyə görə Azerfona 30 manat imtina haqqı ödəməlidir) istinad edir. Qeyd edilməlidir ki, bu hissədə iddianın qanuni həlli baxımından müqavilənin adıçəkilən bəndi doğru təfsir edilməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin 9.4-cü bəndi öhdəliyin icrasının təmini üsulu kimi anlaşılmalıdır. Belə ki, müqavilə üzrə Cavabdeh MMC dolayısı ilə öz üzərinə təqdim edilmiş nömrələrdən 3 il müddətinə istifadə edəcəyini və ondan imtina etməyəcəyini və əgər 3 ildən tez imtina edərsə hər nömrəyə görə müqavilə üzrə üzərinə götürmüş öhdəliyini icra etmədiyinə görə hər nömrə üçün 30 manat imtina haqqı verəcəyi ilə razılaşmışdır. Bu isə məhz öhdəliyin icrasının təmini xarakteri daşıyır. Ona görə də, həmin qeyd edilən imtina haqqı dəbbə pulu kimi qəbul edilməli və mübahisənin həlli dəbbə pulu ilə bağlı normalar nəzərdən keçirilməklə həll edilməlidir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İddianın qeyd edilən hissəsi ilə bağlı iddiaçı tərəf cavabdeh tərəfindən müqavilə bağlandıqdan və nömrələr aktivləşdirildikdən sonra 3 il müddət keçmədən xx.xx.2019-cu il tarixli, M-356 nömrəli məktuba əsasən müqaviləyə xx.xx.2019-cu il tarixindən xitam verdiyini və ona görə də, imtina haqqı olaraq hər nömrə üçün 30 manat ödəməli olduğunu bildirir. Cavabdeh tərəf isə müqaviləyə iddiaçının özü tərəfindən xx.xx.2019-cu il tarixdən xitam verildiyini qeyd edərək imtina haqqı ödəməli olmadığını qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh MMC-nin Baş direktoru iddiaçı tərəfə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZF/SL/2018/22 saylı müqavilənin xx.xx.2019-cu il tarixindən etibarən xitam verilməsi barədə məktub vermişdir. Ancaq, cavadehin qeyd etmiş olduğu məktub müqavilənin xitamı ilə bağlı deyil, xx.xx.2018-ci il tarixli AZF/SL/2018/22 saylı müqavilənin 1 saylı 14 may 2019-cu il tarixli əlavənin 18 iyul 2019-cu il tarixdən xitam verilməsi ilə bağlıdır. Belə olan halda aydın olur ki, cavabdeh tərəf həqiqətən də, müqavilə bağlanaraq, nömrə aktivləşdirildikdən 3 il keçməmiş xidmətlərdən imtina etmişdir. Ona görə də, cavabdehin dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Hazırki işin hallarından görünür ki, cavabdehin 24.360,59 manat məbləğində əsas borcuna münasibətdə 1.300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, ümumiyyətlə dövlət rüsumu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 24.360 (iyirmi dörd min üç yüz altmış) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borc və 1.300 (bir min üç yüz) manat məbləğində mobil nömrələrdən imtina haqqı olmaqla, ümumilikdə 25.660 (iyirmi beş min altı yüz altmış) manat 59 (əlli doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar