Məhkəmə qərarları › İş №e-2-2(113)-1884/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1884/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1884/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 26.089,8 ABŞ dolları məbləğində borcun, hüquqi xidmətlər üçün ödəniləcək xərclərin, ediləcək ekspertiza xərclərinin, o cümlədən 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx”MMCarasında 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 50 ton alüminium posa məhsulunu hər 1 tonuna 500 ABŞ dolları olmaqla cavabdehə satmağı, cavabdeh isə malı qəbul etməyi və ümumilikdə 26 089.8 ABŞ dolları məbləğini odəməyi üzərinə öhdəlik götürmüşlər. Müqavilə üzrə satıcı qismində çıxış edən “xxxx” MMC müqavilə üzrə müəyyən edilmiş həcmdə və müddətdə malı alıcıya, yəni cavabdehə göndərmişdir. Cavabdeh öz növbəsində malı tam həcmdə qəbul etmiş, lakin müqavilənin şərtlərini pozaraq ümumi məbləği ödəməmiş və bu günə qədər ödəməkdən imtina edir. 11.06.2021-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 26.089,8 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, dəqiqləşmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək izahatında iddiaçının təqdim etdiyi alüminium posa məhsulunun keyfiyyətsiz olduğunu – həmin malın 40 %-nin yararsız alumena tozundan ibarət olduğunu, buna görə də həmin məhsulu qaytarmağa və ya məhsula görə 15.653 ABŞ dolları ödəməyə razı olduqlarını bildirdi və cavabdeh göstərilən təkliflərlə razılaşmadığı halda iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında 15 sentyabr 2018-ci il tarixdə AL 005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alüminium posa satmağı, alıcı isə bu malı qəbul etməyə razılaşır. 2.1-ci bəndinə əsasən manlın bir ton qiyməti 500 ABŞ dolları + ƏDV manat müəyyən edilir. 3.1-ci bəndinə əsasən satılan malın ümumi illik həcmi 50 ton müəyyən edilir. Ayrıayrılıqda satışların həcmi hər satış üçün müvafiq qaimələrlə müəyyənləşdiriləcəkdir. 3.2-ci bəndinə əsasən təhvil verilən malın dəyərinin 100%-i alıcı tərəfindən malın təhvil götürdüyü gündən 30 gün ərzində ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 44.352,66 manat dəyərində alüminium posa adlı malın təqdim edilməsinə dair 08.10.2018-ci il tarixli 688000 saylı qaimə-faktura tərtib edilərək elektron sistem vasitəsilə “xxxx” MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə 21.08.2020-ci il tarixli məktub ünvanlanaraq 26.089,8 ABŞ dolları (44.352,66 manat) məbləğində borcun növbəti 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 26.08.2020-ci il tarixli məktub ilə İddiaçı MMC-nin 21.08.2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 15.09.2018-ci il tarixli AL005/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC aldığı alüminium posa malının zavoda boşaltma ərəfəsində firma tərəfindən yararsız alumena tozu ilə birgə yüklənib göndərildiyi aşkar edilmiş, həmçinin 3100 kq istehsal prosesi nəticəsində məhsulun 40% yararsız alümena tozu olduğu məlum olmuş, bu barədə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Erman Cara bildirilmişdir. 3100 kq çıxmaq şərti ilə geri qalan 40.900 kq malın geri qaytarılmasına hazırdırlar. - İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvalanmış 24.11.2020-ci il tarixli məktubunda Erman Car adında məsul şəxsin İddiaçı MMC-də çalışmadığı bildirilmiş, həmçinin yararsız posanın geriyə təhvil alma mümkünlüyü istisna edilmiş və cavabdehdən 26.089,8 ABŞ dolları (44.352,66 AZN) məbləğində borcun ödənilməsi bir daha xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 15 sentyabr 2018-ci il tarixli AL 005 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən cavabdehə alüminium posa adlı malı təqdim etmiş, cavabdeh “xxxx” MMC isə malın dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 26.089,8 ABŞ dolları (44.352,66 AZN) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş malın keyfiyyətsiz olması və buna görə malın qiymətinin azaldılaraq mala görə cəmi 15.653 ABŞ dolları məbləğində pulun ödənilməsini və ya malın geri qaytarılmasını iddiaçıya təklif etməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh nə ümumiyyətlə alınmış malın qüsurlu (keyfiyyətsiz) olmasını, nə də malın ehtimal olunan qüsurunun iddiaçının malı alıcıya təhvil verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən iş materialların görünür ki, iddiaçı tərəfindən mübahisəli mal 2018-ci ilin oktyabr ayında cavabdehə təqdim edildiyi halda cavabdeh yalnız 2020-ci ilin avqust ayında malın keyfiyyətsiz olması ilə bağlı qiymətin azaldılmasını və ya malın qaytarılmasını iddiaçıya təklif etmişdir. Erman Car adlı şəxsə ünvanlanmış e-mail məktubuna gəldikdə məhkəmə qeyd edir ki, əvvəla həmin məktubun həqiqiliyi məhkəmə tərəfindən müəyyən edilməmiş, ikincisi, həmin məktubun ünvanlandığı şəxsin iddiaçı şirkətə hər hansı bir aidiyyətinin olması da iş materialları ilə öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 595.1-ci maddəsinə görə alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin mal təqdim edildiyi vaxtdan iki ilə yaxın müddət keçdikdən sonra malın keyfiyyətsizliyi barədə iddiaçıya məlumat verməsinin ağlabatan müddətdə verilmiş bildiriş kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda məhkəmə cavabdeh “xxxx” MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 26.089,8 ABŞ dolları (qətnamənin çıxarıldığı tarixə olan məzənnə ilə 44.352,66 manat) məbləğində borcunun yarandığını, iddiaçının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 26.089,8 ABŞ dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx MMC-dən 26.089,8 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar