Məhkəmə qərarları › İş №e-2-2(113)-1885/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1885/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1885/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1416,33 manat, cərimə məbləği - 1115,83 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsum 60 manat, ümumilikdə 2592,16 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2019-cu il tarixli 1808/**********-R/19 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçının (Satıcı) istehsal etdiyi süd və süd məhsulları cavabdehə (Alıcıya) satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdehdən müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 1416,33 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmiş və hal-hazırda cavabdehin borc məbləği 1416,33 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Osmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli 1808/**********- R/19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi məhsulları alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və bu müqavilənin şərtlərinə uyğun tam dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malların adları, miqdarı, çeşidi və qiymətləri əvvəlcədən satıcı ilə razılaşdırılır və tərəflərin təsdiq etdiy qaiməfakturalarda öz əksini tapır. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyərini elektron qaimələrin cəmi təşkil edir. Mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. Malların ödənişi alıcı tərəfindən təhvil alındığı gündən 30 təqvim günü ərzində həyata keçirilməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı hazırkı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1 % həcmində cərimə tələb etmək hüquqna malikdir. Sözügedən müqaviləyə əlavə qiymət razılaşma protokolundan görünür ki, tərəflər həmin müqavilə üzrə təhvil verilməli olan malların qiymətləri barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin 1416,33 manat (ƏDV daxil) gecikdirilmiş borc, 1115,83 manat isə gecikməyə görə cərimə borcu, ümumilikdə 2532,15 manat debitor borcu vardır. 01.11.2019-cu il tarixli 350626 nömrəli malların təhvil-qəbul aktı ilə 19,15 manat, 06.12.2019-cu il tarixli 378521 nömrəli malların təhvil-qəbul aktı ilə 121,98 manat, 18.12.2019-cu il tarixli 362645 nömrəli malların təhvil-qəbul aktı ilə 205,67 manat, 10.01.2020-ci il tarixli 346664 nömrəli malların təhvil-qəbul aktı ilə 102,83 manat, 06.02.2020-ci il tarixli 092715 nömrəli malların təhvil-qəbul aktı ilə 123,40 manat, 12.02.2020-ci il tarixli 077464 nömrəli malların təhvil-qəbul aktı ilə 61,70 manat, 28.01.2020-ci il tarixli malların təhvil- qəbul aktı ilə 102,84 manat, 14.11.2019-cu il tarixli malların təhvil-qəbul aktı ilə 102,84 manat, 19.11.2019-cu il tarixli malların təhvil-qəbul aktı ilə 102,84 manat, 27.11.2019-cu il tarixli malların təhvil qəbul aktı ilə 102,84 manat, 11.12.2019-cu il tarixli malların təhvil qəbul aktı ilə 102,84 manat, 28.12.2019-cu il tarixli malların təhvil-qəbul aktı ilə 143,97 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1416,33 manat məbləğində borcun cavabdehdən ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. EBAG 357984 nömrəli 13.02.2020-ci il tarixli, EBAG 108400 nömrəli 07.02.2020-ci il tarixli, EBAF 646024 nömrəli 29.01.2020-ci il tarixli, EBAE 986112 nömrəli 13.01.2020-ci il tarixli, EBAE 598336 nömrəli 29.12.2019-cu il tarixli, EBAE 134520 nömrəli 19.12.2019-cu il tarixli, EBAD 774874 nömrəli 12.12.2019-cu il tarixli, EBAD 598797 nömrəli 09.12.2019cu il tarixli, EBAD 146905 nömrəli 28.11.2019-cu il tarixli, EBAC 741805 nömrəli 20.11.2019-cu il tarixli, EBAC 551974 nömrəli 15.11.2019-cu il tarixli, EBAC 117757 nömrəli 05.11.2019-cu il tarixli, EBAC 056607 nömrəli 04.11.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə, miqdarda və sayda mallar göndərilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 mart 2022-ci il tarixli MŞB/3-00408 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli 1808/**********-R/19 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1416,33 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1416,33 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən hesablanmış 1115,83 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1416,33 manat gecikdirilmiş əsas borc, 50 manat cərimə, ümumilikdə 1466,33 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1416,33 (bir min dörd yüz on altı manat otuz üç qəpik) manat əsas, 50 (əlli) manat cərimə, ümumilikdə, 1466,33 (bir min dörd yüz altmış altı manat otuz üç qəpik) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar