Məhkəmə qərarları › İş №e-2-2(113)-1886/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1886/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1886/2020 29.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.710,50 ABŞ dolları məbləğində əsas borcun və qətnamə çıxarıldığı gün bank uçot dərəcəsi əsasında faiz borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC adından hüquqi şəxsin direktoru Ömrümov Məhərrəm Xansuvar oğlu tərəfindən xx.xx.2019-cu il tarixində 04 saylı ödəniş tapşırığı ilə Cavabdeh ASC-nin “Gənclik” filialından X1 şəhərində yerləşən X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin NORDEA BANK, Hesab № SE********************38.SWİFT code: NDEASESS bank hesabına 22710,50 USD məbləğində ödəniş edilmişdir. Lakin ödəniş qarşı tərəfə çatmamışdır. Cavabdeh ASC-nin Gənclik filialına bununla bağlı dəfələrlə müraciət edilməyinə baxmayaraq göndərilən pul vəsaitinin kim tərəfindən çıxarılması barədə hər hansı bir məlumat verilməmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq icra edilməmiş ödəniş məbləği geri qaytarılmadığından məhkəmə müdafiəsindən istifadə edilmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində onun tərəfindən banka müraciət olunaraq köçürülmüş vəsaitin kim tərəfindən çıxarıldığı barədə hər hansı məlumatın verilmədiyini və müraciətlərinə baxmayaraq köçürülmüş vəsaitin geri qaytarılmadığını qeyd etmişdir. Bildirir ki, digər banka köçürülmüş vəsaitin kim tərəfindən məxaric olunması, ümumiyyətlə digər bankdakı hesab üzrə aparılmış əməliyyatlar Cavabdeh ASC-yə məlum olmadığından tərəflərindən bu cür məlumat təqdim oluna bilməz. Həmçinin bildirirlər ki, iddiaçının müraciətləri üzrə tərəflərindən vəsaitin köçürüldüyü banka vəsaitin geri qaytarılması ilə bağlı müraciət olunmuş, lakin vəsaitin artıq məxaric olunması səbəbi ilə geri qaytarılmasının mümkünsüz olduğu banka bildirilmişdir. İddiaçının banka xx.xx.2019-cu il tarixli müraciətində qeyd olunub ki, bankdan ona təqdim olunan məlumatı o, qarşı tərəfə təqdim edərkən kimlərsə tərəfindən dəyişdirilib. Bildirirlər ki, ödəniş tapşırığı və ordakı məlumatlar müştəri tərəfindən təqdim olunmuş invoysa uyğun tərtib olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə əlavə olaraq bildirmişdir ki, sonradan onlara ödəniş tapşırığında göstərilmiş bank hesab nömrəsinin ödənişin həyata keçirilməli olduğu X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinə məxsus olmaması məlum olmuşdur. Lakin ödəniş tapşırığında göstərilmiş hesaba da pul köçürülməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: 04 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-nin Gənclik filialına X1 şəhərində yerləşən X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin NORDEA BANK, Hesab № SE********************38, SWİFT code: NDEASESS bank hesabına 22.710,50 ABŞ dolları məbləğində ödəniş edilməsi barədə tapşırıq verilmişdir. SWİFT üzrə ödəmənin təsdiqi barədə sənəddən görünür ki, xx.xx.2013-cü ildə İddiaçı MMC-yə məxsus AZ30AİİB**********18 saylı bank hesabından NORDEA BANK, Hesab № SE********************38, SWİFT code: NDEASESS bank hesabına 22.710,5 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. SWİFT üzərindən yazışmalardan görünür ki, Cavabdeh ASC NORDEA BANK–dan rəsmi araşdrıma aparılması ilə bağlı SE********************38 saylı hesabının sahibinin adının açıqlanmasını xahiş etmiş, NORDEA BANKisə həmin məlumatın bank sirri təşkil etdiyindən məlumatın verilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra Cavabdeh ASC pulun göstərilən hesaba köçürülməli olmadığını, müştərinin pulun qaytarılmasını xahiş etdiyini bildirmiş və SE********************38 saylı hesaba edilmiş ödənişin - 22.710,5 ABŞ dolları pulun geri qaytarılmasnıı xahiş etmişdir. Nordea Bank isə göndərildiyi hesabdan pulun artıq məxaric edildiyini, buna görə pulun geri qaytarılmasının mümkün olmamasını bildirmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş 29.07.19-cu il tarixli məktubdan görünür ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə X1 şəhərində yerləşən X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin Nordea Bank SE********************38 hesabına pulun köçürülməsi ilə bağlı Cavabdeh ASC-yə ödəniş tapşırığı verilərkən naməlum şəxsin proformanı dəyişdirdiyini, nəticədə ödəniş tapşırığında səhvə yol verərək, bank hesabının düzgün göstərmədiklərini, X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin ümumiyyətlə NORDEA bankda hesabının olmadığını qeyd etmiş, köçürülmüş vəsaitin digər bank hesabına göndərilməsini, mümkün olmadığı halda isə həmin vəsaitin MMC-nin özünə qaytarılmasına koməklik göstərilməsini Cavabdeh ASC-dən xahiş etmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən onun adına olan bank hesabından X1 şəhərində yerləşən X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin NORDEA BANK, hesab № SE********************38, SWİFT code: NDEASESS bank hesabına 22.710,50 ABŞ dolları məbləğində ödəniş edilməsi barədə Cavabdeh ASC-nin “Gənclik” filialına ödəniş tapşırığı verilmişdir.Hazırda İddiaçı MMC sözügedən ödəniş tapşırığının bank tərəfindən icra edilmədiyini, ödənilməsi tapşırılmış vəsaitin qarşı tərəfin hesabına köçürülmədiyini iddia edir və həmin pul vəsaitinin bank tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı MMC iddia ərizəsində X1 şəhərində yerləşən X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin NORDEA BANK, hesab № SE********************38.SWİFT code: NDEASESS bank hesabına pul köçürülməsi barədə Cavabdeh ASC-yə ödəniş tapşırığı verdiyini, lakin pulun qarşı tərəfə çatmadığını iddia etdiyi halda iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla, eləcə də iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatla təsdiq edilir ki, ödəniş tapşırığı verilərkən İddiaçı MMC tərəfindən səhvə yol verilmiş, tapşırıqda X4.Mak. Tec. İmlt.San. və Tic.Ltd. Şirkətinin bank hesabının nömrəsi düzgün göstərilməmişdir. İddiaçı MMC tərəfindən mübahisəli ödəniş tapşırığında hesab nömrəsinin səhv göstərilməsi nəticəsində pul vəsaiti ödəniş tapşırığına göstərilmiş, kimə məxsus olması bəlli olmayan bank hesabına göndərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının pul vəsaitinin köçürüldüyü, ödəniş tapşırığında göstərilmiş bank hesabının kimə məxsus olmasını bilmədiyini nəzərə alsaq iddiaçının mübahisəli pul vəsaitinin göndərilmiş olduğu hesaba çatmaması barədə hər hansı məlumat əldə edə bilməsi inandırıcı görünmür. Belə olan halda isə pulun ödəniş tapşırığında göstərilmiş hesaba köçürülməməsi, yəni cavabdeh tərəfindən ödəniş tapşırığının icra edilməməsi barədə iddiaçının dəlillərinin yalnız ehtimallara söykənməsi açıq-aşkardır. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ödəniş tapşırığının icra edilməməsi və pulun ödəniş tapşırığında göstərilmiş hesaba çatmaması barədə iddiaçının istinad etdiyi yuxarıda göstərilən dəlillər iş materiallarında olan sənədlərlə də təkzib edilir. Belə ki, əvvəla İddiaçı MMC-yə məxsus AZ30AİİB**********18 saylı bank hesabından NORDEA BANK, Hesab № SE********************38, SWİFT code: NDEASESS bank hesabına 22.710,5 ABŞ dolları məbləğində pul vəsaitinin köçürülməsi SWİFT üzrə ödəmənin təsdiqi barədə sənədlə öz təsdiqini tapır. Bununla yanaşıiş materiallarında olan Cavabdeh ASC ilə “NORDEA BANK“ arasında SWİFT üzərindən yazışmalardan da müəyyən edilir ki, ödənişin göndərildiyi “NORDEA BANK“ pulun ödəniş tapşırığında göstərilmiş hesaba köçürülməsini təsdiq etmiş, lakin köçürülmüş pul vəsaiti hesabdan məxaric edildiyindən həmin vəsaitin „Cavabdeh” ASC-nin tələbi ilə geri qaytarılmasının mümkün olmamasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2.-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 973.1-ci maddəsinə görə ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. 976.1-ci maddəsinə görə müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hazırkı işdə Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin ödəniş tapşırığının icra edilməməsi və ya lazımınca icra edilməməsinin iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar