Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1886/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli təchizat müqaviləsi üzrə 189,35 manat əsas, 346,56 manat dəbbə pulu və ödənilmiş 42 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2022-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında S72/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş malları cavabdehə sataraq onun mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların iddiaçı tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində iddiaçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, cavabdeh satılan malın bir hissəsini müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri müqaviləyə əsasən onun dəyərinə daxildir. İddiaçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. 2.2. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 189,35 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödəməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda cavabdeh iddiaçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda cavabdeh razılaşır ki, iddiaçı təhvil verilmiş bütün mallara görə penya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, cavabdeh razılaşır ki, iddiaçı bütün çatdırılmış malıın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi iddiaçını müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 189,35 manat cavabdeh tərəfindən ödənilməlidir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 597.1, 598.3, 600.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh məhkəməyə müraciət etdikdən sonra ödəniş etmiş, qalıq 189,35 manat ödənişi isə ekspeditora etdiyi əsası ilə ödəmək istəmir. Lakin ödənişi təsdiq edən sübut mövcud deyildir. Bu səbəbdən də ekspeditor X5 şahid qismində dindirilməlidir. Əgər ekspeditor ödənişin edildiyini təsdiq edərsə, iddia ərizəsi geri götürüləcək.
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianı müdafiə etdi və eyni zamanda qeyd etdi ki, iddia tələbi dəqiqləşdirilərək tələb olunan 346,56 manat dəbbə pulu ödənilməsi gecikdirilən 189,35 manat borc üçün hesablanmışdır.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, tərəflər arasında xx.xx.2022-cü il tarixli S72/22 saylı təchizat müqaviləsi üzrə ümumi mal dövriyyəsi 3339,87 manat olmuşdur. Qalıq məbləğ tam ödənilmiş, 189,35 manat məbləğində pul isə iddiaçının ekspeditoruna əlbəəl verilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borc və dəbbə pulunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 972/22 nömrəli təchizat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə spirtli məhsulları satmağı, cavabdeh isə həmin məhsulları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 972/22 nömrəli təchizat müqaviləsi üzrə tərəflər arasında ümumi mal dövriyyəsi 3339,87 manat olmuş, həmin malların dəyərindən 1917 manat ödənilmiş, 1233,52 manat dəyərində mal isə geri qaytarılmışdır.
12. İddiaçı xx.xx.2022-ci il tarixli 972/22 nömrəli təchizat müqaviləsi üzrə 189,35 manat əsas borc, 346,56 manat dəbbə pulunun ödənilməsini tələb edir.
13. Cavabdeh xx.xx.2022-ci il tarixli 972/22 nömrəli təchizat müqaviləsi üzrə 189,35 manat məbləğində pulun iddiaçının ekspeditoru X4 ödənildiyini bildirir.
14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Qeyd edilməlidir ki, hazırda tərəflər arasında müqavilə üzrə 189,35 manat məbləğində ödənişin edilməsi ilə bağlı mübahisə mövcuddur. Həmin ödənişlə bağlı iddiaçı ekspeditor işləmiş X3 şahid qismində dindirilməsini xahiş etmiş, ödənişin həmin şəxs tərəfindən təsdiq ediləcəyi halda, iddia ərizəsinin geri götürüləcəyini bildirmişdir. Başqa sözlə, iddiaçı mübahisələndirilən 189,35 manat borc məbləğinin həqiqətən ödənilməsi məsələsini X3 şahid qismində verəcəyi ifadə ilə şərtləndirmişdir.
20. Məhkəmə tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmiş X5 şahid qismində dindirilmişdir. Məhkəmə veridiyi ifadədə şahid göstərmişdir ki, əməkhaqlarının gecikdirilməsi səbəbindən işdən çıxmışdır. İddiaçı bildirmişdir ki, ərazidən yığılan pullardan əməkhaqlarınızı götürün. Həmin 190 manat pul vəsaitini də bu səbəbdən özünə götürmüşdür. 190 manat pul vəsaitinin götürüldüyü iddiaçıya bildirilmişdir. Əməkhaqqılar verildiyi təqdirdə, həmin məbləğ iddiaçıya qaytarılacaqdı, lakin əməkhaqqı verilmədi.
21. Göründüyü kimi, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 hazırda mübahisələndirilən məbləği cavabdehdən aldığını, bu barədə iddiaçıya məlumat verdiyini, həmin məbləğin iddiaçıdan alacağı əməkhaqqı ilə əvəzləşdirildiyini təsdiq etmişdir.
22. Cavabdehin iddiaçıya etdiyi və sonuncu tərəfindən təsdiq edilmiş ödənişlərin nağd qaydada ödənildiyini, X3 müvafiq dövrdə əsas iş yeri İddiaçı MMC olan satış təmsilçisi olduğunu, iddiaçının mübahisələndirilən ödənişi X3 mövqeyindən asılı etməsini nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, şahid ifadəsi həqiqi qəbul edilməli, hazırda mübahisləndirilən 189,35 manat ödənilmiş hesab edilməlidir.
23. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
24. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
25. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
26. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.
27. Belə olan halda kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Hazırda isə həmin normanın dispozisiya şərtləri mövcud deyildir, əşyanı təhvil almış alıcının onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyi iş materialları ilə təsdiq edilmir.
30. Bundan başqa, iddiaçı 189,35 manat məbləğində borcun ödənilməsinin gecikdiyi 608 gün üçün 346,56 manat dəbbə pulu tələb edir.
31. xx.xx.2022-ci il tarixli 972/22 nömrəli təchizat müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə peniya hesablayır. Hesabatlar 4.2ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi“Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Məhkəmə qeyd edir ki, hazırkı işin halları ilə, iddiaçının qeyd etdiyi kimi, 189,35 manat məbləğində borcun olduğu öz təsdiqini tapmadığından, həmin borcun ödənilməsinin gecikdirilməsi üçün dəbbə pulunun hesablanması da mümkün deyildir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı eyni zamanda ödənilmiş 42 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
36. İş materiallarından görünür ki, **********82 nömrəli mədaxil qəbzi ilə 42 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
40. Beləliklə, icraatın gedişində edilmiş ödənişlərlə bağlı iddia tələbinin əsas borc və dəbbə pulu hissəsində azaldıldığını, ödənilmiş 42 manat dövlət rüsumunun həmin hissəyə mütənasib hissəsini nəzərə alaraq məhkəmə hesab edir ki, 32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova