Məhkəmə qərarları › İş №e-2-2(113)-1887/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1887/2023

15.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1887/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Ərizənin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1.067,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.320,9 manat, İşsizlikdən sığorta fonduna olan 72,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 295,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2320,9 manat, İşsizlikdən sığorta fonduna 72,82 manat, İcbari Tibbi Sığorta Fonduna 295,24 manat, dövlət büdcəsinə 1067,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 960 manat, faizlər üzrə 107,8 manat) olmaqla, ümumilikdə 3756,76 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********021600, xx.xx.2022-ci il tarixli **********737200, xx.xx.2022ci il tarixli **********368400, xx.xx.2022-ci il tarixli **********430600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq:

6. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

IV. Məhkəmənin mövqeyi:

8. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.

9. Belə ki, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərin surətindən görünür ki: - 24376 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinə təyinat olaraq “işəgötürənlər tərəfindən icbari tibbi üzrə siğorta haqqı” olaraq 710 manat məbləğində ödəniş edilmişdir. - 25216 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinə təyinat olaraq “işəgötürənlərin əməyin ödənilməsi fondundan hesablanan işsizlikdən siğorta haqqı” olaraq 160 manat məbləğində ödəniş edilmişdir. - 24440 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinə təyinat olaraq “fiziki şəxsləri muzdlu işə qəbul edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə” olaraq 3.930 manat məbləğində ödəniş edilmişdir. - 23358 nömrəli xx.xx.2023-cü il tarixli qəbzə əsasən Maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinə təyinat olaraq “digər fiziki şəxslər üzrə sadələşdirilmiş vergi” olaraq 1.380 manat məbləğində ödəniş edilmişdir.

10. Ərizədən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2023-cü il tarixə vergi ödəyicisi Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 1.067,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.320,9 manat, İşsizlikdən sığorta fonduna olan 72,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 295,24 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir.

11. Məhkəmə baxışı zamanı yuxarıda sadalanmış sübutlardan müəyyən olunmuşdur ki, maraqlı şəxs tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcu ödənilmişdir. Belə olan halda Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas yoxdur.

12. Beləliklə, ərizəçinin irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinin tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bundan başqa məhkəmə qeyd edir ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

14. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

17. Bu baxımdan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. V. Nəticə:

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar