Məhkəmə qərarları › İş №e-2-2(113)-1896/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1896/2023

14.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1896/2023 14.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) dövlət büdcəsinə olan 5750,47 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 5750,47 manat məbləğində (o cümlədən vergilər üzrə 5450,68 manat, faizlər üzrə 299,79 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********892600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı müvafiq öhdəliklər üzrə hesablanmış borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərməlidir. Qeyd olunan bildiriş göndərildikdən sonra hesablanmış borc ödənilməzsə, vergi orqanı borcun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, müəyyən olunur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə qanunla müəyyən edilmiş işin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin və xx.xx.2022-ci il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlığın surətindən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən vergi ödəyicisi ilə yazışmalar barədə hesabatdan görünür ki, adıçəkilən borc bildirişi elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin "Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılması formalarından biri kimi, onun elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 70.2-1 və 70.2- 1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Həmin Məcəllənin 13.2.72-ci maddəsinə əsasən isə elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Sadalanan qanunvericilik normalarına əsasən elektron kabinetdən istifadə üçün ilk növbədə vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi isə yalnız vergi orqanı tərəfindən vergi ödəyicisinə kod-parol təqdim edildikdən sonra həyata keçirilir və aktivləşdirilmiş elektron kabinetə elektron üsulla göndərilmiş sənədlər göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Ərizəçi iş materiallarına maraqlı şəxsin elektron kabinetinə bildirişin göndərilməsi barədə sənədlər əlavə etsə də, elektron kabinetdən istifadə ilə bağlı ərizəçi və maraqlı şəxs arasında müqavilə məhkəməyə təqdim edilmədiyindən, vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən və vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin elektron kabinetə malik olması təsdiq edilmir. Məhkəmə yuxarıda qeyd olunan bildirişin maraqlı şəxsə rəsmi qaydada çatdırılması barədə məlumatın və bunu təsdiq edən sənədlərin 3 iş günü müddətində məhkəməyə təqdim edilməsi üçün ərizəçiyə bildiriş-sorğu göndərmiş, lakin sonuncu nə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmiş, nə də sorğuya cavab vermişdir. Beləliklə, vergi ödəyicisinin qeyd olunan bildirişdən xəbərdar olması təsdiq olunmadığından ərizəçinin işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməsi müəyyən olunmur. Bu isə ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etmədiyi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmasının digər qaydaları da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 259.0 və 259.0.1-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin baxılmamış saxlanılması üçün əsaslar mövcud olduğundan ərizə baxılmamış saxlanılmalıdır Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə izah edilsin ki, ərizənin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra xüsusi icraat qaydasında yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar