Məhkəmə qərarları › İş №e-2-2(113)-1898/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1898/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1898/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı ASC-nin Cavabdeh LLC şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı ASC Cavabdeh LLC şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardadı ləğv edərkən qərardadında göstərmişdir ki, tərəflər arasında yaranmış mübahisəyə məhz Azərbaycan Respublikası Məhkəməsi tərəfindən baxılması məsələsi məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyən MPM-in 46-cı fəslinin müddəalarına uyğun olaraq məhkəmə tərəfindən müzakirə olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi İddiaçı MMC (satıcı) və “Cavabdeh LLC (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7 saylı alqı-satqı müqaviləsindən irəli gələn pul tələbidir. Sözügedən alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, pulunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndində malın göndərmə şərti kimi EXW-Sumqayıt göstərilmişdir. İncoterms 2020 beynəlxalq qaydalarına görə EXW göndərilmə şərti – malın satıcıya məxsus zavodda (fabrikdə, anbarda və s.) təhvil verilməsini nəzərdə tutur. Həmin göndərmə şərtlərinə görə satıcı malı şərtdə göstərildiyi yerdə (zavod və s.) alıcıya təhvil verdikdən sonra bütün risklər və xərclər alıcıya aid edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə əşyanın təhvil verilməsi öhdəliyinin icrası yeri kimi Azərbaycan Respublikasının ərazisi (Sumqayıt) göstərilmişdir. Mülki Məcəllənin 426.1-ci maddəsinə görə öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. 426.2. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: 426.2.1. torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə; 426.2.2. öhdəlik müəyyən əşyanın verilməsindən ibarətdirsə - müqavilənin bağlandığı an həmin əşyanın olduğu yerdə; 426.2.3. bütün digər öhdəliklər üzrə - borclunun yaşayış yerində, borclu hüquqi şəxsdirsə - öhdəlik münasibətinin əmələ gəldiyi vaxt onun olduğu yerdə. MPM-in: 443.0-ci maddəsinə görə isə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə... Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı iddia icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan müqavilədən irəli gəldiyindən MPM-nin 443.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri həmin iddiaya baxmağa səlahiyyətlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin Cavabdeh LLC şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 711454567 saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar