Məhkəmə qərarları › İş №e-2-2(113)-190/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-190/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-190/2021 10.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 18983,48 manat əsas borc, 3796,70 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 22810,18 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixində 1389/19M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri ƏDV daxil olmaqla, 48515.30 AZN manat (qırx səkkiz min beş yüz on beş manat otuz qəpik) təşkil etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 41114.56 (qırx bir min yüz on dörd manat əllialtı qəpik) AZN məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. Alıcının Satıcıya etdiyi ödənişləri təsdiq edən hesabdan çıxarışlardan da görünür ki, 21357.75 (iyirmi bir min üç yüzəlli yeddi manat yetmiş beş qəpik) AZN məbləğ, həqiqətən də ödənilmişdir. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 41114.56 (qırx bir min yüz on dörd manat əlli altı qəpik) (ƏDV xaric olmaqla) məbləğindən CavabdehMMC tərəfindən 21357.75 (iyirmi bir min üç yüz əlli yeddi manat yetmiş beş qəpik) (ƏDV xaric olmaqla) AZN məbləğində ödəniş edilmişdir, 18983.48 manat (on səkkiz min doqquz yüz səksən üç manat qırx səkkiz qəpik) məbləğində qalıq məbləğ isə bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Satılmış mallardan 912.65 (doqquz yüz on ikimanat altmış beş qəpik) dəyərində olan mallar Alıcı tərəfindən geri qaytarılmışdır və Satıcı tərəfindən də qəbul edilmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 1389/19M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 18983.48 manat (on səkkiz min doqquz yüzsəksən üç manat qırx səkkiz qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 3796.70 manat (üç min yeddiz yüz doxsan altı manat yetmiş qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca, ümumilikdə 18983.48+3796.70=22780.18 (iyirmi ikimin yeddi yüz səksən manat on səkkiz qəpik) manat tələb məbləği yaranmışdır. xx xxxx 2020-ci il tarixində, 730 saylı məktubla müqavilə üzrə 18983.48 manat (on səkkiz min doqquz yüz səksən üç manat qırx səkkiz qəpik) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Halbuki, məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2019-ui il tarixli 1389/19M saylı müqavilə müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Satıcı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 QİZİ iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini əsas borc hissəsində qəbul edərək, cərimə məbləği ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 1389/19M saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən, satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1” nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” ilə müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. -“xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli UBM KBX№510 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 1389/19M saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, xx.xx.2019-cu il tarixdə 4013,57 manat, xx.xx.2019-cu il tarixdə 5472 manat, xx.xx.2019-cu il tarixdə 1263,31 manat və 845,19 manat, xx.xx.2019-cu il tarixdə 1032,86 manat, xx.xx.2019-cu il tarixdə 480,24 manat, xx.xx.2019-cu il tarixdə 1310,62 manat, xx.xx.2019-cu il tarixdə 306,63 manat, 230,59 manat, 2958,25 manat və 1492,21 manat ödəniş edilmişdir. -“xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli 730 nömrəli məktubdan görünür ki, “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 1389/19M saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-nin “xxxx” MMC-yə 18983,48 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 10 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 1389/19M saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı “X1” nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Satıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 18983,48 manat əsas borcunun tutulmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 18983,48 manat əsas borcu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1389/19M saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 3796,70 manat cərimənin 37 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 1389/19M saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 18983,48 (on səkkiz min doqquz yüz səksən üç manat qırx səkkiz qəpik) manat əsas borc və 37 (otuz yeddi) manat dəbbə pulu olmaqla, cəmi 19020,48 (on doqquz min iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq “xxxx” MMC -nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 1389/19M saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 18983,48 (on səkkiz min doqquz yüz səksən üç manat qırx səkkiz qəpik) manat əsas borc və 37 (otuz yeddi) manat dəbbə pulu olmaqla, cəmi 19020,48 (on doqquz min iyirmi manat qırx səkkiz qəpik) manat məbləğində pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq “xxxx” MMC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar