Məhkəmə qərarları › İş №e-2-2(113)-1903/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1903/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1903/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 dekabr 2020-ci il tarixli 13/S-2020 nömrəli müqavilə üzrə 23301 manat borcun, gecikdirilmiş 240 gün üçün əsas borcun 0,1%-ni təşkil edən 5592,24 manat cərimə məbləğinin və mediasiya üçün ödənilmiş 200 manat məbləğinin, ümumilikdə 29093,24 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli, 13/S-2020 nömrəli müqaviləyə əsasən alıcı – cavabdeh iddiaçıdan mal və avadanlıqları əldə etmişdir. Bununla əlaqədar olaraq cavabdehə iddia ərizəsinə əlavə olunmuş elektron-qaimələr verilmiş, təhvil-təslim aktları əsasında mallar cavabdehə təhvil verilmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan təhvil aldığı malın dəyərini 15 gün müddətində satıcıya köçürmə yolu ilə ödəməli idi. Cavabdeh təhvil aldığı malın ƏDV-ni ödəmiş, həmçinin, malın dəyərindən 4000 manat hissəsini nəğd qaydada iddiaçıya ödəsə də hazırda borcu 23301 manat təşkil edir. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən cavabdeh göstərilmiş müddət ərzində ödəniş etmədiyinə görə gecikdirilmiş hər gün üçün 0,1% cərimə ödəmək öhdəliyi daşımaqdadır. Cavabdehə verilmiş mediasiya təklifi qəbul edilmiş və cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmişdir. Lakin, barışıq əldə edilmədiyindən tərəflər ilkin mediassiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçının nümayəndəsi Vəkil oğlu məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "Kadem İnşaat” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - "xxxx" MMC ilə "Kadem İnşaat” MMC arasıdna bağlanmış 17 dekabr 2020-ci il tarixli, 13/S-2020 nömrəli müqaviləyə əsasən müqavilənin predmetini “Satıcı”nın anbarından “Alıcı” tərəfindən mal və avadanlıqların alınması təşkil edir. Alınan mal və avadanlıqların hər bir partiyası üçün tərəflərin müqaviləyə Əlavə tərtib edilməsi nəzərdə tutulmuşdur. - EBAZ seriyalı, 001501 saylı 19 mart 2021-ci il tarixli elektron qaiməyə əsasən 6907,34 manat dəyərində mal, EBBA seriyalı, 543309 saylı 21 aprel 2021-ci il tarixli elektron qaiməyə əsasən 12184,09 manat dəyərində mal, EBBB seriyalı, 917499 saylı 19 may 2021-ci il tarixli elektron qaiməyə əsasən 3818,4 manat dəyərində mal, EBBD seriyalı, 210456 saylı 14 iyun 2021-ci il tarixli elektron qaiməyə əsasən 9838,27 manat dəyərində mal, EBBE seriyalı, 787629 saylı 13 iyul 2021-ci il tarixli elektron qaiməyə əsasən 4012,9 manat dəyərində mal, ümumilikdə 36761 manat məbləğində mal "Kadem İnşaat” MMC-yə verilmişdir. - 19 mart 2021-ci il tarixli 04 nömrəli hesab-fakturaya, eyni nömrəli qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 6907,34 manat (1053,66 ƏDV + 5853,68) məbləğində olmasını razılaşdırmış və mallar "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. - 21 aprel 2021-ci il tarixli 05 nömrəli hesab-fakturaya, eyni nömrəli qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 12184,09 manat (1858,59 ƏDV + 10325,5) məbləğində olmasını razılaşdırmış və mallar "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. - 19 may 2021-ci il tarixli 06 nömrəli hesab-fakturaya, eyni nömrəli qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 3818,4 manat (582,47 ƏDV + 3235,93) məbləğində olmasını razılaşdırmış və mallar "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. - 14 iyun 2021-ci il tarixli 07 nömrəli hesab-fakturaya, eyni nömrəli qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 9838,27 manat (1500,75 ƏDV + 8337,52) məbləğində olmasını razılaşdırmış və mallar "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. - 13 iyul 2021-ci il tarixli 08 nömrəli hesab-fakturaya, eyni nömrəli qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 4012,9 manat (612,14 ƏDV + 3400,76) məbləğində olmasını razılaşdırmış və mallar "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 2.2.2-ci bəndinə əsasən “..müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı “Satıcı” tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasinda 15 (on beş) təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilir.” Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 36761 manat (5607,61 ƏDV + 31153,39) dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "Kadem İnşaat” MMC-yə təhvil verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən ƏDV təşkil edən 5607,61 manat, həmçinin, əsas borcdan 4000 manat hissəsi ödənilmişdir. Cavabdehin ödənilməmiş borc məbləği 27153,39 manat təşkil etsə də, iddiaçının iddia ərizəsi üzrə tələbi cavabdehdən əsas borca görə 23301 manat məbləğinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, iddianın 23301 manat məbləğinin tutulması hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və tərəflər arasında bağlanmış müqavilənin 2.2.3cü bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 23301 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 5592,24 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 5592,24 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 17 dekabr 2020-ci il tarixli, 13/S-2020 nömrəli müqavilə üzrə 23301 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 24301 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar