Məhkəmə qərarları › İş №e-2-2(113)-1903/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1903/2025

08.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1903/2025 08.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli, xx/xx/2023-RCG nömrəli amışadküy“ xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən 2698,60 manat əsas borcun, 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə yükdaşıma fəaliyyətilə əlaqədar Cavabdeh MMC arasında 22 noyabr 2023-cü il tarixli, xx/xx/2023-RCG nömrəli amışadküy“ xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “icraçı” “sifarişçinin” sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, “sifarişçi” isə “icraçı”ya bu müqavilənin 4-cü bəndində nəzərdə tuttulmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-cü bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir. Tərəflərin razılığına əsasən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır, xidmətin dəyərinin ödənilməsi isə təqdim edilmiş hesab-faktura və elektron qaimə əsasında həyata keçirilir. Sözügedən müqavilə üzrə tərtib edilmiş və hər iki tərəfdən imzalanmış xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli hesab-faktura və 00499287 nömrəli elektron qaiməyə əsasən 840 manat, xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli hesabfaktura və 00498755 nömrəli elektron qaiməyə əsasən 950 manat və xx.xx.2024-cüil tarixli malların təhvil-təslim aktına, xx.xx.2024-cü il tarixli hesab-fakturaya və 00499066 nömrəli elektron qaiməyə əsasən 908,60 manat olmaqla, sözügedən xidmətlərin göstərildiyi 3 ay üçün Cavabdeh MMC-yə iddiaçı tərəfindən ümumi dəyəri 2698,60 (iki min altı yüz doxsan səkkiz manat altmış qəpik) manat dəyərində yükdaşıma xidməti göstərilmişdir. Qeyd edilən göstərilmiş xidmətlərin dəyəri, çıxış və təyinat məntəqələri, daşınması həyata keçirilmiş malların adları və xidmətin həyata keçirldiyi tarixlərlə bağlı məlumatlar cavabdehə təqdim edilmiş təhvil-təslim aktlarında, hesab-fakturalarda və elektron qaimələrdə öz əksini tapmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında növbəti ayın 15-nə qədər həyata keçirilir. Lakin cavabdeh qeyd olunan borcun bu günə qədər heç bir hissəsini ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin bu müqavilə üzrə əsas borcu toplamda 2698,60 (iki min altı yüz doxsan səkkiz manat almış qəpik) təşkil edir. Yekun olaraq qeyd edilir ki, 22 noyabr 2023-cü il tarixli, xx/xx/2023-RCG nömrəli “yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı QSC-yə 2698,60 (iki min altı yüz doxsan səkkiz manat altmış qəpik) manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya məktubu elektron kargüzarlıq qaydasında göndərilmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli, xx/xx/2023-RCG nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə icraçıya bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir və təqdim edilmiş aktlarda və elektron qaimədə öz əksini tapır.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında növbəti ayın 15-nə qədər həyata keçirilir. İcraçı tərəfindən bu sənədlərin təqdim edilməsinin gecikdirilməsi sifarişçiyə ödənişin həyata keçirilməsi üçün əsasdır.

7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2403 00498755 nömrəli 950 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2403 00499287 nömrəli 840 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2403 00499066 nömrəli 908,6 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 950 manat məbləğində, xx.xx.2023-cü il tarixli 840 manat məbləğində, xx.xx.2024-cü il tarixli 908,6 manat məbləğində hesab-fakturalar təqdim olunmuşdur.

9. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli akta görə 950 manat, xx.xx.2023-cü il tarixli akta görə 840 manat, xx.xx.2024-cü il tarixli akta görə 908,6 manat məbləğində xidmət icraçı tərəfindən yerinə yetirilmişdir. Aktlar tərəflərin möhürləri və nümayəndələrin imzaları ilə təsdiq edilmişdir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli, xx/xx/2023-RCG nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

23. 852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

24. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2698,60 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2698,60 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2698,60 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 47 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2698,60 manat məbləğində pul, 47 manat dövlət rüsumu, ümumilikdə 2745,60 (iki min yeddi yüz qırx beş manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar