Məhkəmə qərarları › İş №e-2-2(113)-1904/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1904/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1904/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: malları göndərmə müqaviləsi və vurulmuş zərərin ödənilməsi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ümumi 3 750 ABŞ dolları məbləğində borcun manat ekvivalentini, yəni 6375 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC Sifarişçi İddiaçı MMC-yə LME – 100 ABŞ dolları qiymətdən ümumi 100 ton mis satmağı öhdəsinə götürmüşdür. Lakin, təəssüflər olsun ki, Cavabdeh MMC söz verdiyi məhsulu təhvil verməmişdir. Buna görə də, İddiaçı MMC istehsalat zərurəti ilə bağlı digər Satıcıdan LME + 50 ABŞ dolları qiymətdən 25 ton mis almağa məcbur olmuşdur. Göründüyü kimi, İddiaçı MMC hər ton mis üçün əlavə 150 ABŞ dolları artıq pul ödəməli olmuş, nəticədə 3750 ABŞ dolları zərərə uğramışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 451-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, 31/21 nömrəli, xx.xx.2021 tarixli alğı-satqı müqaviləsinə və xx.xx.2023 tarixli, 18 nömrəli qiymət razılaşma protokoluna əsasən 3 gün ərzində satıcı Cavabdeh MMC sifarişçi İddiaçı MMC-yə LME – 100 ABŞ dolları qiymətdən ümumi 100 ton mis satmağı öhdəsinə götürmüşdür. Lakin təəssüflər olsun ki, "xxxx" MMC söz verdiyi məhsulu təhvil verməmişdir. 5-6 ay keçdikdən sonra iddiaçı tərəf məcbur qalaraq MM-nin 451-ci maddəsini rəhbər tutaraq, yəni öhdəliyin digər təchizat hesabına icrasını həyata keçirmiş, digər təchizatçı "xxxx" MMC ilə müqavilə bağlamışdır. Cavabdehlə müqavilə 100 ton idi, lakin iddiaçı tərəfə təcili olaraq xammala görə 25 ton mis almaq məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin onlara təklif etdiyi qiymətdən hər ton üzrə 160 dollar daha artıq idi. Hətta bununla bağlı iddiaçı tərəfin satınalmanın əməkdaşları da, onlara maildə yazıblar və söz veriblər ki, hər ton başı əlavə 110 dollar komissiya güzəşti edəcəklər. İddiaçı tərəf burda sadəcə olaraq dəymiş zərəri tələb etmişdir. Əslində tərəflər arasında bağlanılmış müqavilənin 6.6 maddəsinə əsasən qeyd edilir ki, satıcı malları çatdırmadığı hər gün üçün 0,5% cərimə tətbiq edə bilər. İddiaçı tərəf o, cəriməni tələb etsə, çox yüksək bir tələb ortaya çıxacaq. Qısacası digər başqa tərəflə müqavilə bağlamaq məcburiyyətində qaldığı üçün həmin müqavilə üzrə iddiaçı tərəfə dəymiş zərəri tələb etmişdir. İddiaçı tərəf təcili xammal lazım idi. Müştərilərlə razılaşmalar olmuşdur. Qarşı tərəf də iddiaçı tərəfə xammalı göndərmədiyi üçün iddiaçı məcbur qalıb digər təchizatçı ilə ziyana düşməklə müqavilə bağlamışdır. xx.xx.2023-cü il razılaşdırma protokolu e-mail vasitəsi ilə cavabdeh tərəfə göndərilmiş və imzalandıqdan sonra onlara skan edilmiş formada qaytarılmışdır. İddiaçı tərəf hazırda da həmin qiymətlə cavabdehdən mal almağa, münasibətləri davam etdirməyə razıdır. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, burada xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə istinad olunub. Müqavilənin də müddəti bitib. Şirkətin direktoru Zamiq Əliyevin də cavabdeh tərəfə verdiyi məlumata əsasən qarşı tərəfin e-sistemə əlavə etdiyi e-mail yazışmalarından əlavə, sonra tərəflər arasında əlavə yazışmalar da olmuşdur. Belə ki xx.xx.2024-cü il tarixli yazışmalarda Səbinə xanım bildirir ki, cavabdeh tərəflə olan razılaşdırma protokolu tapılmamışdır. Zamiq müəllim də qarşılığında tərəfə bildirir ki, həmin sənədin tapılması qeyri-mümkündür, çünki belə bir razılaşma protokolu tərəflər arasında olmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə qeyd edirlər ki, razılaşdırma protokolunu cavabdeh tərəfə göndərək cavabdeh tərəf imzalamalı idi. Zamiq müəllim də həmin sənədi nə edəcəklərini soruşduqda, qarşı tərəf də bildirir ki, müqayisəli sənəd kimi digər sənədlərin arasına qoyulacaq. Bir sözlə şirkətin direktoru xx.xx.2023-cü il razılaşdırma protokolunun xx.xx.2024-cü il tarixdə imzalandığını bildirir. Tərəflər arasında razılaşdırma protokolu həmişə əyani şəkildə olaraq bağlanılıb, imzalanırdı. Hazırda qeyd olunan razılaşdırma protokolu e-mailə göndərilmişdir. Razılaşdırma protokolu cavabdehin direktoru tərəfindən imzalansa da, həmin qiymətə mal satmaq niyyəti ilə deyil, sadəcə iddiaçı tərəfin əməkdaşının təklifi ilə iddiaçıya görünüş üçün lazım olduğundan imzalanmışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 31/21 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini Satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını və elektron qaimə-fakturanı da alıcıya təqdim etməlidir. Müqavilənin 3.3-cü bəndində əsasən malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən iki nüsxədə tərtib edilən Təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir. Təhvil-təslim aktı imzalandıqdan sonra mallara mülkiyyət hüququ və malların təsadüfən itməsi, məhv olması və ya təsadüfən zədələnməsi riski alıcıya keçir təhvil-təslim anınadək qeyd edilən riski satıcı daşıyır. Müqavilənin 4.5-ci bəndinə əsasən satıcı müqavilənin 4-cü bəndi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək və çəkdiyi zərərin ödənilməsini satıcıdan tələb etmək hüququna malikdir. Bununla yanaşı malların geri qaytarılması ilə əlaqədar alıcıya dəyən zərəri satıcı tam həcmdə ödəməlidir. Müqavilənin 6.4-cü bəndinə əsasən zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni təsdiq edən müvafiq sübutları qarşı tərəfə təqdim etməlidir. xx.xx.2023-cü il tarixli 18 nömrəli Razılaşma protokoluna əsasən Cavabdeh sifarişçi İddiaçı MMC-yə LME – 100 ABŞ dollar dəyərində olan ümumi çəkisi 100 ton mis xurda və katod təhvil verməyi öhdəsinə götürmüş, cəmi məbləğ, ƏDV-si və yekun məbləğ göstərilməmişdir. “Sifarişçi” İddiaçı MMC ilə “Təchizatçı” "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MQV/GC-379/11/22 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini təchizatçı tam təfsilatı, təsviri, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr-Razılaşma protokolları ilə müəyyən olunan mallar ilə Sifarişçinin təchiz etməyi, sifarişçi isə malları qəbul edib onların müqavilə ilə razılaşdırılmış qiymətini Təchizatçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən təchizatçı malları Sifarişçiyə təhvil verdiyi gün Təhvil-təslim aktının və onun əsasında elektron qaimə-fakturanı da Sifarişçiyə təqdim etməlidir. Müqavilənin 6.1-ci bəndində əsasən müqavilə hər iki tərəfdən imzalandıqda müqavilənin birinci vərəqində qeyd olunmuş tərtib olunma tarixindən qüvvəyə minir və cari ilin sonuna (31 dekabr) qədər qüvvədə olur. xx.xx.2022-ci il tarixli 1 nömrəli Razılaşma protokoluna əsasən "xxxx" MMC sifarişçi İddiaçı MMC-yə 1 tonu 14229,85 manat olmaqla, 402989,35 manat dəyərində olan ümumi çəkisi 24 ton misi təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 4 nömrəli Razılaşma protokoluna əsasən "xxxx" MMC sifarişçi İddiaçı MMC-yə 1 tonu 13941,70 manat olmaqla, 411280,15 (348542.5 manat + 62737,65 manat ƏDV) manat dəyərində olan ümumi çəkisi 25 ton misi təhvil verməyi öhdəsinə götürmüşdür. (Həmin tarixin LME-si (8141 USD)+60 USD) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC vasitəsilə "xxxx" MMC-nin hesabına 348542.5 manat ödəmişdir. 21 fevral 2024-cü il tarixli **********28 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 270 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin sənədləşmə üzrə mütəxəssisi Səbinə Kərimova və Zamiq Əliyev arasında aparılan email yazışmasından görünür ki, Zamiq Əliyev tərəfindən “Bəli, Səbinə xanım məlumatım var, tədarük elədiyimiz ölkədə yeni şirkətdən bizə satış etdikləri üçün rəsmi prosedurlarda sıxıntı yaranıb, bz məhsul təhvil verərkən 1 maşınlıq fərqi kompensasiya edəcəyik. Hazırki nəticəyə görə planlayırıq ki, bir maşında hər ton başı əlavə 110 dollar kompensasiya edək” qeydi ilə cavab maili göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 645.1-ci maddəsinə əsasən əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 645.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC xx.xx.2021-ci il tarixli 31/21 nömrəli müqavilənin bağlanması, hazırda da müqavilənin ləğv edilməməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında göndərmə müqaviləsində irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, cavabdeh müqavilə əlavəsi olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolunda razılaşdırılmış qaydada və məbləğdə iddiaçıya mis xurda və katod satmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. İddiaçı tərəf Mülki Məcəllənin 451-ci maddəsinə istinad edərək müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsi nəticəsində istehsal zərurəti ilə əlaqədar "xxxx" MMCdən məcburi olaraq baha qiymətə 25 ton mis aldığını bildirmiş və bununla bağlı zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Əvvəla məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını iddiaçının istinad etdiyi Mülki Məcəllənin 451-ci maddəsi təşkil etmir. Çünki həmin maddə podrat münasibətlərindən irəli gələn öhdəliyin icra olunmaması nəticəsində yaranan zərərin ödənilməsini nəzərdə tutumuşdur. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 645.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbləri baxımından cavabdehin öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə iddiaçı müqavilədə nəzərdə tutulan malın əvəzinə "xxxx" MMC-dən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini cavabdehə qarşı irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdehin öhəliyi pozması nəticəsində müqavilənin ləğv edilməsi və ya bu barədə cavabdeh tərəfə öz iradə ifadəsini bildirməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, iddiaçı hazırda da həmin qiymətlə mal verə bildiyi halda cavabdehlə münasibətləri davam etdirməyə razı olduqlarını bildirmişdir. Bu isə tərəflər arasında müqavilənin ləğv edilmədiyini göstərir. Mülki Məcəllənin 645.1-ci maddəsində isə müqavilə ləğv edildikdən sonra başqa şəxsdən daha yüksək mal alındığı halda qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələb edilə bilər. Bundan başqa iddiaçı cavabdehin öhdəliyi pozması nəticəsində məcbur olub "xxxx" MMC ilə müqavilə bağladığını və 160 ABŞ dolları bahasına 25 ton mis aldığını bildirsə də, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə xx.xx.2021-ci il tarixdə, yəni cavabdehlə razılaşmadan təxminən bir il öncə bağlanmış və ilk dəfə xx.xx.2022-ci il tarixdə, 4-cü dəfə xx.xx.2023-cü il tarixdə alqı-satqı olmuşdur. Göründüyü kimi iddiaçının "xxxx" MMC-dən 25 ton mis alması cavabdehin öhdəliyi pozması nəticəsində olmamış, əvvəldən "xxxx" MMC ilə iddiaçı arasında bir neçə dəfə alqı-satqı olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1 nömrəli Razılaşma protokolu ilə iddiaçı "xxxx" MMC-dən 1 tonu 14229,85 manat olmaqla, 402989,35 manat dəyərində olan ümumi çəkisi 24 ton mis almış, xx.xx.2023-cü il tarixli 4 nömrəli Razılaşma protokolu ilə isə iddiaçı "xxxx" MMC-dən əvvəlkindən daha ucuz, 1 tonu 13941,70 manat olmaqla, 411280,15 manat dəyərində olan ümumi çəkisi 25 ton mis almışdır. Bütün bunlar cavabdehin müqavilə üzrə öhdəliyi pozması nəticəsində iddiaçının müqavilədən imtina edərək ləğv etmədiyini, başqa şəxsdən daha yüksək qiymətə mal almadığını göstərir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar