Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1905/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı “Dinçer və Carçıoğlu” BM-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Dinçer və Carçıoğlu” BM-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Dinçer və Carçıoğlu” birgə müəssisəsi iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22285 manat borcun və 200 manat mediasiya xərcinin alınaraq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mebel satışı ilə məşğul olduğuna görə “Dinçer və Carçıoğlu” BM-dən mebel materialları almışdır. Cavabdeh müştəri olaraq 2016-cı il tarixdən “Dinçer və Carçıoğlu” BM-dən mebel materialları (PVS, DSP, MDF və digər aksessuarları) sifariş verərək ödənişini vaxtındə müəssisənin hesabına ödəməklə, özünə qarşı şirkət rəhbərliyinin inam və ehtimadını qazanmışdır. Cavabdeh şirkət rəhbərliyinin səmimiyyətindən istifadə edərək 2019-cu ilin aprel ayında “Dinçer və Carçıoğlu” BM-dən ümumi dəyəri 22285 manat olan mebel materialları sifariş vermiş, lakin aldığı malın borcunu isə bu günədək ödəməmişdir. Borcla bağlı Cavabdehla dəfələrlə fərdi söhbətlər aparılsa da, onun yaşadığı ünvana rəsmi məktublar göndərilsə də, hər dəfə borcunu tezliklə ödəyəcəyinə söz versə də yenədə müxtəlif bəhanələr gətirməklə ödənişlərdən yayınmışdır. Müəssisənin hüquqşünasının iştirakı ilə 03.03.2021, 05.04.2021 və 16.12.2021-ci il tarixlərində borcun etiraf edilməsinə və ödənilməsinə dair birgə akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Dinçer və Carçıoğlu” BM-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 mart 2021-ci il tarixli iddiaçı “Dinçer və Carçıoğlu” ilə Cavabdeh arasında borcun etiraf edilməsinə dair aktdan görünür ki, Cavabdeh 05 yanvar 2020-ci il tarixindən yaranmış 22285 manat borcunun 05 aprel 2021-ci il tarixində 10000 manatını ödəyir, qalmış 12285 manat borcunu isə hissə-hissə ödəməsini öhdəsinə götürür və hər ay 2000 manat ödəməklə 06 sentyabr 2021-ci il tarixə kimi tam ödəyəcəyini təsdiq edir. 05 aprel 2021-ci il tarixli iddiaçı “Dinçer və Carçıoğlu” ilə Cavabdeh arasında borcun etiraf edilməsinə dair aktdan görünür ki, Cavabdeh şirkətdən aldığı mebel materiallarına (PVS, DSP, MDF) və digər mebel aksessuarlarına görə 05.01.2020-ci il tarixindən yaranmış 22285 manat borcunu etiraf edərək 30 aprel 2021-ci il tarixində 10000 manatını ödəyir, qalmış 12285 manat borcunu isə hissə-hissə ödəməyi öhdəsinə götürür və hər ay 2000 manat ödəməklə 30 sentyabr 2021-ci il tarixə kimi tam ödəyəcəyini təsdiq edir. 16 dekabr 2021-ci il tarixli iddiaçı “Dinçer və Carçıoğlu” ilə Cavabdeh arasında borcun etiraf edilməsinə dair aktdan görünür ki, Cavabdeh şirkətdən aldığı mebel materiallarına (PVS, DSP, MDF) və digər mebel aksessuarlarına görə 16.04.2012-ci il tarixindən yaranmış 22285 manat borcunu etiraf edərək 30 yanvar 2022-ci il tarixdə cavabdeh 500 manat məbləğində borcun ödənilməsini öz öhdəsinə götürür və hər ay 500 manat ödəməklə 30 yanvar 2025-ci il tarixinə kimi borcu tam ödəyəcəyini təsdiq edir. Cavabdeh tərəfindən iddiaçı “Dinçer və Carçıoğlu” BM-ə verilən iltizamdan görünür ki, Cavabdeh “Dinçer və Carçıoğlu” BM-ə olan 22285 manat borcunu ödəmək üçün 30 yanvar 2022-ci il tarixindən gec olmayaraq hər ay 500 manat borcu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 567-ci maddələri). “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi iddiaçı “Dinçer və Carçıoğlu” BM ümumi dəyəri 22285 manat olan mebel materiallarını Cavabdeh təhvil vermiş, lakin Cavabdeh mebel materiallarının dəyərini iddiaçıya ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh 22285 manat məbləğində pul vəsaiti, həmçinin ilkin mediasiya sessiyası ilə bağlı çəkilən 200 manat məbləğində xərc, ümumilikdə 22485 manat məbləğində pul tutularaq iddiaçı “Dinçer və Carçıoğlu” BM-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22285 manat məbləğində borc, həmçinin ilkin mediasiya sessiyası ilə bağlı çəkilən 200 manat məbləğində xərc, ümumilikdə 22485 manat məbləğində pul tutularaq iddiaçı “Dinçer və Carçıoğlu” BM-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1905/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1905/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver