Məhkəmə qərarları › İş №e-2-2(113)-1905/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1905/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1905/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.658,61 manat məbləğində pulun, habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış 078/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), İddiaçı Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli elektron qaimələrə və əmtəə nəqliyyat qaimələrinə əsasən müəyyən edilmişdir ki, Cavabdehna 22.680,76 (iyirmi iki min altı yüz səksən manat 76 qəpik) azn dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 5.022,15 (beş min iyirmi iki manat 15 qəpik) azn pul ödəmiş, qalıq 17.658,61 (on yeddi min altı yüz əlli səkkiz manat altmış bir qəpik) AZN isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 17.658,61 (on yeddimin altı yüzəllisəkkiz manat altmış bir qəpik) AZN borcu mövcud olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsa da ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Ağalarov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında hazırkı müqavilə üzrə xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixədək dövriyyə 118730,61 manat olmuş, cavabdeh tərəfindən 101572 manat ödəniş edilmiş, qalıq borc isə iddia verilən tarixə 17158,61 manat olmuşdur. Malların bir qismi cavabdehə verilən zaman cavabdeh vergi ödəyici olmadığı üçün ona elektron qaimə təqdim edilməmişdir. Cavabdeh tərəfindən onlara məhkəmə icraatı dövründə (xx.xx.2024-cü ildə) 500 manat pul ödənilmiş, məhkəmədən nəzərə alınmasını xahiş edir.

4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən (11300 manat hissədə) qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə uzun müddətdir ki, əməkdaşlıq edir, ödənişləri həmişə iddiaçının satış təmsilçisinə vermiş, həmin təmsilçi onu iddiaçıya təqdim etmişdir. Tərəfindən ona verilən malların dəyərinin əksər hissəsi ödənilmiş, qalıq borc olan 11300 manatı isə ayda 500 manat olmaqla ödəyə bilər. Ödənişləri satış təmsilçisinə nağd qaydada vermiş, müqabilində hər hansı sənəd almamışdır. Bu səbəbdən iddia etdiyi ödənişlərə dair sənəd təqdim edə bilmir. Əlavə olaraq tərəfindən məhkəmə icraatı dövründə (xx.xx.2024-cü ildə) 500 manat pul ödənilmiş, məhkəmədən nəzərə alınmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 078/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən “satıcı” bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən Norm sement məhsulları “alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “alıcı” isə həmin “mallar”ı qəbul edərək, müvafiq əmtəə-nəqliyyat qaiməsində və müqavilədə “mal”ın müəyyənləşdirilmiş dəyərini “satıcı”ya ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə malların bir tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 155 manat və “Klass B” markası üçün isə 140 manat təşkil edir.

8. Müqavilənin 2.3-cü bəndinə əsasən “alıcı” əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi “malların” dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə “mal”ın “alıcı” tərəfindən öz anbarına təhvil alındığı andan etibarən 15 iş günü ərzində “satıcıya” tam ödənilməsini təmin etməlidir.

9. Müqavilənin 2.4-cü bəndinə əsasən “alıcı” tərəfindən “malların” dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə nağdsız ödəniş formasında “satıcıya” ödənilməlidir.

10. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi ilə 16 ədəd 25600 kg çəkidə mal, xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi ilə 17 ədəd 27200 kg çəkidə mal, xx.xx.2022-ci il əmtəə-nəqliyyat qaiməsi ilə 16 ədəd 25600 kg çəkidə, xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi ilə 16 ədəd 25600 kg çəkidə mal cavabdehə təhvil verilmişdir.

11. İddiaçı tərəfindən cavabdehə EBBV 698074 nömrəli xx.xx.2022-ci il tarixli 4480,15 manat, EBBZ 311371 nömrəli xx.xx.2022-ci il tarixli 4480,15 manat, EBCA 323114 xx.xx.2022-ci il tarixli 4480,15 manat, EBCC 168176 nömrəli xx.xx.2022-ci il tarixli 4760,16 manat, EBCH 261078 nömrəli xx.xx.2022-ci il tarixli 4480,15 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

12. İddiaçı tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixində 4760 manat, xx.xx.2022-ci il tarixində 4480 manat, xx.xx.2022-ci il tarixində 350 manat, xx.xx.2022-ci il tarixində 4130 manat, xx.xx.2022-ci il tarixdə 4480 manat, xx.xx.2022-ci il tarixdə 4940 manat məbləğində ödəniş olmuşdur.

13. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən cavabdehə xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə olan dövrə kimi 118 730,61 manat dəyərində mal göndərilmiş və həmin puldan 101572 manat ödəniş olmuş, qalıq borc isə 17 158,61 manat olmuşdur.

14. Cavabde tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdə 500 manat pul ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 078/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

21. Bununla yanaşı, materiallardan görünür ki, cavabdeh tərəfindən yaranmış borc üzrə xx.xx.2024-cü il tarixdə 500 manat məbəğində ödəniş olmuş və qalıq borc hazırda 17158,61 manat (17658,61 manat – 500 manat) təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 17158,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

22. Cavabdeh tərəfindən məhkəməyə əlavə olaraq ödənilməsini iddia etdiyi 6358,61 manatın ödənilməsini təsdiq edən sübut təqdim edilə bilinməmişdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehə aid edilməli, qalan 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17158,61 manat pul, 150 manat dövlət rüsumu, ümumilikdə 17308,61 (on yeddi min üç yüz səkkiz manat altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar